AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 18-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi.
Komitə sədri Eldar İbrahimov komitədə cari ilin yaz sessiyasının yekunları və payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verdi. Bildirildi ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, bu iclaslarda 15 məsələ, o cümlədən 13 qanun layihəsi geniş müzakirə edilib. Payız sessiyasında “Kənd təsərrüfatının kooperasiyası haqqında” qanun layihəsi üzərində işlər davam etdiriləcək, çoxsaylı sənədlərə təklif edilən əlavə və dəyişikliklərə baxılacaq. Eldar İbrahimov ölkəmizdə “Kənd təsərrüfatı ili” çərçivəsində əldə olunan nailiyyətlərdən geniş söhbət açdı.
İclasda komitə sədri Torpaq Məcəlləsinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnaməyə, “Torpaq bazarı”, “Torpaq islahatı”, “Bələdiyyə torpaqlarının idarə edilməsi”, “Yeyinti məhsulları”, “Meliorasiya və irriqasiya” haqqında sənədlərə təklif edilən dəyişikliklərlə deputatları tanış etdi. Millət vəkilləri qanun layihələri üzərində aparılan yeniliklərin zəruriliyini vurğuladılar.
Komitədə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” Sazişin, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə də baxıldı. Eldar İbrahimov FAO-nun Azərbaycanda ofisinin yaradılmasını tədqirəlayiq hal kimi qiymətləndirdi. Qeyd olundu ki, FAO-nun Azərbaycanda ofisinin yaradılması ölkəmizdə kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək.
İclasda çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirdi ki, FAO-nun dünyada 5 ofisi var və çox mühüm haldır ki, FAO 6-cı ofisini məhz Azərbaycanda yaradır. Nazir müavini bu addımı təşkilatın Azərbaycanla əməkdaşlığa böyük önəm verməsinin göstəricisi kimi dəyərləndirdi, bu əməkdaşlığın kənd təsərrüfatının inkişafı üçün önəmindən danışdı.
Sonda müzakirə edilən bütün sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti