MİLLİ MƏCLİSİN DEPUTATI AŞPA-NIN MƏRUZƏÇİSİ SEÇİLİB
Sentyabrın 29-da Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində qurumun Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin toplantısı keçirilib.
Komitədə uşaqların radikallaşmasının qarşısının alınması mövzusu üzrə məruzəçinin təyin edilməsi məsələsi müzakirə olunub və bu məsələni işləyib hazırlamaq üçün komitədən Assambleyanın iki üzvü seçilib. Onlardan biri İngiltərədən olan deputat Jeffri Donaldson, digəri isə Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva olub. Sevinc Fətəliyeva bununla bağlı deyib:
“Uşaqlar üzrə baş məruzəçi kimi bu məsələyə çox böyük marağım var idi və təbii ki, Azərbaycanda bu istiqamətdə təcrübə də kifayət qədər çoxdur. Ona görə də bu mövzu üzrə məruzəçi olmaq arzusundaydım və səsvermə nəticəsində komitə məni həmməruzəçi qismində seçdi. İndi yəgin ki, qısa bir müddətdə bu hesabat hazırlanmalıdır. Çox guman ki, hesabat gələn ilin iyun ayına hazır olacaq və Assambleyaya təqdim ediləcək. Çünki bu mövzu gündəmdə olan və demək olar bütün Avropa ölkələrini əhatə edən məsələdir. Xüsusilə də Yaxın Şərqdəki münaqişələri, ümumiyyətlə Avropadakı vəziyyəti nəzərə alaraq, hesab edirəm ki, bu çox faydalı bir iş olacaq”.
Milli Məclisin
Mətbuat xidməti