MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR İCLASI KEÇİRİLDİ

Tədbirlər
14 sentyabr 2015 | 06:09   
Paylaşın:        
Sentyabrın 14-də Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra Milli Məclisin Sədri Oqtay Əsədov dedi: 
“Hörmətli deputatlar, bildiyiniz kimi, sentyabr ayının 10-da Avropa Parlamentində Azərbaycana qarşı növbəti siyasi aksiya təşkil olunmuş və qətnamə qəbul edilmişdir. Milli Məclisin deputatları mənə müraciət etmiş və bu qətnaməyə münasibət bildirmək üçün növbədənkənar sessiya çağırmağı tələb etmişlər. Odur ki, gündəlikdəki məsələ sizə məlumdur.  
Biz Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Təkcə son 2 ildə bir neçə dəfə bu təşkilat bizim ölkəmiz barəsində ədalətsiz mövqeyini nümayiş etdirmişdir. Amma bu dəfə Avropa Parlamenti, necə deyərlər, bütün çərçivələri aşmışdır. Hələ mən adi cinayət faktlarının siyasiləşdirilməsini, məhkəmə sisteminə müdaxilə edilməsini demirəm. Bütün beynəlxalq davranış prinsipləri, adi ədəb və nəzakət qaydaları pozulmuş, tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətinə şər və böhtan atılmışdır.   
Hər dəfə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edəndə biz çalışırdıq ki, yaranan məsələlər tarazlaşdırılmış şəkildə yoluna qoyulsun, müəyyən hədləri keçməməyə diqqət yetirilsin. Bir çox məsələləri açmırdıq.  Amma axırda vəziyyət başqa şəkil aldı. 
Mən Avropa Parlamentinin həmin iclasını bir neçə həmkarımla birlikdə televiziya ilə canlı olaraq izləmişəm. Avropa Parlamentindəki bir çox deputatların Azərbaycan barəsində nə qədər qərəzli mövqe tutduğunu bir daha yəqin etmişəm. Əmin olmuşam ki, Azərbaycana qarşı yönələn bu siyasi oyunlar  planlı və məqsədyönlü şəkildə həyata keçirilir.  
Mənim bu fikrimin arxasında real faktlar dayanır. Əvvəla, mən prosedur manipulyasiyalarını nəzərdə tuturam. Adətən Avropa Parlamentində Azərbaycanın məsələsinin müzakirə edildiyi iclaslara 40-50 nəfərdən artıq deputat gəlmirdi.  Bu dəfə iştirakçıların sayını artırmaq üçün Azərbaycanın məsələsi dünyanı, Avropanı həqiqətən narahat edən məsələlərlə birlikdə müzakirəyə çıxarılmışdı. Buna görə də iclasda nadir hal kimi 635 deputat iştirak edirdi.
İclasın gedişində Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Elmar Brok söz alaraq tələb etdi ki, prosedur qaydaları pozulmasın. Məsələ əvvəlcə komitələrdə müzakirə edilsin, sonra plenar iclasa çıxarılsın. Yoxsa Azərbaycanı itirə bilərik.  
Bundan sonra Azərbaycanın dırnaqarası dostu, Avropa Parlamentinin Sədr müavini U.Lunaçek dərhal tribunaya çıxdı və bu haqlı irada  etirazını bildirdi. Dedi ki, bu məsələ gündəlikdə qalmalıdır və biz bu məsələyə baxmalıyıq. Onun ardınca deputatlar Corci Sebastian və Fransua Slifinsi çıxış etdilər və iclasın gedişinin dəyişməsinə etiraz etdilər. Dedilər ki, bu məsələ bu gün burada müzakirə olunmalıdır və təsdiq olunmalıdır. Maraqlı məqam odur ki, bu iki deputat on gün əvvəl Dağlıq Qarabağda olmuş və qondarma rejimin başçısı B.Saakyanla görüşmüşdülər. Yəqin ki, ondan aldıqları təlimatı yerinə yetirmək və bəxşişlərinin əvəzini vermək üçün bu qədər canfəşanlıq edirdilər. Elə bu məqamın özü korrupsiyanın Avropa Parlamentinə necə yol açdığını göstərir. Yeri gəlmişkən, mən Avropa Parlamentinin Sədri M.Şultsu korrupsiyaya qurşanmış lobbiçi qruplaşmalarla iş birliyinə son qoymağa çağırıram. 
İclasda aparılan müzakirələrdə açıq-aşkar saxta məlumatlar səsləndirildi. Laura Aqea adlı bir deputat dedi ki, onun eşitdiyinə görə, guya Dağlıq Qarabağda Azərbaycan tərəfindən atılan mərminin partlaması nəticəsində bir qadın həlak olub. Fikir verin, azərbaycanlılar Dağlıq Qarabağda qanunsuz olaraq girov saxlanılır, azərbaycanlıların toy mərasimi atəşə tutulur, dinc sakinlər həlak olur və yaralanır. Avropa Parlamentində bu bərədə bir söz deyən olmur, amma saxta, yoxlanılmamış məlumatlar iclasda səsləndirilir və arqument kimi istifadə olunur. Bütün bunlar indi Avropada tüğyan edən ksenofobiya və islamofobiyanın, ayrı-seçkiliyin Avropa Parlamentində də kök saldığını göstərir. 
Avropa Parlamentinin qətnaməsinə ötəri nəzər saldıqda belə onun nə qədər qərəzli bir yanaşmaya əsaslandığını görmək olar. Konkret cinayət əməllərinin siyasiləşdirilməsi, jurnalist Rasim Əliyevin məişət zəminində öldürülməsinin siyasi qətl kimi qələmə verilməsi, digər faktlar sənədin saxta və qondarma ittihamlar üzərində qurulduğunu sübut edir. 
Diqqət yetirin, qətnamədə Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il 16 iyun tarixli qərarına xüsusi istinad edilir. Bu qərar erməni Sarkisyanın Azərbaycana qarşı əmlak iddiası ilə bağlıdır. Azərbaycandan tələb edilir ki, həmin qərarı yerinə yetirsin. Amma bu qərarla eyni vaxtda “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərar da qəbul olunmuş, Ermənistanın işğalçı dövlət olması açıq şəkildə təsdiq edilmişdir. Bilərəkdən bu qərar heç yada salınmır. Deməli, avropalı deputatlar üçün bir erməninin Azərbaycana qarşı əmlak iddiası Azərbaycan ərazisinin işğalından daha vacib imiş. 
İclasda səsvermənin nəticələri maraqlı bir məqamı üzə çıxardı. Qətnamənin əleyhinə 202 deputat səs verdi, 72 deputat bitərəf qaldı. Bu onu göstərir ki, Avropa Parlamentində Azərbaycanla əməkdaşlığın əhəmiyyətini başa düşən konstruktiv qüvvələr də var. Amma korrupsiyaya qurşanmış lobbiçi qruplaşmaların pozucu fəaliyyəti və təsiri bu qüvvələrin səsini eşidilməz etdi. Növbəti dəfə Azərbaycan əleyhinə sənəd qəbul olundu, əslində isə bu sənəd Avropa Parlamentinin imicinə yeni bir zərbə oldu. 
Biz həmişə görmüşük ki, Azərbaycan böyük ictimai-siyasi əhəmiyyətə malik hadisələr ərəfəsində olduğu dövrdə ölkəmizə edilən hücumlar çoxalır.  Avropa Parlamentinin budəfəki qətnaməsinin vaxtı da təsadüfi seçilməyib. Azərbaycan parlament seçkiləri keçirməyə hazırlaşır. Seçkilərin demokratik və şəffaf keçirilməsinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən bütün tədbirlər görülür, o cümlədən müşahidəçilərin göndərilməsi barədə xarici ölkələrə, beynəlxalq təşkilatlara müraciətlər edilir. Belə bir vaxtda Avropa Parlamenti üzdəniraq qətnamə qəbul edir və parlament seçkilərinə müşahidə missiyalarının göndərilməməsi barədə müvafiq qurumlara və üzv ölkələrə çağırışlar edir. Bu, beynəlxalq normaların,  qəbul olunmuş praktikanın kobudcasına pozulması deməkdir. Seçkilər başlanmamış onun legitimliyini indidən şübhə altına alanlar bilməlidirlər ki,  parlament seçkilərinin legitimliyi barədə qərarı yalnız Azərbaycan xalqı verə bilər. 
Mən hesab edirəm ki, bu qətnamənin qəbul edilməsinin əsas hədəflərindən biri Azərbaycanı Avropadan təcrid etmək, onun nüfuzuna xələl gətirmək və bu yolla Dağlıq Qarabağ problemində Azərbaycanın mövqelərini zəiflətməkdir. Bununla əlaqədar Dağlıq Qarabağdakı qondarma rejimin başçısı B.Saakyan kimi terrorçunun Avropaya səfərlərinin təşkil edilməsini xatırlatmaq istəyirəm. Bütün bu addımlarda məqsəd Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinə mane olmaq, Azərbaycan ərazisinin işğalının nəticələrinə haqq qazandırmaqdır. 
Azərbaycan parlamenti olaraq biz həmişə beynəlxalq təşkilatlar ilə dialoq və əməkdaşlığın tərəfdarı olmuşuq. Bu istiqamətdə xeyli iş görmüşük. O cümlədən Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin və Avronest Parlament Assambleyasının yaradılmasında iştirak etmişik. Onların təşəbbüsü ilə biz bu “Şərq Tərəfdaşlığı” proqramına daxil olmuşuq, hətta Avronest PA yaradılanda onun ilk plenar sessiyasını da Azərbaycanda keçirmişik.
Biz ümid edirdik ki, Azərbaycanla bağlı məsələlər ilk öncə bu qurumlarda müzakirə olunacaq və həmin müzakirələr  problemlərimizin, o cümlədən Dağlıq Qarabağ məsələsinin həllinə kömək edəcəkdir.  Əvəzində nə gördük? Nə Avronestin, nə də  digər beynəlxalq təşkilatların sənədlərinə Dağlıq Qarabağla bağlı 1 bənd də daxil edilmədi. Paritetdən danışıb Dağlıq Qarabağ problemini qulaqardına vurdular. 
Eyni zamanda, hesab edirəm ki, Azərbaycana qarşı yönəlmiş haqsızlığa münasibət bildirmək üçün Nazirlər Kabinetinə də müraciət etməliyik. “Şərq tərəfdaşlığı” proqramında Azərbaycanın iştirakının məqsədəuyğun olub-olmaması məsələsini qaldırmağı tövsiyə etməliyik. 
Hörmətli deputatlar, Azərbaycan xalqı əsrlər boyu müstəqil dövlətini qurmağı arzulayıb.  XX əsrin əvvəllərində qurduğu dövlət çox yaşaya bilməyib. Əsrin sonlarında yenidən öz müstəqilliyinə qovuşub. Ulu öndər Heydər Əliyevin sayəsində bu müstəqilliyi qoruyub saxlaya bildik. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil inkişaf yolunda ölkəmizi inamla irəli aparırıq. Azərbaycan gündən-günə daha da güclənir, geniş bir bölgədə söz sahibinə çevrilir. Azərbaycan dövlətinin rəhbərliyi bütün daxili və xarici siyasət məsələlərində müstəqil siyasət həyata keçirir. Mən elə hesab edirəm ki, ölkəmizə göstərilən təzyiqlərin artması da məhz bu amillə bağlıdır. 
Bizi istəyənlər də, istəməyənlər də bilməlidirlər ki, Azərbaycan xalqı bundan sonra heç kəsin himayəsi altına girməyəcək, heç kəsin buyruğu ilə hərəkət etməyəcək, öz müstəqil siyasətini yeridəcəkdir. Azərbaycana qarşı çirkin siyasi oyunlar quran qüvvələr təzyiq, şər-böhtan yolu ilə nəyəsə nail olacaqlarına ümid etməsinlər. 
Azərbaycanda xalqla iqtidar arasında sarsılmaz birlik vardır. Biz bundan sonra da möhtərəm Prezidentimizin ətrafında yumruq kimi birləşərək bizə qarşı yönələn bütün qəsdləri dəf edəcəyik.”
Sonra məsələ ilə bağlı müzakirələr başladı.
Çıxış edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əsası olmayan kağız parçasıdır. Bu qətnamədə Azərbaycanla bağlı əks olunanlar tamamilə yalan, böhtan və qərəzdir. Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır. Bunların məqsədi Azərbaycanın beynəlxalq imicini ləkələməkdir. Avropa yalandan iddia edir ki, guya Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Bunların özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar.
Ziyafət Əsgərov əlavə etdi ki, Avropa Azərbaycana təzyiq etməyə çalışır. Avropa Parlamentinin rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb. Axı, Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz? Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Avropa artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatları hazırlayıb. Sual olunur, axı, siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı, siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?
Avropada yaranmış miqrant böhranı və ərəb ölkələrində baş verən hadisələrə də toxunan Ziyafət Əsgərov bəyan etdi ki, indi Misir, Liviya, Suriya, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir. Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onları kim qaçqın etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz. İndi də minlərlə miqrantı dənizdə batırırsınız, öldürürsünüz. Axı, bu nə vəhşilikdir? Bu cür vəhşilikləri edən Avropa Azərbaycana necə demokratiyadan, insan haqlarından danışa bilər? Milli satqınlar da Avropadan milyonlarla pul alıb. İndi ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu mümkün olmur. Çünki Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var. Onlar Azərbaycan Prezidentinə paxıllıq edirlər. Çünki onların özlərində belə Prezident yoxdur.
Sonra çıxış edən Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirdi ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə bütün azərbaycanlılar üçün təhqirdir. Kimsə bundan istifadə etməyə çalışırsa, bilin ki, onların arasında əlaqə var. 
Sədr müavini ictimai qurumlara, vətəndaşlara, hər bir azərbaycanlıya səslənərək bu məsələdə Azərbaycanın mövqeyindən çıxış etməyə çağırdı. Bildirdi ki, Azərbaycanı Avropa ilə əlaqələri kəsməkdə ittiham etməyin. Azərbaycan bunda maraqlı deyil.
Vitse-spiker qeyd etdi ki, Azərbaycan illər ərzində çox tribunalarda  çıxışlar, çağırışlar edib. Beynəlxalq tribunalarda çıxışlarımızın, çağırışlarımızın əsasında beynəlxalq hüququn prinsipləri dayanıb. Ancaq bizə qarşı qərəzli mövqe nümayiş olunur.
Vitse-spiker bu tipli sənədlərin qəbulunda görünən və görünməyən tərəflərə də diqqət yönəltdi: “Bu qətnamənin arxasında çox gizli hədəf və məqsədlər gizlənib. Nəyə görə BMT-nin Dağlıq Qarabağla bağlı sənədlərinin icrasına belə qəti çağırış edilmir. Son illərdə baş verən hadisələr göstərir ki, Avropanı heç də dövlətlərin ərazi bütövlüyü narahat etmir. Bu təşkilatlar qarşılarına dövlətlərin müstəqilliyinin sarsılması və ərazi bütövlüyünün pozulması kimi məqsəd qoyublar. Belə hadisələr onların işlərinə yarayır. Əsl mənada fundamental insan haqlarına düzgün yanaşan təşkilatları bu qurumlarla bir sıraya qoymamalıyıq. Bunu təkcə Azərbaycan tipli ölkələrə yönəlmiş qərəz kimi qəbul etmirəm. Avropa Parlamentinin qəbul etdiyi qətnamə cinayətkarcasına bütün Avropa xalqlarına yönəlmiş qərardır. Bu, ilk növbədə avropalıların həyatına təsir edəcək. Avropalılara üzümü tutub deyirəm ki, özünüzü bu məsələlərdən kənarda bilməyin.  Bu, dini, irqi və etnik ayrı-seçkiliyə gətirib çıxaran siyasətdir”.
İclasda Milli Məclisin Avropa Parlamentinə ünvanlayacağı qətnamənin mətnini hazırlamaq üçün işçi qrup yaradıldı. 
Sonra çıxış edən Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, deputatlar Sabir Rüstəmxanlı, Sahibə Qafarova, Leyla Abdullayeva, Səməd Seyidov, Əli Hüseynli, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Tahir Rzayev, Vahid Əhmədov, Sahib Alıyev, Elton Məmmədov, Eldar İbrahimov, Yaqub Mahmudov, Məlahət İbrahimqızı, Çingiz Əsədullayev, Sevinc Fətəliyeva, Azay Quliyev, Asim Mollazadə, Fəttah Heydərov, Musa Quliyev, Fazil Mustafa, Zahid Oruc, Çingiz Qənizadə, Səttar Möhbalıyev, İsa Həbibbəyli, Fəzail Ağamalı, Elman Məmmədov, Yevda Abramov  və başqaları bildirdilər ki, Avropa Parlamentinin bu qətnaməsi Azərbaycan xalqına qarşı yönəldilib. Qərəzə və ədalətsiz mövqeyə söykənən qətnamənin heç bir hüquqi əsası yoxdur. Bəzi avropalı siyasətçilərin konkret sifariş həyata keçirdikləri bizə məlumdur. Çünki Azərbaycanın müstəqil siyasət yürütməsi bəzi qüvvələri qane etmir.
Çıxışlar zamanı diqqətə çatdırıldı ki, Avropa Parlamenti bu addımı ilə fundamental prinsiplərindən imtina etmiş oldu. Lakin biz bildiririk ki, Azərbaycan demokratiya yolundan dönməyəcək və daha da əzmli olacaqdır.
İclasın sonunda Milli Məclis Sədrinin müavini, Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri Valeh Ələsgərov Milli Məclisin Avropa Parlamentinə ünvanladığı qətnamənin mətnini oxudu və sənəd səsə qoyularaq qəbul edildi. 
Milli Məclisin Sədri Oqtay Əsədov növbədənkənar sessiyanı bağlı elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirildi. Bununla da iclas başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti




*       *       *




Avropa Parlamentinin 2015-ci il 10 sentyabr 
tarixli qətnaməsi ilə əlaqədar 

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN 

QƏRARI

Avropa Parlamentinin Azərbaycana dair 2015-ci il sentyabrın 10-da qəbul etdiyi 2915/2840 (RSP) saylı qətnamə bu parlament təşkilatında ölkəmizə qarşı sistemli və davamlı şəkildə aparılan qərəzli qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərir. Bu dəfə insan hüquqları bəhanəsi altında Azərbaycanda xalq tərəfindən dəstəklənən siyasi hakimiyyətə şər və böhtan atılmış, ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında inkişaf edən tərəfdaşlıq münasibətlərini sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirərək, onu  dünyaya inteqrasiya prosesindən təcrid etməyə uğursuz cəhd göstərilmişdir. 
Qeyd edilməlidir ki, Avropa Parlamenti ötən ilin iyul ayında yeni tərkibdə fəaliyyətə başladığı gündən bu qurumun rəhbərliyinin mövqeyi  üzündən onunla Azərbaycan arasında heç bir rəsmi dialoq baş tutmamış, qarşılıqlı səfərlər həyata keçirilməmişdir. Nə qədər qəribə olsa da, Avropa Parlamentinin rəhbərliyi tərəfindən deputatların Azərbaycana rəsmi və qeyri-rəsmi səfərlərinə qadağa qoyulmuşdur. Beləliklə, Avropa Parlamentində müəyyən qüvvələr parlamentlərarası dialoqu Azərbaycana qarşı yönələn təhqiramiz monoloqla əvəz etmək üçün ardıcıl addımlar atmışlar.     
Bu da vurğulanmalıdır ki, Avropa Parlamentində Azərbaycana ədalətli münasibət bəsləyən deputatların təmsil etdikləri sağlam qüvvələr də mövcuddur. Təəssüf ki, çox vaxt onların səsi eşidilmir. Azərbaycana qarşı qərəzli qətnamənin müzakirə olunduğu iclas da istisna təşkil etməmiş, korrupsiyaya qurşanmış lobbiçi parlament qruplaşmaları öz çirkin niyyətlərinə nail ola bilmişlər. Bunun əsas səbəblərindən biri odur ki, Avropa Parlamentinin rəhbərləri, ilk növbədə qurumun Sədri M.Şults  həmin ələbaxan qruplaşmaların fəaliyyətinə göz yumur, bəlkə özləri də bu fəaliyyətdə iştirak edir və bu qruplaşmaları himayə edirlər.  
Avropa Parlamentinin iclası bir çox deputatların tolerantlıq səviyyəsini də üzə çıxarmış, bu qurumda Azərbaycanın dünyəvi dövlət kimi nüfuzuna qısqanclıqla yanaşıldığını nümayiş etdirmişdir. Tamamilə məntiqlidir ki, hazırda Avropa İttifaqı ərazisində davam edən miqrasiya böhranı zamanı irqçilik və ksenofobiya meyillərinin misilsiz həddə çatması İttifaqın öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsinin qarşısını alır. Bundan əlavə, Avropa İttifaqının üzvü olan bəzi ölkələrin yalnız xristian qaçqınlara sığınacaq vermək istəyi Avropa İttifaqı məkanında mövcud olan ifrat sağçı radikal və islamofob siyasi xəttin dəstəklənməsi, nəticə etibarı ilə ayrı-seçkilik sisteminin formalaşması üçün şərait yaradır. Buna bənzər meyillərin Avropa Parlamenti kimi beynəlxalq quruma yol tapması isə yalnız təəssüf doğurur. Belə bir şəraitdə dünyaya tolerantlıq nümunəsi göstərən, mədəniyyətlərarası dialoqun inkişafında qabaqcıl dövlətə çevrilən Azərbaycanın dəstəklənməsi əvəzinə, ona qarşı qərəzli qətnamələrin qəbul edilməsi Avropa məkanında irqçiliyin və ksenofobiyanın təqdir olunması, Avropa İttifaqı ilə əməkdaşlığa meyil edən ənənəvi islam dövlətlərinə qarşı təxribat kimi qiymətləndirilməlidir. 
Bununla birlikdə, Avropa Parlamenti Şərq tərəfdaşlığı proqramının iştirakçısı olan  digər ölkələrdə insan hüquqlarının pozulması hallarına  göz yumaraq, yalnız özünə məlum olan səbəblərə görə bu cür problemləri məhz Azərbaycanda axtarmaqla məşğul olur. Qeyd etmək yerinə düşər ki, bütün beynəlxalq hüquq normalarını və prinsiplərini pozaraq, Azərbaycan ərazisinin  20 faizini işğal etmiş, 1 milyon azərbaycanlını qaçqına və məcburi köçkünə çevirmiş Ermənistan Respublikasının bölgədə insan hüquqlarının və azadlıqlarının kütləvi pozuntularına səbəb olması məsələsi bu günədək Avropa Parlamentində bir dəfə də müzakirə edilməmişdir. İnsan hüquqlarını ali dəyər kimi elan edən Avropa Parlamenti Dağlıq Qarabağ probleminin insan hüquqları və humanitar aspektlərinə nəzər salmağı nədənsə lazım bilməmişdir. Digər tərəfdən, Avropa Parlamenti öz sənədlərində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad etsə də, bu Məhkəmənin Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərarına etinasızlıq göstərmişdir.  
Heç kəsə sübut etməyə ehtiyac yoxdur ki, Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların təmin olunması üçün xeyli iş görülmüşdür və bu iş indi də davam etməkdədir. Ölkədə peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Avropa Parlamentinin qətnaməsində bir sıra şəxslərin azadlığa buraxılması ilə bağlı irəli sürülən tələblər heç bir hüquqi və siyasi əsasa malik olmayıb, Azərbaycanın müstəqil məhkəmə sisteminə müdaxilə cəhdi kimi qiymətləndirilməlidir. 
Avropa Parlamentinin qətnaməsində 2015-ci il noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyalarının göndərilməməsi barədə Avropa İttifaqının Xarici Fəaliyyət İdarəsinə və üzv ölkələrə çağırışlara da yer verilmişdir. Avropa İttifaqının üzvü olan dövlətlərin ərazisində seçicilərin yalnız 42 faizinin səsləri ilə formalaşmış Avropa Parlamentindən bu cür çağırışların edilməsi təəccüb doğurur. Təəssüf ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bu çağırışa cavab verən ilk təşkilat olmuşdur. Məqsəd Azərbaycanda keçiriləcək parlament seçkilərinin legitimliyini qabaqcadan şübhə altına almaqdır. 
Hər kəs əmin ola bilər ki, seçkilərin demokratik və şəffaf keçirilməsinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən bütün şərait təmin edilmişdir və lazımi tədbirlər bundan sonra da həyata keçiriləcəkdir. Hər hansı beynəlxalq qurumun seçkiləri müşahidə etməkdən imtina etməsi azad və ədalətli seçkiləri şübhə altına ala bilməz. Azərbaycanda suverenliyin daşıyıcısı Azərbaycan xalqıdır və seçkilərin legitimliyi barədə qərarı da o verəcəkdir.  
Təəssüf ki, Avropa Parlamentinin ölkəmizə münasibəti Avropa İttifaqı ilə Azərbaycan  arasında əməkdaşlığı da ciddi təhlükə altına almışdır. Belə ki, Avropa Parlamentinin indiyədək qəbul etdiyi qərəzli qətnamələr nəticəsində Avropa İttifaqı – Azərbaycan  Assosiasiya Sazişi üzrə danışıqlara son qoyulmuşdur.  
Azərbaycan Respublikasının Milli Məclisi bir daha Avropa Parlamenti üzvlərinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası demokratiyanın şəksiz üstünlüklərini gerçəkləşdirərək, insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcəkdir,  bu sahədə beynəlxalq təşkilatlar ilə əməkdaşlığın hüquq bərabərliyi, qarşılıqlı hörmət əsasında və konstruktiv məcrada inkişaf etdirilməsi üçün Azərbaycan xalqının və rəhbərliyinin möhkəm siyasi iradəsi  mövcuddur.   
Yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 
1. Avropa Parlamentindən tələb edilsin ki, Avropa İttifaqı – Azərbaycan  münasibətlərinə qarşı pozucu fəaliyyətinə son qoysun, Azərbaycana qarşı fəaliyyət üçün qondarma ittihamlara istinad edən müxtəlif qüvvələrin təsiri altında ölkəmiz barəsində qərəzli qətnamələrin qəbulu praktikasından əl çəksin.
2. Avropa Parlamenti Azərbaycana münasibətdə konstruktiv mövqe tutmağa və bu yanaşmanı real addımlarla nümayiş etdirməyə çağırılsın. 
3. Avropa Parlamentindəki konstruktiv və sağlam qüvvələrə müraciət edilsin ki, Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısının alınmasında səylərini artırsınlar. 
4. Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalına siyasi dəstək məqsədi ilə Azərbaycanı daim hədəfdə saxlamağa çalışan müxtəlif lobbiçi qruplaşmaların Avropa Parlamentindəki pozucu fəaliyyəti qətiyyətlə pislənilsin və bu fəaliyyətə son qoyulması tələb edilsin.
5. Azərbaycana qarşı lobbiçilik fəaliyyətinin maliyyələşdirilməsi çərçivəsində yol verilmiş qanun və maliyyə pozuntularının, korrupsiya hallarının, Avropa Parlamenti rəhbərliyinin lobbiçilik fəaliyyəti ilə əlaqələri barədə ittihamların araşdırılmasına çağırılsın. 
6. Avropa Parlamentinin müvafiq qurumlarına müraciət edilsin ki, Avropa Parlamentinin Sədri M.Şults ilə postsovet dövlətlərinin bəzi rəhbər şəxsləri arasında birgə korrupsiya əməlləri, qanun pozuntuları barədə mətbuatda yayılmış xəbərləri araşdırsın və onun qeyri-qanuni fəaliyyətinə qiymət versinlər.  
7. Avropa Parlamenti Azərbaycanın zəngin tolerantlıq təcrübəsini nəzərə almaqla, Avropada islamofobiya və ksenofobiya problemlərinin həllinə diqqət yetirməyə çağırılsın. 
8. Avropa Parlamentindən tələb edilsin ki, konkret cinayət əməllərini siyasiləşdirməklə Azərbaycanın məhkəmə sisteminə təzyiq göstərmək cəhdlərinə son qoysun.
9. Hələ keçirilməmiş parlament seçkilərinin qərəzli çağırışlar ilə  şübhə altına alınması cəhdləri qətiyyətlə pislənilsin və bunlara son qoyulması tələb edilsin.
10. Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın.    
11. Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı  Komitəsinin mövcud formatda fəaliyyətində iştiraka son qoyulsun.   
12. Azərbaycan Nazirlər Kabinetinə tövsiyə edilsin ki, Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramında iştirakın məqsədəuyğunluğu məsələsinə yenidən baxsın. 
13. Azərbaycan Nazirlər Kabinetinə tövsiyə edilsin ki,  Azərbaycan Respublikasının rəsmi şəxsləri barəsində hər hansı sanksiyaların  tətbiq ediləcəyi təqdirdə qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən Avropa Parlamenti üzvlərinin və Avropa İttifaqı  qurumları rəsmilərinin Azərbaycana girişinin qadağan edilməsi məsələsini nəzərdən keçirsin.  






Azərbaycan Respublikası
                                                                          Milli Məclisinin Sədri 
  O.Əsədov



Bakı şəhəri, 14 sentyabr 2015-ci il
  №  1304 -IVQR    





Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU