MİLLİ MƏCLİSİN YAZ SESSİYASI BAŞA ÇATDI
Mayın 29-da Milli Məclisin yaz sessiyasında sonuncu iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov mayın 19-da Bakı şəhərində yaşayış binasında baş vermiş yanğın hadisəsini xatırladaraq qeyd etdi ki, hadisə nəticəsində 15 nəfər həlak olmuş, onlarca insan yaralanmışdır. Prezident İlham Əliyev hadisəyə dərhal reaksiya vermiş, hadisəylə əlaqədar dövlət komissiyası yaradılmış və araşdırma aparılır. Milli Məclisin Sədrinin təklifi ilə hadisədə həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra deputatlar gündəlikdəki məsələlərin müzakirəsinə başladılar.
Əvvəlcə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında məsələ müzakirə edildi. Namizədliyi Sahibkarlar Şurası tərəfindən verilmiş Vüqar Zeynalov, namizədliyi gənclər təşkilatları tərəfindən verilmiş Mirhəsən Seyidov və namizədliyi qadın cəmiyyətləri tərəfindən verilmiş Sevil Yusifova İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü vəzifəsinə təsdiq olundular.
Sonra “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı. Məsələ barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev bildirdi ki, 2014-cü ildə Azərbaycan öz iqtisadi inkişaf tempini qoruyub saxlamış, qarşıya qoyulmuş hədəflərə nail olunmuşdur.
Sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2014-cü ilin dövlət büdcəsinin icrasına dair Palatanın rəyini açıqladı və büdcənin icra vəziyyətini yüksək qiymətləndirdi.
Daha sonra 2014-cü il dövlət büdcəsinin icrasına dair məlumatları açıqlayan maliyyə naziri Samir Şərifov diqqətə çatdırdı ki, dünyadakı qeyri-sabit iqtisadi vəziyyətə baxmayaraq, 2014-cü ildə Azərbaycanda 2013-cü illə müqayisədə 2,8% çox Ümumi Daxili Məhsul istehsal edilib, qeyri-neft sektorunda 7%-lik real artıma nail olunub. Bununla da, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61%-dək yüksəlib. ÜDM-in 39%-i neft-qaz sektorunun payına düşüb ki, bu da 2013-cü ilə nisbətən 2,9% artım deməkdir.
Nazir qeyd etdi ki, 2014-cü ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların 72,3%-i daxili investisiyaların payına düşüb. Bununla da, daxili investisiyalar xarici investisiyaları xeyli üstələyib. Hesabat dövründə orta aylıq əmək haqqı 4,5% artaraq 444,3 manat təşkil edib. 2013-cü illə müqayisədə əhalinin gəlirləri 4,8% artıb və hər nəfərə düşən gəlirlərin artımı 3,5% olub ki, bu da inflyasiyadan 2,1% çoxdur.
Samir Şərifov bildirdi ki, ötən il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manatlıq proqnoza qarşı 18 mlrd. 400 mln. 565 min manat olub. Bu da nəzərdə tutulandan 16,6 milyon manat çoxdur. Beləliklə, proqnoza 100,1% əməl olunub. Hesabat dövründə büdcə xərcləri 20 mlrd. 063 mln. manatlıq proqnoza qarşı 18 mlrd. 709 mln. manat və yaxud 93,3% icra edilib. Büdcə kəsiri isə 308 milyon 434,8 min manat səviyyəsində olub. 2014-cü ilin icmal büdcənin gəlirləri 21 mlrd. 985,9 mln. proqnoza qarşı 23 mlrd. 82,2 mln. manat və yaxud 105%, xərcləri isə 24 mlrd. 444 mln. proqnoza qarşı 21 mlrd. 417,7 mln. manat və yaxud 87,6% icra olunub.
Müzakirələr zamanı deputatlar büdcənin icrası barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər. Müzakirələrdən sonra sənəd səsə qoyularaq təsdiqləndi.
Sonra millət vəkilləri "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 15 yanvar 2015-ci il tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair" Birgə Bəyanatı, "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannaməni,
Azərbaycanla Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Sazişi, "Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında 1995-ci il 26 may tarixli Sazişin qüvvəsinin dayandırılması barədə Protokol"u təsdiq etdilər. Bildirildi ki, bu beynəlxalq sənədlər ölkəmizin beynəlxalq əlaqələrinin daha da inkişafına kömək edəcəkdir.
İclasda “Yol hərəkəti haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli qanunlarında, "Pasportlar haqqında" Qanunda dəyişikliklər edildi. Bildirildi ki, birinci qanuna təklif olunan dəyişiklik Vergi Məcəlləsinə uyğunlaşdırma məqsədi daşıyır, ikinci və üçüncü təklif olunan dəyişikliklər isə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə 2014-cü il 17 oktyabr tarixli Qanunun tətbiqi ilə əlaqədardır.
İclasda Miqrasiya, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilməsi haqqında məsələlərə də baxıldı. Bildirildi ki, Miqrasiya Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər isə yetkinlik yaşına çatmayanların zorakılıqdan qorunmasının daha da gücləndirilməsi məqsədi ilə edilir. Azyaşlılara qarşı törədilən cinsi xarakterli cinayətlərə görə məsuliyyət fərqləndirilir və daha ciddi cəzalar müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinə edilən
dəyişikliklər isə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 1.2.10-cu yarımbəndinin (valideyn məsuliyyətinin artırılması və valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi) icrası ilə əlaqədardır.
Cinayət Məcəlləsinə təklif edilən digər bir dəyişikliyə əsasən isə “Güclü təsir edən maddələr, zəhərli maddələr və onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” qanun layihəsinin hazırlanması nəzərdə tutulur.
Təklif olunan dəyişikliklər qəbul edildikdən sonra deputatlar "Mühasibat uçotu haqqında" Qanuna da dəyişiklik etdilər. Bildirildi ki, dəyişiklik “Siyasi partiyalar haqqında” Qanuna uyğunlaşdırılma üçün edilir.
Sonra iclasda Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş bələdiyyələrin siyahısında dəyişikliklər edilməsi barədə məsələlər də təsdiqləndi.
İclasda "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlara da dəyişikliklər edildi. Bildirildi ki, birinci qanuna təklif olunan dəyişiklik çağırışdan möhlət hüququnun verilməsi ilə əlaqədar xarici ölkələrin təhsil müəssisələrinin siyahısının dəqiqləşdirilməsini əhatə edir. İkinci qanuna edilən dəyişikliklər isə avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, sərnişin və yük daşımaları qaydalarının, bu xidmət növünün lisenziyalaşdırılması şərtlərinin daha da təkmilləşdirilməsinə xidmət edir.
Sonra çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bu gün biz Milli Məclisin yaz sessiyasına yekun vururuq. Görülmüş işlər barəsində qısaca bunu söyləyə bilərik ki, sessiya ərzində parlamentin fəaliyyəti səmərəli olmuşdur. 10 iclasda 134 qanun və qərar qəbul edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin qanunvericilik bazası daha da möhkəmləndirilmişdir.
Parlamentin beynəlxalq əlaqələrinin inkişafı üçün lazımi tədbirlər görülmüşdür. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər. Sessiya ərzində təqribən 165 nəfərdən ibarət 70-ə qədər nümayəndə heyəti 30 ölkədə səfərdə olmuşdur. Millət vəkillərimiz Qazaxıstanda keçirilən prezident seçkilərini, Tacikistanda keçirilən parlament seçkilərini müşahidə etmişlər.
Bu sessiyada 35-ə qədər xarici dövlətin və beynəlxalq təşkilatın təqribən 350 nəfərdən ibarət 50-dən çox nümayəndə heyəti Milli Məclisdə olmuşdur.
Milli Məclisin Sədri 2015-ci ilin birinci yarısını uğurla başa çatdırmaları münasibətilə millət vəkillərinə təşəkkür etdi, qarşıdan gələn Avropa Oyunlarında idmançılarımıza uğurlar arzuladı. Parlamentin sədri yaz sessiyasını bağlı elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Bununla da Milli Məclisin yaz sessiyası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti