MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
30 sentyabr 2015 | 04:09   
Paylaşın:        

Sentyabrın 30-da Milli Məclisin Mədəniyyət komitəsinin cari ilin payız sessiyası dövründə ilk iclası keçirildi. Komitə sədri Nizami Cəfərov iclası açaraq, öncə Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi barədə fikirlərini söylədi. Bu sənədin qərəzli, heç bir reallığa söykənmədiyini bildirdi. Xalqımız tərəfindən narazılıqla qarşılandığını və təəssüf hissi doğurduğunu dedi. Milli Məclisdə bu qətnaməyə etiraz olaraq layiqli cavab verildiyini vurğuladı. Qeyd edildi ki, bütün böhtanlara baxmayaraq, ölkəmiz dinamik inkişaf edir və beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirib. Avropa dövlətləri Azərbaycanın əldə etdiyi nailiyyətləri görür və bizi dəstəkləyirlər.
Sonra Nizami Cəfərov 2015-ci il yaz sessiyası zamanı görülən  işlərdən danışdı. Bildirildi ki, bu müddət ərzində komitənin 3 iclası keçirilib, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin təyin edilməsi ilə bağlı məsələlər müzakirə olunub. Yaz sessiyası dövründə komitəyə ayrı-ayrı vətəndaşlardan, idarə, müəssisə və təşkilatlardan daxil olmuş müraciətlər araşdırılmış, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara göndərilmişdir.
İclasda 2015-ci il payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verildi. Komitə sədri iclas iştirakçılarının nəzərinə çatdırdı ki, bu müddət ərzində  “Kinematoqrafiya haqqında” qanunda dəyişikliklər edilməsi ilə bağlı sənədə, habelə “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi”  “Kulinariya mədəniyyəti haqqında”, “Azərbaycan aşıq sənətinin qorunması və inkişaf etdirilməsi”, “Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında” yeni qanun layihələrinə baxılması nəzərdə tutulub.
Daha sonra “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələ təqdim olundu. Bildirildi ki, qanunun “Təkzib, düzəliş və cavab vermək hüququ” adlanan 44-cü maddəsinə üçüncü hissənin əlavə edilməsi təklif olunur. Əlavəyə əsasən, kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir.
Müzakirələrdə çıxış edən millət vəkili Jalə Əliyeva, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova təklif olunan düzəlişin əhəmiyyəti  barədə öz fikirlərini açıqladılar.
İclasın sonunda deputatlar qanun layihəsini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə etdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU