TƏBİİ EHTİYATLAR, ENERGETİKA və EKOLOGİYA KOMİTƏSİNDƏ

Komitə iclasları
10 iyun 2015 | 04:06   
Paylaşın:        

İyunun 10-da Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası oldu. Komitənin sədri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bildirdi ki, gündəliyə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” məsələ daxil edilib.
Vitse-spiker məlumat verdi ki, son illər ölkəmizin qaz sənayesində böyük işlər görülüb. Son 6 ildə yaşayış məntəqələrinin və massivlərinin qazlaşdırılması məqsədilə 24 qaz-paylayıcı stansiya tikilib, 29 min 519 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb. Bunlardan 1617 km Bakıda, 27 min 902 km isə regionlarda çəkilib. 2009-2015-ci illərdə 600 min yeni əhali abunəçisi qeydiyyata alınaraq təbii qazla təmin olunub ki, bunlardan 191 min 550 abunəçi paytaxtda, 408 min 450 abunəçi isə regionlarda yaşayır. Nəticədə təbii qazdan istifadə edən abunəçilərin sayı 1 milyon 756 min 464 nəfərə çatıb. “Smart-kart” tipli sayğacla təmin olunmanın sayı  917 min 293-ə çatıb ki, bu da 52 faiz deməkdir.
Valeh Ələsgərov deputatların nəzərinə çatdırdı ki, bütün bu müsbət dəyişikliklər “Qaz təchizatı haqqında” qanunda bir sıra dəyişikliklərin edilməsi  zərurətini meydana gətirib.
Sonra iclasda ARDNŞ-ın nümayəndəsi Vüqar Eyvazov təklif olunan dəyişikliklərlə bağlı açıqlama verdi. Bildirdi ki, ölkəmizdə qaz təchizatı sahəsində münasibətlər getdikcə genişlənir, infrastruktur artır, istehlakçılar çoxalır. 1998-ci ildə qəbul edilmiş qanun istehsalçı ilə istehlakçılar arasındakı yeni münasibətləri tənzimləyə bilmir. Hazırda müzakirəyə çıxarılmış qanun layihəsi intensiv inkişafda olan qaz təchizatı sahəsinin hüquqi tənzimlənməsindəki boşluqları aradan qaldırmağa xidmət edəcək.
Komitə üzvləri Hüseynbala Mirələmov, Fuad Muradov, Fərhad Qəribov, Etibar Hüseynov, Muxtar Babayev, Malik Həsənov və komitə sədrinin müavini Elton Məmmədov müzakirəyə çıxarılmış sənədə dair fikirlərini bölüşdülər, bir sıra təkliflər irəli sürdülər. Qanun layihəsinin qarşıdakı sessiyada plenar iclasa təqdim olunmasını məqsədəuyğun saydılar.
İclasda “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev deputatları maraqlandıran məsələlərə aydınlıq gətirdi, suallara cavab verdi.
Müzakirələrin yekununda qanun layihəsi deyilən təkliflər nəzərə alınmaq şərtilə Milli Məclisin payız sessiyasında plenar iclasın gündəliyinə tövsiyə olundu.
 


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU