“Avronest” PA-nın Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclasında
Aprelin 2-də Milli Məclisdə “Avronest” Parlament Assambleyasının növbəti sessiyası çərçivəsində Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitənin iclası keçirildi.
İclasda komitənin həmsədrləri Gunnar Hökmark və xanım Çiora Taktakaşvili tədbirə ev sahibliyi edən Azərbaycana minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, Azərbaycan sürətlə inkişaf edən, Avropaya inteqrasiya edən bir ölkədir. Bu inkişaf avropalı deputatlar tərəfindən çox yüksək qiymətləndirlir.
Tədbirdə iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını vurğulayaraq Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü bildirdi.
Sonra nazir vurğuladı ki, bu gün Azərbaycanın qonşu ölkələrlə, xüsusilə də Rusiya və Gürcüstanla yaxşı strateji tərəfdaşlıq münasibətləri inkişaf edir. O, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən iri miqyaslı layihələrdən söz açdı, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini xüsusi qeyd etdi. Bildirildi ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk qatar bu ilin sonunda Bakıdan yola düşəcək. Ölkəmizin Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoyduğu, hazırda Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstanın ən böyük vergi ödəyicilərindən biri olduğu diqqətə çatdırıldı. Sonra məruzə ətrafında fikir mübadiləsi aparıldı, Elmar Məmmədyarov avropalı deputatların suallarını cavablandırdı.
İclasda quruma üzv ölkələrin nümayəndələrinin çıxışları dinlənildi.
Milli Məclisin
Mətbuat xidməti