Avronest Parlament Assambleyasının Sosial məsələlər,təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin iclasında
Aprelin 2-də Milli Məclisdə Avronest Parlament Assambleyasının Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin iclası keçirildi.
İclası acan komitə sədri yaradılan şəraitə görə Milli Məclis rəhbərliyinə minnətdarlığını bildirdi. Sonra gündəlik layihəsi səsə qoyularaq qəbul edildi.
Tədbirdə iştirak edən Təhsil naziri Misir Mərdanov “Təhsil və mədəniyyətlər arasında dialoq” mövzusunda məruzə ilə çıxış etdi. Nazir ölkəmizdə təhsil sahəsində gedən islahatlardan danışdı, bu yöndə Aİ ilə əməkdaşlığımızın istiqamətləri barədə iştirakçılara məlumat verdi.
Tədbirdə iştirak edən ombudsman Elmira Süleymanova insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, vətəndaş cəmiyyəti ilə dialoqun qurulması və s. məsələlər ətrafında söhbət açdı.
Sonra Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının məruzələri dinlənildi. Çıxış edənlər ölkəmizdə qeyri hökumət təşkilatlarının fəaliyyət istiqamətləri, dövlət tərəfindən ayrılan maliyə dəstəyi barədə məlumat verdilər.
Çıxış edən Avronest Parlamentinin üzvləri bu sahədə görülən işləri yüksək qiymətləndirərək, mövcud problemlərin aradan qaldırılmasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd etdilər.
Daha sonra “Vətəndaş cəmiyyətinin inkişafı” üzrə hesabat dinlənildi. Sənədə təklif olunan əlavə və dəyişikliklər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu.
Milli Məclisin
Mətbuat xidməti