REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
15 may 2015 | 07:05   
Paylaşın:        

Mayın 15-də Milli Məclisin Regional məsələlər komitəsinin  növbəti  iclası keçirildi.  Komitə sədri Arif  Rəhimzadə bildirdi ki, bugünkü iclasda “Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə” qanun layihəsinə baxılacaq.
Arif Rəhimzadə qanun layihəsini şərh  edərkən qeyd  etdi ki,  bu layihə uzun müddətli  müzakirələrdən sonra ərsəyə gəlib. Layihədə 17 rayon üzrə 31 yaşayış məntəqəsinin adının dəyişdirilməsi nəzərdə tutulur. İclasda  vurğulandı ki, sənədin  üzərində  iş  üç  istiqamətdə  aparılıb. Birincisi,  15 rayonda 27-dən çox eyniadlı yaşayış məntəqələri mövcuddur ki, həmin yerlərin  adlarının dəyişdirilməsi zərurəti vardı. Məsələn, Kəlbəcər rayonunda 3,  Gədəbəydə 4, Cəlilabadda 3, Tərtərdə 4  belə yaşayış məntəqəsi  var ki, bu da poçt, bank və digər  xidmət  sahələrinin  fəaliyyəti   üzrə  çoxsaylı problemlər  yaradır. İkincisi, 2 rayonda əhalinin istəyi ilə  bir  sıra yaşayış məntəqələrinin adlarının dəyişdirilməsidir.  Bu yaşayış məntəqələrinin adlarındakı  dəyişikliklərin öz  növbəsində  müəyyən inzibati-ərazi dairələrinin adlarının dəyişdirilməsinə səbəb olması isə üçüncü  istiqamətdir.
İclasda çıxış edən Toponimiya Komissiyasının  sədr əvəzi  Teymur  Bünyadov,  deputatlardan Fəttah Heydərov,  Rüstəm Xəlilov, Fəzail İbrahimli, Qalib Salahzadə  sənəddə  edilən  dəyişiklikləri razılıqla qarşıladılar.
Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU