MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
15 may 2015 | 07:05   
Paylaşın:        

Mayın 15-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəlik təsdiqləndikdən sonra müzakirələrə başlandı.
İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Reklam haqqında” qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, işçi qrupu ikinci oxunuşda verilən təklifləri diqqətlə araşdırıb, qanunun təkmilləşməsinə xidmət edən bütün irad və təklifləri maksimum nəzərə alıb. Reklam xidmətinə dövlət nəzarətinin gücləndirilməsi baxımından müxtəlif icra hakimiyyəti orqanlarının, o cümlədən İqtisadiyyat və Sənaye, Gənclər və İdman, Mədəniyyət və Turizm, Səhiyyə nazirliklərinin təklifləri müzakirə olunub və layihədə müvafiq dəyişikliklər edilib. Nəticədə 4 fəsil 39 maddədən ibarət olan qanun layihəsi xeyli təkmilləşib. Layihə hazırlanarkən reklam sahəsində fəaliyyət göstərən subyektlərin maraqlarının uzlaşdırılmasına, bürokratik maneələrin yaranmasının qarşısının alınmasına xüsusi diqqət yetirilib. 
Fikir mübadiləsindən sonra deputatlar qanun layihəsini üçüncü oxunuşda qəbul etdilər.
İclasda İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif olunan dəyişiklikləri şərh etdi. Bildirildi ki, yeni layihə Mərkəzi Bankın fəaliyyəti nəticəsində yarana biləcək  kapital çatışmazlığının aradan qaldırılması mexanizmini təkmilləşdirmək məqsədilə hazırlanıb. Layihəyə əsasən, bundan sonra Mərkəzi Bankın kapital ehtiyatları onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq və qurumun illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürüləcək. Komitə sədri deputatların nəzərinə çatdırdı ki, manatın məzənnəsinin və qızılın dəyərinin dəyişməsi ilə əlaqədar  qanunun 13-cü maddəsində xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin Mərkəzi Bankın kapital ehtiyatları hesabına ödənilməsi məqsədəuyğun sayılıb. Həmçinin yeni redaksiyada verilən 14.2-ci maddəyə görə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.
Deputatlar layihəyə dair fikirlərini bölüşdükdən sonra Milli Məclis səsvermə yolu ilə qanunu qəbul etdi.
Plenar iclasda Mülki Məcəllədə dəyişikliklər edilməsinə dair  qanun layihəsini təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu sənəd sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin imzaladığı 3 mart 2014-cü il tarixli Fərmanla əlaqədar olub qanunvericiliyin sadələşdirilməsinə xidmət edir. Məcəlləyə əlavə olunan 49-1-ci maddə korporativ idarəetmənin təkmilləşdirilməsinə və investorların maraqlarının qorunmasına yardımçı olacaq, sahibkarlıq fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə təkan verəcək.
Parlament qanun layihəsini səsvermə yolu ilə qəbul etdi.
“Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi təqdim edilərkən bildirildi ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan hüquqları komitəsi ilə birgə iclasında deputatlar bu qanun layihəsinə dair xeyli səmərəli təkliflər irəli sürüblər. Həm redaktə xarakterli, həm də səsləndirilən digər vacib təkliflər nəzərə alınaraq layihə yenidən işlənib.  Komitə sədri Əli Hüseynli dedi ki, bu qanunun qəbulu Azərbaycanda vətəndaş-dövlət münasibətlərinə töhfə olacaq.
Sənəd ikinci oxunuşda əsas kimi qəbul edilərək müzakirə olundu. Çıxışlarda bu vacib qanunun yüksək səviyyədə hazırlandığı vurğulandı, bir sıra yeni təkliflər irəli sürüldü.
Geniş fikir mübadiləsinin yekununda “Vətəndaşların müraciətləri haqqında” 17 maddədən ibarət qanun layihəsi öncə maddə-maddə səsə qoyularaq qəbul edildi, sonra bütövlükdə ikinci oxunuşda qəbul olundu. 
İclasda 12 fəsil, 92 maddədən ibarət “Qiymətli kağızlar bazarı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Komitə sədri Ziyad Səmədzadə qeyd etdi ki, Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı sahəsində son illər mühüm nailiyyətlər əldə olunub. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən “2011-2020-ci illərdə Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı” təsdiq edilib. Bu proqrama müvafiq olaraq qiymətli kağızlar bazarında xeyli müsbət dəyişikliklər baş verib. Bunlar da bütövlükdə Azərbaycan dövlətinin dinamik inkişafına öz təsirini göstərib. Təqdim edilən qanun layihəsi, heç şübhəsiz ki, ölkəmizdə gələcəkdə qiymətli kağızlar bazarının inkişafına xidmət edəcək və milli iqtisadiyyatımızın inkişafına müsbət təsirini göstərəcək.
Deputatlar mükəmməl hazırlanmış bu sənədi ikinci oxunuşda qəbul etdikdən sonra iclasda qanun layihəsinə dair heç bir irad və təklif səslənmədiyi üçün onun üçüncü oxunuşda da səsə qoyulmasını təklif etdilər. Beləliklə, “Qiymətli kağızlar bazarı haqqında” qanun layihəsi bugünkü iclasda üçüncü oxunuşda da qəbul edildi.
Plenar iclasın yekununda “Qiymətli kağızlar bazarı haqqında” yeni qanunla əlaqədar Azərbaycanın Mülki Məcəlləsinə təklif olunan dəyişikliklərə baxıldı. Əli Hüseynlinin məlumatı dinlənildikdən sonra  Mülki Məcəllədə törəmə maliyyə alətləri, çek və veksel, çekin təminat tələbi, saxta çek, sənədli qiymətli kağızlar, istiqraz, ipoteka istiqrazları, daşınmaz əmlak sertifikatı və digər maddələrə edilən dəyişikliklər  qəbul olundu.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU