MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Mayın 13-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi. Komitə sədri Nizami Cəfərov iclası açaraq bildirdi ki, gündəliyə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi barədə məsələ daxil edilib.
Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova məsələ barədə məlumat verdi. Bildirildi ki, “İctimai televiziya və radio yayımı haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş üzvlərinin 6 illik səlahiyyət müddəti 2015-ci il 14 aprel tarixində başa çatıb. Bununla əlaqədar olaraq Milli Televiziya və Radio Şurası tərəfindən zəruri təşkilati tədbirlər görülüb. Keçirilmiş iclaslarda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlər irəli sürülüb.
Qeyd edildi ki, bu dəfə Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, “Neuron Tecnologies” MMC-nin baş direktoru İsmayıl Ələkbərov, gənclər təşkilatları tərəfindən “İrəli” İctimai Birliyinin nümayəndəsi Mirhəsən Seyidov, “Sağlam gəncliyə doğru” İctimai Birliyinin təmsilçisi Turqay Həsənəliyev, eyni zamanda Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasından Sevil Yusifova və “Qadın Liderliyi Uğrunda” İctimai Birliyindən Ülkər Abdullayeva namizəd qismində təqdim olunublar. Sonra adları təklif olunan şəxslər haqqında məlumat verildi. Onların peşə və ictimai fəaliyyəti təqdirəlayiq hesab edildi.
İclasın sonunda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvlərinin təyin edilməsi ilə bağlı məsələ baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti