AVRONEST PARLAMENT ASSAMBLEYASININ İKİNCİ SESSİYASINDA
Aprelin 3-də Avronest Parlament Assambleyasının ikinci növbəti Sessiyasının fasilədən sonra davamında həmsədr Kristian Vigenin və Boris Tarasyuk gündəlikdəki məruzələri təqdim etdilər.
Əvvəlcə qrumun Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitədə təsdiq edilmiş “ Şərq tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyətinin gücləndirilməsi və əməkdaşlığı” ilə bağlı məruzə İvan Voliç tərəfindən edildi. Qeyd edildi ki, sənəddə vətəndaş cəmiyyətinin Aİ Şərq tərəfdaşlığı çərçivəsində iştirakının dəstəklənməsi və digər məsələlər öz əksini tapıb.
Çıxış edən Azərbaycan, Polşa və Kipr nümayəndələri ölkələrinin şərq tərəfdaşlığı üzrə Aİ ilə sıx əməkdaşlıq etdiklərini və iqtisadi, siyasi inteqrasiya uğrunda mühüm addımlar atdıqlarını söylədilər.
Sonra Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitədə müzakirə olunmuş “Demokratik gələcəyin qarşısında duran məqsədlər” haqqında məruzə təqdim edildi. Məruzəni Əli Hüseynli təqdim edərk qeyd etdi ki, Aİ ilə Şərq tərəfdaşları dövlətləri arasında eyni demokratik dəyərlər mövcuddur. Məruzəçi ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində atılan addımlardan söhbət açdı. Sənəddə demokratik idarə sistemi, kütləvi informasiya vasitələrinin azadlığı və s. məsələlər öz əksini tapmışdır.
Daha sonra İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Aİ siyasəti ilə uyğunluq üzrə komitənin təqdim etdiyi “Dərin və hərtərəfli azad ticarət zonalarının yaradılması” ilə bağlı məruzə təqdim olundu. Məruzədə quruma üzv dövlətlərdə azad iqtisadi zonaların yaradılması və beynalxalq ticarətlə bağlı məsələlərə toxunuldu.
Qurumun Enerji Təhlükəsizliyi üzrə komitəsində müzakirə edilərək qəbul edilən “ Bərpa olunan enerji mənbələri” haqqında məruzə dinlənildi. Çıxış edən Avropalı parlamentarilər enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunu xüsusi vurğulayaraq ölkəmizlə əməkdaşlığa önəm verdiklərini bildirdilər.
Sonda müzakirə olunan məsələlər üzrə səsvermə aparıldı. Təqdim olunan sənədlər səs çoxluğu ilə qəbul edildi.
Bununlada sessiyanın 1-ci iş günü başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti