MİLLİ MƏCLİSİN İCLASINDA BİR SIRA QANUNLARA DƏYİŞİKLİKLƏR EDİLDİ

Tədbirlər
06 oktyabr 2015 | 06:10   
Paylaşın:        
Oktyabrın 6-da Milli Məclisin payız sessiyasında növbəti iclası keçirildi. Gündəliyin təsdiqindən sonra Milli Məclisin Sədri Oqtay Əsədov deputatlara söz verdi. 
Əvvəlcə deputatlar “Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında” və Azərbaycan Respublikası Hökuməti ilə Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında notalar mübadiləsi formasında Sazişləri təsdiq etdilər. 
Sonra bildirildi ki, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2014-cü il 16 dekabr tarixli Qanuna uyğunlaşdırmaq məqsədilə “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanunlara, İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrinə, həmçinin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklər edilməsi təklif olunur. Təklif olunan dəyişikliklərin əhəmiyyəti nəzərə alınaraq onlar səsə qoyularaq təsdiq edildi.
İclasda “Dini etiqad azadlığı haqqında” Qanuna da dəyişiklik edildi. Bildirildi ki, bu dəyişikliyə görə, müvafiq icra hakimiyyəti orqanına dini təyinatlı ədəbiyyatın və başqa məlumat materiallarının satış məntəqələrində yoxlamalar aparmaq və din sahəsində mütəxəssislərin hazırlanması üçün kurslar təşkil etmək səlahiyyəti verilir. 
 “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 14-cü maddəsinə təklif olunan dəyişiklik isə dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyinin alınmasını nəzərdə tutur. 
Məlumat verildi ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna ediləcək dəyişiklik isə Dini qurumlarla iş üzrə Dövlət Komitəsi haqqında Əsasnamədə edilmiş dəyişikliyin icrasını təmin etmək məqsədi daşıyır. Hər üç qanuna təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edildi.
Sonra iclasda “Müflisləşmə və iflas haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlara da dəyişikliklər edildi. Bildirildi ki, bu dəyişikliklər həmin qanunlarla “Müflisləşmə və iflas haqqında” Qanun arasındakı uyğunsuzluğu aradan qaldırır.
Millət vəkilləri “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Təhsil haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Yol hərəkəti haqqında”, “Polis haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” Qanunlara, İnzibati Xətalar, Cinayət, Cinayət-Prosessual, Cəzaların İcrası məcəllələrinə dəyişikliklər etdilər. Bildirildi ki, bu dəyişikliklər ölkə qanunvericiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir. 
İclasda “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” 1993-cü il 6 dekabr tarixli Qanunda da dəyişiklik edildi. Belə ki, layihənin 1-ci hissəsindəki “xalq təhsili” ifadəsi “hüquq, təhsil” sözlərilə əvəz olundu.
Millət vəkilləri Azərbaycan Respublikası Konstitusiyasının 93-cü maddəsinin IV hissəsinə uyğunlaşdırma məqsədilə  “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Milli arxiv fondu haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Mədəniyyət haqqında” qanunlara da dəyişikliklər etdilər.
İclasda “İnzibati icraat haqqında” Qanuna dəyişikliklər edilməsi barədə 2014-cü il 28 oktyabr tarixli Qanunun tətbiqi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində də dəyişikliklər edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.

Milli Məclisin
                       Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU