İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Komitə iclasları
20 may 2015 | 04:05   
Paylaşın:        
Mayın 20-də Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin edilməsi barədə qanun layihəsi müzakirə olundu.
Çıxış edən komitə sədri Ziyad Səmədzadə bildirdi ki, 2014-cü il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub və qarşıya qoyulan hədəflərə nail olunub.
2014-cü il dövlət büdcəsinin icrasına dair məlumatları açıqlayan maliyyə nazirinin müavini Azər Bayramov diqqətə çatdırdı ki, dünyadakı qeyri-sabit iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub. 2013-cü illə müqayisədə 2014-cü ildə 2,8% çox Ümumi Daxili Məhsul istehsal olunub. Ötən il qeyr-neft sektorunda 7%-lik real artıma nail olunub. Bununla da, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61%-dək yüksəlib. ÜDM-in 39%-i neft-qaz sektorunun payına düşüb ki, bu da 2013-cü ilə nisbətən 2,9% artım deməkdir.
Nazir müavini qeyd etdi ki, 2014-cü ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların 72,3%-i daxili investisiyaların payına düşüb. Bununla da, daxili investisiyalar xarici investisiyaları xeyli üstələyib. Hesabat dövründə orta aylıq əmək haqları 4,5% artaraq 444,3 manat təşkil edib. 2013-cü illə müqayisədə əhalinin gəlirləri 4,8% artıb və hər nəfərə düşən gəlirlərin artımı 3,5% olub ki, bu da inflyasiyadan 2,1% çoxdur.
Azər Bayramov bildirib ki, ötən il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manatlıq proqnoza qarşı 18 mlrd. 400 mln. 565 min manat olub. Bu da nəzərdə tutulandan 16,6 milyon manat çoxdur. Beləliklə, proqnoza 100,1% əməl olunub. Hesabat dövründə büdcə xərcləri 20 mlrd. 063 mln. manatlıq proqnoza qarşı 18 mlrd. 708 mln. 999 min 987 manat və yaxud 93,3% icra edilib. Büdcə kəsiri isə 308 milyon 434 min 756 manat səviyyəsində göstərilib. 2014-cü ilin icmal büdcənin gəlirləri 21 mlrd. 985,9 mln. proqnoza qarşı 23 mlrd. 82,2 mln. manat və yaxud 105%, xərcləri isə 24 mlrd. 444 mln. proqnoza qarşı 21 mlrd. 417,7 mln. manat və yaxud 87,6% icra olunub. İcmal büdcədə 1 mlrd. 664,5 mln. büdcə artıqlığı (profisit) yaranıb.
Çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Rüfət Quliyev, Ayaz Orucov, Çingiz Əsədullayev 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.
Sonra iclasda “Avtomobil nəqliyyatı haqqında” Qanun layihəsinə təklif olunan dəyişikliklər müzakirə edildi. Qeyd olundu ki, bu dəyişikliklər avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, sərnişin və yük daşımaları qaydalarının, bu xidmət növünün lisenziyalaşdırılması şərtlərinin daha da təkmilləşdirilməsinə xidmət edir.
Müzakirələrdən sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU