Milli Məclisin plenar iclasında 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılmışdır

Tədbirlər
14 oktyabr 2015 | 08:10   
Paylaşın:        
Oktyabrın 13-də Milli Məclisin növbəti iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi  və büdcə paketinə daxil olan digər qanun layihələri müzakirəyə çıxarıldı.
İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, iclasda Baş nazir Artur Rəsizadə və hökumət üzvləri iştirak edir. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının 2016-cı il üçün dövlət  büdcəsi layihəsidir. 
Sədr diqqətə çatdırdı ki, Son dövrdə dünya iqtisadiyyatında cərəyan edən proseslər bir sıra ölkələri ağır sınaqlara çəkmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşünülmüş sosial-iqtisadi inkişaf strategiyası bu proseslərin ölkəmizə təsirini azaltmağa imkan vermişdir. Bütün problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub saxlamışdır. Nazirlər Kabinetinin təqdim etdiyi büdcə zərfinin sənədləri göstərir ki, növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılır. Bu artım ölkə iqtisadiyyatının neft amilindən asılılığının getdikcə zəifləməsinin təzahürüdür. 
Sədr qeyd etdi ki, göründüyü kimi, 2016-cı ilin dövlət büdcəsinin gəlir və xərclərində cari illə müqayisədə azalma baş vermişdir. Buna baxmayaraq, əvvəlki illərdə olduğu kimi, büdcənin sosial yönümlülüyü qurunub saxlanılır. Gələn il bu xərclərin xüsusi çəkisi 2014-cü ilin faktiki göstəricisi ilə müqayisədə 8,6 faiz-bənd artımla nəzərdə tutulur. 
Büdcədə azalmanın əksər hissəsi Dövlət Neft Fondundan edilən transferin payına düşür. Cari ildə Fonddan edilən  transfer 10,4 milyard manat nəzərdə tutulmuşdursa, 2016-cı il üçün bu rəqəm 6 milyard manat proqnozlaşdırılır. Azalma 42 faiz təşkil edəcəkdir.   
Sədr bildirdi ki, büdcə xərcləri isə əsas etibarilə, əvvəllər planlaşdırılmış investisiya layihələrinin müəyyən müddətə təxirə salınması hesabına azaldılacaqdır. Sədr bir məqamı xüsusi qeyd etdi ki, xərclərin azalması artıq icrasına başlanılmış önəmli infrastruktur layihələrinin maliyyələşdirilməsinə təsir göstərməyəcəkdir. 
Eyni zamanda, neft sektorunda məhsul istehsalının həcmi 2 faizə yaxın azalma ilə nəzərdə tutulduğu halda, qeyri-neft sektorunda 3,4 faiz artım proqnozlaşdırılır. Bunun nəticəsi olaraq, qeyri-neft sektoru  mənbələrindən dövlət büdcəsinə daxilolmaların həcmi 47 faizə çatacaqdır. Bu isə cari illə müqayisədə 12 faiz-bəndə yaxın artım deməkdir.
Vergilər Nazirliyi xətti ilə büdcə daxilolmalarının həcmində qeyri-neft sektorunun payının 73 faiz proqnozlaşdırması da bunun əyani göstəricisidir.
Ölkənin müdafiə qüdrətinin və milli təhlükəsizliyinin gücləndirilməsi əvvəlki illərdə olduğu kimi, diqqət mərkəzində saxlanılır və bu məqsədlər üçün büdcədən lazımi qədər vəsait ayrılır. 
Sədr qeyd etdi ki, 2016-cı ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin birgə iclaslarında geniş müzakirə olunmuş və Milli Məclisin plenar iclasına təqdim edilmişdir.  
Dünən dövlət başçımız möhtərəm cənab İlham Əliyevin Nazirlər Kabinetinin ötən 9 ayın yekunlarına həsr olunmuş iclasında çıxışını xatırladan Milli Məclisin Sədri Oqtay Əsədov həm hökumət, həm də parlament üzvlərinin bu çıxışdan irəli gələn məsələləri çox diqqətlə təhlil edəcəklərinə və gələcək fəaliyyətlərində bu proqram xarakterli çıxışdan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə əminliyini ifadə etdi.    
Sonra 2016-cı ilin dövlət büdcəsinin layihəsi barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki,  qlobal dünya böhranı şəraitində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda  həyata keçirilmiş tədbirlər nəticəsində ölkəmiz bu  sınaqdan ləyaqətlə çıxdı və böyük risklərə məruz qalmadı.      Ölkəmizin iqtisadi strukturları birgə çalışaraq 2016-cı ilin büdcə layihəsi kimi çox kamil bir sənəd hazırlayıb Milli Məclisə təqdim ediblər. Təbii ki, bizim problemlərimiz də var. Bizim hədəflərimiz yaranmış əlverişli demoqrafik şəraitə uyğun olaraq yeni iş yerlərinin yaradılmasıdır. Əlbəttə ki, indiki şəraitdə 30 min iş yerinin bağlanması Azərbaycan üçün ciddi məsələdir. Biz bu məsələni sistemli şəkildə təhlil etməliyik və imkan verməməliyik ki, işsizlik müəyyən həddən yuxarı olsun. Artıq bu istiqamətdə böyük işlər görülür, yeni iş yerləri yaradılacaq.
Komitə sədri diqqətə çatdırdı ki, dövlət başçısının təşəbbüsü ilə yaxın zamanlarda Vergilər Məcəlləsinə növbəti dəfə dəyişiklik ediləcək ki, bu da birbaşa sahibkarlığın inkişafına yönələcək. Çünki elə sahələr var ki, orada yeni iş yerləri yaratmaqla dövlətin gəlirlərini artıra bilərik. Belə olan halda da, Neft Fondunda toplanmış vəsaitləri iri layihələrə cəlb edə bilərik. Həmçinin gizli iqtisadiyyatın ildə iki-üç faiz aşağı düşməsini reallaşdıra bilsək, bu, iqtisadiyyatın inkişafında böyük nailiyyətə səbəb olar.
Ziyad Səmədzadə onu da əlavə etdi ki, Azərbaycan dünyanın ən az borcu olan ölkələrindəndir. Manatın devalvasiyasından sonra borclanma bir az artsa da, təxminən dünyanın 130 ölkəsi arasında yaxşı mənada borclanmaya görə sonuncu üçüncü və ya dördüncü yeri tuturuq.
Sonra maliyyə naziri Samir Şərifov 2016-cı ilin dövlət büdcəsinin və icmal büdcənin əsas göstəriciləri barədə ətraflı məlumat verdi. Nazir bildirdi ki, Azərbaycanın qonşu ölkələrində, xüsusilə Rusiyada baş verən tənəzzül Müstəqil Dövlətlər Birliyi ölkələrinə də təsir edib. 
Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlıq nümayiş etdirib. Cari ildə Azərbaycan iqtisadiyyatı 3,7% artıb. Həmin dövrdə qeyri-neft sektorunda 6,4% artım qeydə alınıb. Ölkə iqtisadiyyatına xarici mənfi təsirlərin azaldılması üçün büdcə-fiskal tədbirləri görülüb.
Samir Şərifov qeyd etdi ki, 2016-cı ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2%-i olmaqla, mütləq ifadədə 14,566 mlrd. manat nəzərdə tutulub ki, bu da 2015-ci ilin göstəricisindən 4,872 mlrd. manat və ya 25,1% azdır. 2016-cı ilin dövlət büdcəsinin gəlirlərinin 46,5%-i və ya 6,773 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək.
 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 mlrd. manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 mln. manat və yaxud 7,2% azdır. Gələn il həmin məbləğin 4 mlrd. 812 mln. manatı (2015-ci il səviyyəsində) və yaxud 72,9%-i qeyri-neft sektorunun, 1 mlrd. 790 mln. manatı və yaxud 27,1%-i isə neft sektorunun payına düşəcək. 2016-cı ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla, 1 mlrd. 590 mln. manat proqnozlaşdırılır ki, bu da 2015-ci il səviyyəsindədir. Dövlət Gömrük Komitəsi üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi isə 3,8% səviyyəsində olacaq.
2016-cı ilin dövlət büdcəsinin xərcləri 16,264 milyard manat  proqnozlaşdırılır. 2016-cı ildə Azərbaycanın büdcə xərclərinin ünvanlılığını artırmaq üçün “digər xərclər” maddəsi üzrə planlaşdırılmış xərclər cari illə müqayisədə 350 milyon manat və ya 20,3 faiz azaldılıb.
Nazirin sözlərinə görə, büdcə xərclərindən 5,364 milyard manat konkret layihələrin maliyyələşdirilməsinə yönəldiləcək ki, bu da ünvanlılığın artırılmasının əsas şərtlərindən biridir.
Nazir bildirdi ki, 2016-cı ilin icmal büdcəsinin gəlirləri 16,72 milyard manat, xərcləri isə 19,907 milyard manat səviyyəsində proqnozlaşdırılır. İcmal büdcəyə daxil olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri 3,079 milyard manat səviyyəsində olacaq ki, bunun da 35,7 faizini (1,1 milyard manat) dövlət büdcəsindən transfertlər təşkil edəcək.
Samir Şərifov qeyd etdi ki, 2016-cı il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin xərcləri 8,2 milyard manat səviyyəsində planlaşdırılıb ki, bu da cari ilin analoji göstəricisindən 33,4 faiz (4,105 milyard manat) azdır. 
Nazir əlavə etdi ki, gələn il Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri 351 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu vəsaitin 19,6 faizi (69 milyon manat) MR-in öz vəsaitləri, 80,4 faizi isə (282 milyon manat) dövlət büdcəsindən dotasiyalar hesabına formalaşdırılacaq.
2016-cı ilin büdcə kəsiri 1 698 milyon manat və ya ÜDM-in (onun həcmi 57,7 milyard manat həcmində müəyyənləşdirilib) 2,9 faizi səviyyəsində proqnozlaşdırılır.
Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edərək bəzi göstəricilərlə bağlı məlumat verdi. Nazir dedi ki, dünyada geosiyasi risklərin artması, qlobal enerji bazarında qeyri-sabitlik, Azərbaycanın partnyorları olan ölkələrdə milli valyutaların ucuzlaşması orta və uzunmüddətli dövrdə qabaqlayıcı tədbirləri zəruri edir.
 Onun sözlərinə görə, dünya iqtisadiyyatında baş verən proseslər xüsusilə valyuta ehtiyatlarından səmərəli istifadənin, sahibkarlığa dəstəyin, biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərinin əhəmiyyətini artırır.
 Nazir əlavə etdi ki, dünya iqtisadiyyatında mövcud risklər təhlil edilib və qarşıdakı 3 ildə makroiqtisadi proqnozlarla bağlı müxtəlif ssenarilər hazırlanıb.
 Şahin Mustafayev qeyd etdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatında artımın 1,8% olacağı, qarşıdakı 3 ildə isə 3,7%-lik artım proqnozlaşdırılır. Gələn il ölkədə inflyasiya 3,3% səviyyəsində gözlənilir.
 Nazir onu da vurğuladı ki, makroiqtisadi proqnozlarda gələn il və qarşıdakı 3 il ərzində neftin baza qiyməti 50 dollar götürülüb.
Sonra çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədə həyata keçirilən pul-kredit siyasəti barədə məlumat verdi.
Elman Rüstəmovun sözlərinə görə, AMB-nin maliyyə sabitliyi siyasəti bankların dayanıqlığı və kredit aktivliyi arasında düzgün balansın təmin olunmasına yönəlib. Hazırda banklar iqtisadiyyatı kreditləşdirməkdə davam edir. İl ərzində 7,5 mlrd. manat, o cümlədən 5 mlrd. manatdan çox biznes krediti verilib.
 Mərkəzi Bankın rəhbəri əlavə etdi ki, bankların kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Belə ki, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi cəmi 6,5%-dir. Sektorun maliyyə dayanıqlığının əsas göstəricisi olan kapital adekvatlığı 17%-dir. Bu göstərici beynəlxalq standartlara görə, 8% olmalıdır. Sektorun məcmu kapitalı son ildə iki dəfə artaraq 4,2 milyard manata çatıb. Bankların likvidliyi 60-70% olmaqla, minimum tələbləri iki dəfədən çox üstələyir. Stress-testlər göstərir ki, bank sektoru ən pessimist ssenaridə belə, ödəniş qabiliyyətini qoruyub saxlaya bilir.
Sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov  gələn ilin dövlət büdcəsi ilə bağlı palatanın rəyini açıqladı. Bildirildi ki, gələn ilin dövlət büdcəsi hazırlanarkən verilmiş bütün proqnozlar elmi əsaslara söykənir. Palata sədri qeyd etdi ki, 2016-ci ilin dövlət büdcəsinin tərtibi zamanı gəlir və xərclərin tam şəffaflığı qorunmuşdur. Növbəti ilin büdcə layihəsində ötən illərdə olduğu kimi, dövlət başçısı tərəfindən prioritet hesab edilmiş müdafiə və sosial sahələrə diqqət davam etdirilmişdir.
Müzakirələr zamanı çıxış edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlardan Musa Quliyev, Tahir Rzayev, Aydın Mirzəzadə, Qənirə Paşayeva, İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Fazil Mustafa, İsmayıl Hacıyev, Əli Məsimli, Azər Badamov, Fərəc Quliyev, Sahib Alıyev, Elmira Axundova, Bəxtiyar Əliyev, Fəzail Ağamalı 2016-cı ilin dövlət büdcəsi layihəsini yüksək qiymətləndirdilər və sənədin dünyada davam edən iqtisadi böhran şəraitindəki risklər nəzərə alınmaqla peşəkarlıqla hazırlandığını qeyd etdilər.
İclasın sonunda müzakirələrin sabah davam etdirilməsi qərara alındı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU