MİLLİ MƏCLİSİN KOMİTƏLƏRİNDƏ 2016-cı İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİ MÜZAKİRƏ EDİLDİ

Tədbirlər
02 oktyabr 2015 | 05:10   
Paylaşın:        
Oktyabrın 2-də Milli Məclisin İqtisadi siyasət, Təhlükəsizlik və müdafiə, Təbii  ehtiyatlar, energetika və ekologiya, Sosial  siyasət və Aqrar  siyasət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə  zərfinə daxil olan  digər  sənədlərin  müzakirəsi keçirildi. 
İclası aparan  İqtisadi siyasət komitəsinin sədri Ziyad  Səmədzadə  büdcə layihəsi barədə fikirlərini söylədi.  Bildirdi ki, 2016-cı ilin dövlət büdcəsi ölkənin ali maliyyə sənədidir və o, həmişə dövlət başçısı cənab İlham Əliyevin diqqət mərkəzində olub. Həyata keçirilmiş uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı inkişaf etmiş və son 10 ildə bir sıra nailiyyətlər əldə olunmuşdur. Lakin Azərbaycan dünyanın bir parçası olduğundan baş verən qlobal proseslər, hadisələr ölkəmizin iqtisadiyyatına da təsir edib. Dünyada neftin qiymətinin aşağı olması bir çox ölkələrdə olduğu kimi, Azərbaycana da təsir edib, gəlirlərimizin azalmasına səbəb olub. Bütün bunlar Azərbaycan hökumətindən dövlət büdcəsinin hazırlanmasına yeni yanaşmalar tələb edir. Azərbaycan hökuməti, respublikanın büdcə siyasəti ilə məşğul olan strukturları bunları nəzərə alaraq, öz təkliflərini veriblər. Bu təkliflər dünyada baş verən proseslərin təsirinin azaldılmasını özündə ehtiva edir. Buna baxmayaraq, 2016-cı ilin dövlət büdcəsi ölkədə həyata keçirilən sosial proqramların davam etdirilməsinə rəvac verir.
 Çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, 2016-cı ilin dövlət və icmal büdcəsi, eləcə də büdcə sisteminə daxil olan sənədlər builki parlament seçkiləri ilə əlaqədar “Büdcə sistemi haqqında” Qanunda nəzərdə tutulan vaxtdan xeyli əvvəl hazırlanıb və Milli Məclisin müzakirəsinə təqdim edilib. Nazir qeyd etdi ki, 2016-cı ilin dövlət büdcəsinin hazırlanmasında dünya iqtisadiyyatında gözlənilən inkişaf meylləri nəzərə alınıb.
 Nazir il ərzində dünya iqtisadiyyatında baş verən proseslərə toxundu. Bildirdi ki, neftin qiymətinin kəskin aşağı düşməsi və dövlət gəlirlərinin azalmasına baxmayaraq, "Fitch" və "Standart & Poor`s" beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini əvvəlki səviyyədə saxlayıb.
 Samir Şərifov 2016-cı ilin dövlət büdcəsində sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını diqqətə çatdırdı. Bildirdi ki, 2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollardan götürülüb. 2016-cı ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2%-i olmaqla, mütləq ifadədə 14,566 mlrd. manat nəzərdə tutulub. Bu da 2015-ci ilin göstəricisindən 4,872 mlrd. manat və ya 25,1% azdır. 2016-cı ilin dövlət büdcəsinin gəlirlərinin 46,5%-i və ya 6,773 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 mlrd. manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 mln. manat və yaxud 7,2% azdır. Gələn il həmin məbləğin 4 mlrd. 812 mln. manatı (2015-ci il səviyyəsində) qeyri-neft sektorunun, 1 mlrd. 790 mln. manatı isə neft sektorunun payına düşəcək. 2016-cı ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla, 1 mlrd. 590 mln. manat proqnozlaşdırılır ki, bu da 2015-ci il səviyyəsindədir. 
S.Şərifov bildirdi ki, gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə 6 mlrd. manat transfert nəzərdə tutulur ki, bu da 2015-ci illə müqayisədə 2,130 mlrd. manat və yaxud 26,2% az deməkdir.
Onun sözlərinə görə, 2016-cı il dövlət büdcəsinin xərcləri ÜDM-in 28,2%-i həcmində, mütləq ifadədə isə 16,264 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 4,836 mlrd. manat və yaxud 22,9% az deməkdir.
İclasda  iştirak  edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxışında bildirdi ki, son illərdə dünyada gedən proseslər nəzərə alınaraq ölkəmizdə 2016-cı ildə inflyasiya 3,3 faiz proqnozlaşdırılır. Ölkənin ödəmə qabiliyyətini müəyyən edən tədiyyə balansının növbəti illərdə də müsbət saldosu qorunacaqdır. 
2016-cı ildə ticarət balansı 7,6 mlrd dollar, cari hesab balansı isə 1,9 mlrd. dollar müsbət saldo ilə proqnozlaşdırılmışdır. 2016-cı ildə Ümumi Daxili Məhsul 1,8 faiz artımla proqnozlaşdırılmışdır.  
Gələn il neft hasilatı 40,7 milyon ton olacaqdır. Neft sektorunun əvvəlki ilə nisbətən 1,7 faiz azalacağı gözlənilir. 2016-cı ildə qeyri-neft sektoru 5,3 faiz  artacaqdır. 
2016-cı ildə sahibkarlığın və sənayenin inkişafı dövlətin diqqət mərkəzində olacaqdır.  Ümumiyyətlə, növbəti illərdə qeyri-neft sənayesində 9 faiz, aqrar sektorda isə 5,5 faiz artım proqnozlaşdırılır.
Sonra  iclasda  büdcə  layihəsi ilə bağlı  Hesablama Palatasının rəyi  dinlənildi. Palatanın sədri Vüqar Gülməmmədov bildirdi ki, 2016-ci il dövlət büdcəsinin tərtibi zamanı gəlir və xərclərin tam şəffaflığı qorunub. Növbəti ilin büdcə layihəsində ötən illərdə olduğu kimi, dövlət başçısı tərəfindən prioritet hesab edilmiş müdafiə və sosial sahələrə diqqət davam etdirilmişdir. Büdcənin vergili gəlirlərinin cari illə müqayisədə 4,1 faiz, qeyri-vergili gəlirlərin isə 25,4 faiz az olacağı gözlənilir. Büdcənin xərcləri isə ÜDM-ə nisbəti 28,2 faiz nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 7,1 faiz bənd azdır.  
2016-cı ildə investisiya proqramlarının maliyyələşdirlməsinə 5,7 mlrd. manat vəsait nəzərdə tutulmuşdur ki, bu da əsasən keçid layihələrini əhatə edəcəkdir.
Sonra büdcə layihəsi ilə bağlı müzakirələr aparıldı, rəy və təkliflər səsləndirildi. Sosial  siyasət  komitəsinin sədri Hadi Rəcəbli, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlardan  Vahid  Əhmədov, Əhliman Əmiraslanov, Əli Məsimli, Zahid  Oruc, Aydın Mirzəzadə, Elton Məmmədov, Fuad  Muradov çıxış edərək 2016-ci il  dövlət  büdcəsinin sosialyönümlü  layihə olduğunu  qeyd  etdilər. Çıxışlar zamanı maliyyə nəzarətinin gücləndirilməsinin vacibliyi də vurğulandı. 
İclasda  çıxış edən  Milli Məclis  Sədrinin müavini, Təbii  ehtiyatlar, energetika  və ekologiya komitəsinin sədri  Valeh Ələsgərov bildirdi ki, büdcə daxilolmalarının artması üçün müvafiq sahələrə dəstək verməliyik. Birinci növbədə ixraca yönəlmiş sahələr diqqət mərkəzində olmalıdır. Bundan başqa, regionlar öz hesablarına yaşamağı öyrənməlidirlər, dövlət onlara vəsait ayırmamalıdır. 
Sonra çıxış edən maliyyə naziri Samir Şərifov suallara və deyilən fikirlərə cavab verdi, iclasda  səslənən  təkliflərə bir  daha baxılacağını dedi.
Müzakirələrdən sonra büdcə layihəsi parlamentin plenar iclasında baxılmağa tövsiyə olundu.

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU