MİLLİ MƏCLİSDƏ MƏTBUAT ŞURASI ilə ƏMƏKDAŞLIĞA DAİR MEMORANDUM İMZALANDI
İyulun 15-də Milli Məclisdə Azərbaycan Parlamenti ilə Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi oldu. Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar, ayrı-ayrı mətbu orqanların rəhbərləri, KİV nümayəndələri iştirak edirdilər.
Tədbiri açan Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Milli mətbuat və jurnalistika Günü ərəfəsində imzalanan sənədin əhəmiyyətindən danışdı. Dövlətlərin və xalqların tarixində mətbuatın mühüm roluna toxundu. Ölkəmizdə mətbuata və mətbuat nümayəndələrinə olan dövlət qayğısından söz açdı. Bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistlərə münasibəti hamımızı sevindirən münasibətdir.
Milli Məclislə mətbuat arasında daha sıx əlaqələrin qurulmasını arzulayan komitə sədri deputatların mətbuatdan gözləntilərini də dilə gətirdi, analitik yazılara ehtiyac olduğunu bildirdi. Açılış nitqini yekunlaşdıran Nizami Cəfərov milli mətbuatımızın 140 illik yubileyi münasibətilə jurnalistlərə təbriklərini çatdırdı.
Mərasimdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov əlamətdar bayram münasibətilə hamını təbrik etdi. Sonra mətbuat tariximizdən söz açaraq hər bir xalqın ictimai-siyasi tərəqqisində milli mətbuatın böyük rol oynadığını vurğuladı. Dövlətimizin başçısının ölkədə söz, fikir və mətbuat azadlığının inkişafına, həmçinin mətbuatın qarşılaşdığı maliyyə çətinliklərinin aradan qaldırılmasına, jurnalistlərin mənzil şəraitinin yaxşılaşmasına və s. yönəlmiş sərəncamlarının yüksək qiymətləndirildiyini qeyd etdi.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu gün imzalanacaq sənədin əhəmiyyətini yüksək dəyərləndirdilər. Müstəqillik dövründə Milli Məclisdə söz, fikir və mətbuat azadlığı ilə bağlı kifayət qədər qanunvericilik aktlarının hazırlanıb cəmiyyətə təqdim olunduğunu vurğuladılar. Bildirdilər ki, yeni Anlaşma Memorandumu mətbuatla Milli Məclis arasında daha sıx əlaqələrin qurulmasına öz töhfəsini verəcək, parlamentin qanunvericilik və beynəlxalq fəaliyyətinin daha geniş işıqlandırılmasına yardımçı olacaq, qanunların əhali arasında yayılmasında, maarifləndirmə işlərinin aparılmasında mühüm rol oynayacaq.
Yekunda sənədin imzalanma mərasimi oldu. Anlaşma Memorandumunu Milli Məclis adından Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, Mətbuat Şurası adından həmin qurumun sədri Əflatun Amaşov imzaladılar.
Milli Məclisin
Mətbuat xidməti
***
Azərbaycan Respublikasının Milli Məclisi ilə
Azərbaycan Mətbuat Şurası arasında
əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Mətbuat Şurası,
Azərbaycan Respublikasında hüquqi dövlətin möhkəmləndirilməsində, iqtisadi və siyası islahatların təbliğində, demokratik prinsiplərin və dəyərlərin qorunmasında və yayılmasında, insan hüquq və azadlıqlarının müdafiəsində və təşviqində və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsində kütləvi informasiya vasitələrinin rolunu nəzərə alaraq,
Parlamentin fəaliyyətinin daha geniş şəkildə işıqlandırılmasının, qanun yaradıcılığı prosesinin səmərəliliyini təmin etmək məqsədi ilə ictimai rəyin öyrənilməsinin və qəbul olunmuş qanun və qərarlar barədə ictimaiyyətə geniş məlumat verilməsinin əhəmiyyətini vurğulayaraq,
Mətbuat orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasını və dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasındakı münasibətlərin faydalı əməkdaşlıq üzərində qurulmasını təmin edən qanunvericilik aktlarının təkmilləşdirilməsi baxımından Milli Məclisin komitələri ilə kütləvi informasiya vasitələri arasında sistemli, çevik və mütəmadi əlaqələrə ehtiyac olduğunu qeyd edərək,
Söz, mətbuat və məlumat azadlıqlarının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında və digər müvafiq qanunvericilik aktlarında əksini tapmış müddəaların səmərəli şəkildə həyata keçirilməsinin vacibliyini önə çəkərək,
“Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın reallaşdırılmasına birgə səylərlə dəstək verilməsinin zəruriliyinə diqqəti yönəldərək,
Demokratik cəmiyyətdə medianın əhəmiyyətini əsas götürməklə, Milli Məclislə Mətbuat Şurası arasında sıx əməkdaşlığın böyük fayda verə biləcəyinə inanaraq,
Aşağıdakı sahələrdə ikitərəflı əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldilər:
1. Milli Məclisin fəaliyyəti barədə ictimaiyyətə geniş məlumat verilməsi və bu sahədə müvafiq maarifləndirmə işlərinin aparılması;
2. Milli Məclisdə qanun və qərarların qəbulu prosesində Mətbuat Şurasının (və ya kütləvi informasiya vasitələrinin) təmsilçilərinin iştirakının təmin edilməsi;
3. Azərbaycanın parlamentarizm ənənələrinin mediada təbliği məqsədi ilə jurnalistlər arasında yaradıcılıq müsabiqələrinin təşkili;
4. Milli Məclisin beynəlxalq fəaliyyətinin işıqlandırılması və bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi.
Azərbaycan Respublikasının Azərbaycan Respublikasının
Milli Məclisi adından Mətbuat Şurası adından
Milli Məclisin Mədəniyyət Mətbuat Şurasının sədri
komitəsinin sədri
Nizami Cəfərov Əflatun Amaşov
15 iyul 2015-ci il