Bakıda Avronest PA-nın Enerji təhlükəsizliyi üzrə komitəsinin iclası keçirildi

Komitə iclasları
02 aprel 2012 | 06:04   
Paylaşın:        

Aprelin 2-də Avronest PA-nın ikinci sessiyası çərçivəsində qurumun Enerji təhlükəsizliyi üzrə komitəsinin iclası keçirildi. İclası açan komitənin Azərbaycan üzrə həmsədri, Milli Məclisin deputatı Fuad Muradov Avronest PA-nın sessiyasının ölkəmizdə keçirilməsini yüksək qiymətləndirdi və tədbirin işinə uğurlar arzuladı.
İclasda məruzə ilə çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirdi ki, ölkəmizdə son 20 ildə neft və qaz sənayesinin inkişafında böyük işlər görülmüşdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi neft strategiyasının uğurlu nəticəsi kimi  1994-cü ilin sentyabr ayında Qərbin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanmışdır. Məhz bundan sonra Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının dənizdən və qurudan çıxarılması üçün investisiyalar qoyulmuş və qarşılıqlı faydalı əməkdaşlığa başlanmışdır. Bu günə kimi Azərbaycanın neft sənayesinə 35 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Neftin hasilatı ilə yanaşı, onun nəqli məsələsini də Azərbaycan uğurla həll etmişdir. 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri vasitəsi ilə Avropa ölkələrinə xam neft daşınır. Lakin bu yeganə ixrac kəməri deyil. Azərbaycan nefti Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri vasitəsi ilə də ixrac olunur.
 Natiq Əliyev bildirdi ki, Azərbaycan həm də iri qaz yataqlarına malikdir və hasil olunan qazın Transanadolu qaz kəməri vasitəsilə Türkiyə üzərindən Avropaya nəqli nəzərdə tutulmuşdur. Bu marşrutun işə düşməsindən sonra Azərbaycan qazını Şərqi Avropa ölkələri də ala biləcəklər.
Nazir diqqətə çatdırdı ki, neft və qaz ixracından əldə edilən gəlirlər düşünülmüş qaydada reallaşdırılır. Bu vəsaitlə Azərbaycan hökuməti ölkənin sosial problemlərini həll edir, iqtisadi infrastruktur yaradılır, sosial proqramlar həyata keçirilir. Təsadüfi deyildir ki, dünyanı bürümüş iqtisadi böhranın Azərbaycana təsiri çox az olmuşdur. Ölkədə hər il əmək haqları və pensiyalar artırılır. Neft gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldilir və yeni iş yerləri  yaradılır.
Nazir qeyd etdi ki, göründüyü kimi, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bütün bu layihələr Azərbaycanın Avropaya inteqrasiya olunmasını gücləndirən amillərdir.
Sonra məruzə ətrafında müzakirələr oldu. Çıxış edənlər Azərbaycanın neft gəlirlərindən səmərəli istifadəni, şəffaflığın təmin olunmasını, neft gəlirlərinin insan kapitalına yönəldilməsini, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu xüsusilə yüksək qiymətləndirdilər, Azərbaycanın bu sahədəki təcrübəsinin digər ölkələr üçün də nümunə olduğunu vurğuladılar.
Sonra iclasda Azərbaycanın  neft və qaz sənayesinin perspektivləri, alternativ enerji mənbələrindən istifadə sahəsində görülən işlər barədə suallar cavablandırıldı.
İclasın sonunda komitədə təmsil olunan nümayəndə heyətlərinin komitənin hesabat məruzəsinin layihəsinə təklif etdikləri düzəlişlər üzrə səsvermələr keçirildi. Bununla da iclas başa çatdı.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU