MİLLİ MƏCLİSİN İCLASINDA
Sentyabrın 30-da Milli Məclisin payız sessiyası öz işinə başladı. İclası açan Mili Məclisin Sədri Oqtay Əsədov həmkarlarını yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi, onlara sonrakı fəaliyyətlərində uğurlar arzuladı. Qeyd olundu ki, bugünkü ilk plenar iclasda müzakirəyə 39 məsələ daxil edilib.
Əvvəlcə Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olundu. Deputatlardan Musa Quliyev, Zahid Oruc, Qənirə Paşayeva, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Əli Məsimli qanunvericilik işləri planı ilə bağlı təkliflərini səsləndirdilər. İş planı səsvermə yolu ilə təsdiq olundu.
Gündəlikdəki ilk məsələnin müzakirəsi bitdikdən sonra Milli Məclis Səriyyə Seyidovanın yenidən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında sənədi təsdiqlədi.
Sonra 2015-ci il aprelin 28-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazları barədə Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi haqqında Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Bildirildi ki, parlament tərəfindən 2015-ci il 28 aprel tarixində qəbul edilmiş bu qanun imzalanmaq üçün Azərbaycan Prezidentinə təqdim edilmişdir. Ancaq qanunun bəzi müddəaları Azərbaycan Konstitusiyasının 93-cü və 109-cu maddələrinin müvafiq bəndləri ilə ziddiyyət təşkil edib. Yenidən Milli Məclisə qaytarılan sənəd üzərində iş aparılmış, həqiqi uyğunsuzluqlar təsdiqini tapdığı üçün bu sənədin qəbulu məqsədəuyğun hesab edilməmişdir. Millət vəkilləri səsvermə yolu ilə sənədin ləğvini dəstəklədilər.
İclasda “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Sənədlə bağlı məlumat verən parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirdi ki, bu qanun Azərbaycan Konstitusiyasının müvafiq bəndlərinə uyğun olaraq, ölkə vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Sənədə əsasən bəzi hallar istisna olmaqla vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılacaq. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olundu.
Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəlikdəki növbəti 7 məsələ Azərbaycan Respublikasının digər ölkə və təşkilatlarla qarşılıqlı münasibətlərini daha da möhkəmləndirəcək saziş, bəyannamə və memorandumlardır.
“NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasının iştirakının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının müdafiə naziri ilə NATO-nun Baş katibi arasında məktublar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair” Sazişin təsdiq edilməsi barədə qanun layihələri idi. Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli ayrı-ayrılıqda hər bir sənəd haqqında məlumat verdilər. Deputatlar bu sənədlərə müsbət rəy bildirdilər və qeyd edildi ki, milli maraqlarımıza xidmət edən bu sazişlər, bəyannamalər ölkəmizin beynəlxalq əlaqələrinin daha da güclənməsinə və münasibətlərin inkişafına öz təsirini göstərəcək. Bu sənədlər tək-tək səsə qoyularaq qəbul edildi.
Sonra iclasda “Azərbaycan Respublikası Hökuməti (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələri müzakirəyə çıxarıldı. Bu sənədləri də Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov şərh etdi. Bildirildi ki, bu sazişə qoşulmaqla Azərbaycan uğurları sırasına daha birini əlavə etmiş olacaq. Belə ki, Bakı şəhərində FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi təsis ediləcək və qurumda yalnız yerli mütəxəssislər çalışacaq. Hər iki sənəd səsə qoyularaq qəbul edildi.
Müzakirəyə çıxarılan “Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” (1970-ci ildə yenidən işlənmiş) Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 19 iyul tarixli 856 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında qanun layihəsi ilə bağlı Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verərək bildirdi ki, bu sənəd Azərbaycanda ödənişli məzuniyyətə çıxan insanlar üçün önəmlidir. Belə ki, bu qanuna uyğun olaraq Azərbaycan vətəndaşları üçün ən aşağı məzuniyyət müddəti 21 gün müəyyənləşdiriləcək. Qanun layihəsi səsə qoyularaq qəbul olundu.
Güdəlikdəki Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında və “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri barədə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli məlumat verdi. Bildirildi ki, bu dəyişikliklərə əsasən Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri genişləndirilir. Dəyişikliklərə əsasən, konsula Azərbaycan vətəndaşlarına pasport vermək, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul etmək, həmin sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərmək hüququnun verilməsi nəzərdə tutulur. İndiyədək konsulun səlahiyyəti yalnız Azərbaycan vətəndaşlarına pasport vermək hüququ ilə məhdudlaşırdı.
Bildirildi ki, müvafiq sənədə edilən dəyişikliyə əsasən nöqsanlara yol verən diplomatik korpus əməkdaşlarına qarşı cəzalar sərtləşdirilir. Qanun layihəsində qeyd olunub ki, “xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə” diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər.” Müzakirələrdə çıxış edən deputatlar İsa Həbibbəyli və Zahid Oruc dəyişiklikləri müsbət qiymətləndirərək bildirdilər ki, Azərbaycanı istəyən qüvvələrlə yanaşı istəməyən qüvvələr də mövcuddur və həmin dairələr hərdən bəzi şəxslərdən istifadə etməyə cəhd göstərirlər. Ona görə də bu dəyişiklik diplomatik korpus əməkdaşlarını daha diqqətli olmağa sövq edəcək.
Sonra iclasda 7 sənədə - “Hərbi qulluqçuların statusu haqqında”, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, İnzibati Xətalar Məcəlləsində, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihələrinə texniki dəyişiklik edildi. Bu məsələlərlə əlaqədar parlament sədrinin birinci müavini Ziyafət Əsgərovun və deputat Rəfael Cəbrayılovun məlumatları dinlənildi. Bildirildi ki, dəyişikliklər Milli Məclis tərəfindən qəbul olunmuş “Hərbi vəzifə”, “Hərbi xidmət” haqqında qanun layihələrinə uyğunlaşdırma məqsədi daşıyır. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Deputatlar həmçinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə sənədlərə baxaraq müsbət rəy bildirdilər.
Fasilədən sonra gündəlikdəki məsələlərin müzakirəsi davam etdirildi. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Torpaq islahatı haqqında” qanunda dəyişiklik edilməsi barədə” sənədi müzakirəyə təqdim etdi. Bildirdi ki, dəyişikliyə əsasən qanunun 7-ci maddəsində “yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların” sözlərinin “bələdiyyə yollarının və təsərrüfatdaxili yolların” sözləri ilə əvəz olunur. Qanun layihəsi təsdiq olundu.
İclasda daha sonra Mülki Məcəllədə, Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"də, “Torpaq bazarı haqqında” və “Torpaq islahatı haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədlərə baxildi. Bildirildi ki, bu sənədlər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1145-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1025 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Qeyd olundu ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs onu 5 il müddətinə özgəninkiləşdirə bilməz. Sənəd bu məhdudiyyətin bələdiyyənin qərarında və tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmasına dair məsələləri tənzimləyir. Qanun layihələri təsdiq olundu.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun məlumatından sonra deputatlar “Yeyinti məhsulları haqqında”, “Meliorasiya və irriqasiya haqqında” qanun layihələrində edilən dəyişikliklərə də müsbət münasibət bildirdilər.
İclasda daha sonra Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarıldı. Milli Məclisin deputatı Rafael Cəbrayılov bildirdi ki, layihələr “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 6.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır. Dəyişikliklər torpaqların, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə olunmasına görə cinayət məsuliyyəti müəyyən edən qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutur. Hər iki qanun layihəsi təsdiq olundu.
Daha sonra İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsini müzakirəyə təqdim etdi. Bildirdi ki, qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli və 07 avqust 2015-ci il tarixli 575 nömrəli fərmanlarının icrası ilə əlaqədar bir sıra dövlət layihələrinin maliyyələşdirilməsi üçün lazım olan vəsaitin cəlb edilməsindən ötrü sözügedən Qanunla təsdiq edilmiş daxili dövlət borclanmasının yuxarı həddinin (limitin) 3 milyard manat artırılaraq 4,5 milyard manat olmasını nəzərdə tutur. Qanun layihəsi qəbul edildi.
İclasda “Dövlət qulluğu haqqında” qanun layihəsinə edilən dəyişiklik də müzakirə olundu. Deputat Rəfael Cəbrayılov sənədi şərh edərkən bildirdi ki, dəyişiklik təsnifat dəyişikliyi ilə bağlıdır. Belə ki, indiyə qədər birinci kateqoriya dövlət orqanı hesab olunan Azərbaycan Ali Məhkəməsi ali kateqoriyalı dövlət orqanı sayılacaq. Sənəd səsə qoyularaq məqbul sayıldı.
Sonra “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Yol hərəkəti haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirə olunaraq səsvermə yolu ilə qəbul edildi.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Babək rayonunun Qoşadizə kəndinin Babək qəsəbəsinə birləşdirilməsi haqqında qanun layihəsini təqdim etdi. Bildirildi ki, Qoşadizə kəndi sosial-iqtisadi, kommunikasiya, kommunal təsərrüfat, əhalinin məşğuliyyəti baxımından Babək qəsəbəsi ilə sıx əlaqəlidir. Deputat İsa Həbibbəyli də Qoşadizə kəndinin Babək qəsəbəsinə birləşdirilməsinin tamamilə doğru addım olduğunu diqqətə çatdırdı. Qanun layihəsi səsə qoyularaq təsdiq olundu.
Milli Məclisin iclasında son olaraq “Publik hüquqi şəxslər haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Layihə ilə bağlı deputat Rafael Cəbrayılov məlumat verdi. Qeyd olundu ki, qanunun qəbulunda məqsəd Azərbaycan Konstitusiyasına uyğun olaraq publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydalarını müəyyən etməkdir. Publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan, fəaliyyətlə məşğul olan, dövlət və bələdiyyə orqanı olmayan təşkilatdır.
Müzakirələr zamanı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, deputatlardan Məlahət İbrahimqızı, Asim Mollazadə layihəyə münasibətlərini bildirdilər. Qanun layihəsi birinci oxunuşda qəbul edildi.
Milli Məclisin Sədri Oqtay Əsədov yaxın günlərdə gələn ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan məsələlərin müzakirəyə çıxarılacağını bildirdi. Spiker deputatları müzakirələrdə fəal olmağa çağırdı.
Bununla da Milli Məclisin payız sessiyasının ilk iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti