ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 17-də Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirildi.
Komitə sədri Şəmsəddin Hacıyev 2015-ci ilin yaz sessiyası dövründə komitədə görülən işlərin hesabatını təqdim etdi. Qeyd olundu ki, ötən sessiya ərzində komitə səmərəli fəaliyyət göstərib, beynəlxalq qurumlarla əməkdaşlıq genişləndirilib. Şəmsəddin Hacıyev “Elm haqqında” qanun layihəsinin hazırlanaraq ilk oxunuşda Milli Məclisin müzakirəsinə çıxarılmasını komitənin ən uğurlu işlərindən biri kimi dəyərləndirdi. Vurğulandı ki, sənədin parlamentdə müzakirəsi zamanı millət vəkillərinin səsləndirdiyi təklif və tövsiyyələr, eləcə də müxtəlif qurumlar tərəfindən alınan rəylər araşdırılaraq müzakirə olunub. Bunlardan müvafiq sayılanlar sənəddə əksini tapacaq. Qanun layihəsi növbəti oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmağa hazırdır. Komitə sədri əlavə etdi ki, payız sessiyasında da əsas diqqət yeni hazırlanan bu sənədə yönəldiləcək. Deputatlar komitənin yaz sessiyası dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Sonra iclasda 2015-ci ilin payız sessiyası üçün iş planına baxıldı və təsdiqləndi.
Komitə üzvləri “Təhsil haqqında” və “Milli arxiv fondu haqqında” qanunlara təklif olunan redaktə xarakterli dəyişiklikləri də müzakirə etdilər.
Müzakirə olunan sənədlərin Mili Məclisin plenar iclasına cıxarılması qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti