SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
18 sentyabr 2015 | 05:09   
Paylaşın:        
Sentyabrın 18-də Milli Məclisin Sosial siyasət Komitəsinin payız sessiyasında ilk iclası keçirildi. 
Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə iki məsələ daxil edilmişdir. Gündəlikdəki birinci məsələ - “Sosial siyasət komitəsinin 2015-ci il yaz sessiyasının yekunları və 2015-ci il payız sessiyasının qanunvericilik işləri planı” barədədir.  Hadi Rəcəbli 2015-ci ilin yaz sessiyası dövründə komitədə görülən işlərdən danışaraq diqqətə çatdırdı ki, ötən sessiyada komitəyə 575 ərizə və müraciət daxil olmuş, 266 vətəndaş qəbul edilmişdir. Daxil olmuş ərizə və müraciətlərə baxılmış, lazımi tədbirlər görülmüşdür. Sessiya ərzində komitədə bir sıra qanun layihələrinə baxılaraq Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.  Qarşıdan gələn payız sessiyasında isə ölkə Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim edəcəyi qanun layihələrinə, həmçinin 2016-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılacaqdır. Sessiya ərzində komitədə “Optika və optik eynəklər(optometriya) haqqında” və digər qanun layihələrinin hazırlanması da nəzərdə tutulmuşdur.
Qeyd olundu ki, iclasın gündəliyindəki ikinci məsələ “Özəl tibb fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilməsi barədədir. Bildirildi ki,  bu dəyişikliklər “Özəl tibb fəaliyyəti haqqında” Qanunu “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna dəyişikliklər edilməsi barədə 2015-ci il 24 fevral tarixli Qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.
Çıxış edən deputatlar gündəlikdəki bütün məsələləri müsbət qiymətləndirdilər. İclasın sonunda gündəlikdəki hər 2 məsələ Milli Məclisin iclasında müzakirəyə tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti   


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU