AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
25 may 2015 | 03:05   
Paylaşın:        

Mayın 25-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov iclas iştirakçılarının nəzərinə çatdırdı ki,  gündəliyə iki məsələ -  Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri daxil edilib.
Komitə sədri bildirdi ki, təklif olunan dəyişikliklərin məqsədi torpaqların qeyri-qanuni zəbt edilməsinin, onlardan təyinatı üzrə istifadə edilməməsinin və kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliyin tələblərini sərtləşdirməkdir.
Sonra parlament Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini-aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə müzakirəyə təqdim olunan sənədlər barədə məlumat verdi. Qeyd edildi ki, ölkə başçısı tərəfindən Milli Məclisə göndərilmiş qanun layihələri torpaqların, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına, onlardan qanunsuz istifadə edilməsinə görə cinayət və inzibati məsuliyyəti müəyyən edən qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur. Belə ki, Cinayət Məcəlləsinin “Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma” adlanan maddəsinə təklif olunan dəyişikliyə görə, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, yəni torpaq sahəsinin hasarlanması, becərilməsi, üzərində tikinti və ya quraşdırma işlərinin aparılması, yaxud həmin torpaqdan istifadə edilməsinə başqa üsullarla mane olma 1500 manatdan 3000 manatadək cərimə və ya 240 saatdan 400 saatadək ictimai işlər, ya da bir il müddətinə islah işləri, yaxud  eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilən əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə cəza bir qədər  sərtləşdirilərək 3000 manatdan 5000 manatadək cərimə və ya iki ilədək islah işləri, ya da eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər təkrar olunduqda isə 5000 manatdan 7000 manatadək cərimə və ya bir ildən 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulur.
Cinayət Məcəlləsinin digər müvafiq maddəsində edilən dəyişikliyə əsasən, vəzifəli şəxslər tərəfindən dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəyə verilməsi haqqında qanunsuz qərar qəbul edildikdə  üç il müddətinə müəyyən vəzifə tutma  hüququndan məhrum edilməklə, iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə isə qeyd edilir ki,  torpaq sahəsinin təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə  fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3000 manat məbləğində cərimə edilir. Bu xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə cəza sərtləşdirilərək müvafiq olaraq cərimənin miqdarı  500, 1000 və 5000 manat təşkil edir.
İclasda çıxış edən deputatlar Eldar Quliyev, Novruzəli Aslanov,  Ərəstun Cavadov, Arif Əşrəfov, İqbal Məmmədov, Mahir Aslanov, Tahir Süleymanov qanun layihələri barədə fikirlərini açıqladılar, təklif olunan dəyişikliklərin əhəmiyyətli olduğunu vurğuladılar.
Müzakirələrin sonunda hər iki sənəd Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU