SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏR MÜZAKİRƏ OLUNDU

Komitə iclasları
07 oktyabr 2015 | 06:10   
Paylaşın:        
Oktyabrın 7-də Milli Məclisin Sosial siyasət Komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, iclasın gündəliyinə 2016-cı ilin büdcə zərfinə daxil olan Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi, gələn il üçün yaşayış minimumu haqqında, 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında qanun layihələri daxil edilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında məlumat verən fondun sədri Elman Mehdiyev bildirdi ki, gələn il üçün fondun gəlirləri  3 milyard 78,6 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 0,7 faiz  çoxdur. Qeyd olundu ki, 2016-cı ildə fondun gəlirləri ilə xərcləri üst-üstə düşür. Gələn ildə pensiyaçılara olunacaq ödəmələrə 2 milyard 923 milyon 588 min manat  vəsait ayrılmışdır.
Sonra komissiya üzvlərinə 2016-cı il üçün yaşayış minimumu haqqında məlumat verildi. Bildirildi ki, layihədə gələn il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 117 manat məbləğində müəyyən edilir.
Məlumat verildi ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 2016-cı il üçün ehtiyac meyarının həddi isə 105 manat məbləğində nəzərdə tutulur. 
Sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirdi ki, ölkədə aparılmış uğurlu sosial islahatlar Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artmasını şərtləndirmişdir. Sənəd ölkənin makroiqtisadi inkişafına və sosial siyasətə uyğun hazırlanmışdır. Hesablama Palatası hesab edir ki, fondun büdcə layihəsi “Büdcə sistemi haqqında” Qanuna uyğundur və Milli Məclisin iclasında müzakirəyə tövsiyə edilə bilər.
Sonra çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırov, Maliyyə Nazirliyinin nümayəndəsi Xəqani Rzayev, deputatlardan Musa Quliyev, Elmira Axundova, Əhliman Əmiraslanov, Yaqub Mahmudov, İlham Məmmədov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə 2016-cı il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsini və büdcə zərfinə daxil olan digər sənədləri yüksək qiymətləndirdilər. Qeyd olundu ki, büdcənin gəlirlərinin azalmasına baxmayaraq, 2016-cı ildə gəlirlərin 36,1 faizinin sosial sahəyə yönəldilməsi təqdirəlayiq haldır.
Deputatların və mütəxəssislərin fikirləri dinlənildikdən sonra gündəlikdəki bütün məsələlər Milli Məclisin iclasında müzakirəyə tövsiyə edildi.

Milli Məclisin
 Mətbuat xidməti    

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU