MİLLİ MƏCLİSDƏ DİNLƏMƏLƏR
Mayın 13-də Milli Məclisdə I Avropa Oyunları ərəfəsində Avropa Parlamenti deputatlarının Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyası ilə əlaqədar dinləmələr keçirildi. Tədbirə deputatlar, bir sıra QHT-lərin və mətbuat orqanlarının rəhbərləri, jurnalistlər qatılmışdılar.
Tədbiri açan Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev dedi ki, ölkəmiz üçün böyük hadisə olan I Avropa Oyunlarına biz dostluq, sülh, ictimai anlaşma, mədəniyyətlərarası dialoqun inkişafı kimi baxırıq. Ölkəmiz bu möhtəşəm idman bayramına ciddi hazırlıq görüb. Lakin Azərbaycanın nailiyyətlərini gözü götürməyən bir sıra qruplar, ermənipərəst siyasətçilər ikili standartlardan əl çəkmir, ölkəmizdə insan hüquqlarının guya pozulduğunu iddia edərək absurd təkliflər irəli sürür, hər vəchlə bu hadisənin baş tutmamasına çalışırlar.
Dinləmələrdə fikirlərini bölüşən Milli Məclis Sədrinin müavini, Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri Valeh Ələsgərov dedi ki, Avropa Parlamentindəki bəzi deputatların illər boyu Azərbaycana qarşı təbliğat aparması təəssüf doğurur. Onların bu cür çirkin yollara əl atmasının səbəbi Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inkişaf etməsi, bütün təzyiqlərə baxmayaraq öz maraqlarına uyğun müstəqil siyasət yürütməsi, bəzi dövlətlər kimi ələbaxım olmamasıdır.
Valeh Ələsgərov bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün bir sıra platformalar olduğu halda Avropa Parlamenti deputatlarının belə addımlara əl atmaları Azərbaycana olan qərəzli münasibətin göstəricisidir. Bu qərəzliliyin təməlində duran ən başlıca amil isə etnik və dini fərqlilikdir.
Sonra tədbirdə məruzələr dinlənildi. “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Azərbaycan-Avropa İttifaqı əlaqələri və Avropa Parlamentindəki bəzi qruplaşmaların pozuculuq fəaliyyəti”, Orta Asiya və Güney Qafqaz söz azadlığı şəbəkəsinin sədri Azər Həsrət “Avropa İttifaqı ölkələrində insan hüquq və azadlıqlarının vəziyyəti. Ksenofobiya və islamofobiya təzahürlərinin güclənməsi”, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev “Qərb ölkələrində beynəlxalq dövlətlərarası, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının fəaliyyətində korrupsiya halları”, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İctimai Birliyinin sədri Sahib Məmmədov “Hüquq müdafiə təşkilatları – müstəqil siyasət yürüdən dövlətlərə təzyiq vasitəsi rolunda” mövzularında məruzə etdilər.
Müzakirələrdə deputatlar Asim Mollazadə, Məlahət İbrahimqızı, Fuad Muradov, Rövşən Rzayev, Çingiz Qənizadə, dinləmələrdə iştirak edən QHT və media təmsilçiləri Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasını qətiyyətlə pislədilər, konkret faktlara istinadən Avropa ölkələrində insan haqlarının mütəmadi olaraq pozulduğunu dilə gətirdilər, ölkəmizə qarşı yönəldilmiş ideoloji müharibənin qarşısını almaq üçün təkliflərini diqqətə çatdırdılar.
Dinləmələrdə səmərəli fikir mübadiləsi aparıldı.
Milli Məclisin
Mətbuat xidməti