MİLLİ MƏCLİSDƏ 2016-cı İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİ BAŞA ÇATDI
Oktyabrın 14-də Milli Məclisdə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirildi.
Milli Məclisin Sədri Oqtay Əsədovun sədrliyi ilə keçən iclasda müzakirələr zamanı deputatlar “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər, təkliflərini səsləndirdilər. Çıxışlarda layihənin yüksək səviyyədə hazırlandığı vurğulandı, dövlət büdcəsinin sosial yönümlü olması və reallığa əsaslanması qeyd olundu.
Milli Məclis Sədrinin müavini Bahar Muradova çıxış edərək bildirdi ki, biz artıq bir neçə gündür büdcə ətrafında müzakirələr, təhlillər aparırıq. Ən ciddi təhlil, ən hərtərəfli analiz isə Prezident tərəfindən hökumətin iclasında edildi. Bu təhlil və analiz həm beynəlxalq miqyası, həm də Azərbaycanın yerləşdiyi bölgəni əhatə etdiyi üçün bununla bağlı bizim əlavə fikirlərimiz bu təhlili daha da möhkəmləndirməyə xidmət edir.
Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, bir çox millət vəkilləri yeni seçki kampaniyasında iştirak edir. Ona görə hökumətə əvvəlki ildən fərqli olaraq layihəyə baxılması üçün 10 gün yox, 6 gün vaxt verilməsi nəzərdə tutulur. Büdcə səsverməsinin bu ayın 20-də keçırılməsi planlaşdırıldı.
Sonra gündəlikdə olan “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" qanun layihəsinə baxıldı. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sənədlə əlaqədar çıxışında bildirdi ki, gələn il üçün Fondun gəlirləri 3 milyard 79 milyon manat nəzərdə tutulur. 2016-cı ildə Fondun gəlirlərinin 64 faizinin və ya 1 milyard 972 milyon 200 min manatının sosial sığorta yığımları hesabına təmin ediləcəyi proqnozlaşdırılır. Sosial sığorta haqları üzrə daxilolmaların 1 milyard 325 milyon 740 min manatı qeyri-büdcə təşkilatlarının payına düşür ki, bu da əvvəlki illərdə olduğundan 1,8 dəfə çoxdur. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin mədaxillərinin yeni iş yerlərinin yaranması xətti ilə yüksəlməsi və bu hesaba vətəndaşların pensiya təminatının daha da artırılması dövlət başçısının daim diqqət mərkəzindədir. Fondun büdcəsinin 2 milyard 923 milyon 588 min manatı bilavasitə əmək pensiyalarının ödənilməsinə yönəlib. Fondun gələn il üçün mədaxil məxaric göstəriciləri bu günün reallıqlarına tam cavab verir.
Fasilədən sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev "Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üzrə büdcəsi haqqında" qanun layihəsini ətraflı şərh etdi. Natiq çıxışında bildirdi ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyası uğurla icra olunmaqdadır. Pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi və sığorta-pensiya sisteminin dayanıqlı inkişafı “Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi layihəsi”nin əsas məzmununu təşkil edir. Layihədə Azərbaycanın növbəti ilə gözlənilən əsas makroiqtisadi göstəriciləri və demoqrafik tendensiyalar nəzərə alınıb. Sənədin tərtibində ölkəmizin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin müasir prinsiplər əsasında əlaqələndirilməsini təmin edən sığorta-pensiya sisteminin cari ilin ötən dövründəki fəaliyyətinin əsas parametrlərinə istinad olunub.
Qeyd olundu ki, cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 milyard 185,2 milyon manat təşkil edib, sosial sığorta daxilolmaları ötən ilin müvafiq dövrünə nisbətən 5% artaraq 1 milyard 305 milyon manata çatıb. Bu artım tendensiyası dövlət büdcəsindən ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,5 milyon manat azalmasına səbəb olub. Bütün bunlar milli iqtisadiyyatın dayanıqlığı şəraitində əhalinin sosial sığortaya cəlb olunan gəlirlərinin artımını ifadə etməklə yanaşı, sığorta-pensiya sisteminin iştirakçılarının aktivliyinin yüksəldilməsinin nəticəsidir ki, ilin əvvəli ilə müqayisədə fərdi uçot sistemində qeydiyyata alınanların sayı 160 min nəfər artaraq 3 milyon 136 min nəfəri ötüb.
Sonra “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə baxıldı. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə sənədlə əlaqədar çıxış edərək bildirdi ki, layihədə 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.
İclasda “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi də müzakirə edildi. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dedi ki, qanun layihəsində ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənədin müzakirəsi zamani bildirildi ki, qanunun 4.1-ci maddəsi aşağıdakı redaksiyada verilir: “Bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən işçilərin maddi təminatını yaxşılaşdırmaq məqsədilə dövlət rüsumu ödənilən orqanların xüsusi hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir.”
Sonra parlamentin İşlər İdarəsinin müdiri Firudin Hacıyev “Milli Məclisin 2016-cı il üçün xərclər smetası haqqında qanun layihəsi”ni millət vəkillərinin diqqətinə çatdırdı. Şərhdə bildirildi ki, Milli Məclisin daxili nizamnaməsinin 52-ci maddəsinə əsasən Milli Məclisin xərclər smetası növbəti ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir. Milli Məclisin və onun aparatının 2016-cı il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəlləri, inzibati binaların mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələr və proqnozlara əsasən tərtib edilmişdir. Xərclər smetasının ümumi dəyərinin 71.7 faizini əməkhaqqı fondu və bununla əlaqədar ayırmalar təşkil edir.
Daha sonra iclasda “Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında” qanun layihəsinə baxıldı. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd etdi ki, təklif edilən layihəyə əsasən 2016-cı ilin dövlət büdcəsində Hesablama Palatasının saxlanılması üçün 3 milyon 825.5 min manat vəsait ayrılması nəzərdə tutulur. Bu da 2015-ci ilin proqnoz göstərici ilə müqayisədə 66,6 min manat azdır. Azalma əsasən cari əsaslı malları və xidmətləri əhatə edir. Palata üzrə xərclər smetasının ümumi məbləğinin 83.3 faizi əməyin ödənilməsinə sərf edilir. Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.
Sonda Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, müzakirə olunan büdcə və büdcə zərfinə daxil olan sənədlər oktyabr ayının 20-də Milli Məclisin IV çağırış payız sessiyasının son iclasında səsə qoyulacaq.
Bununla da Milli Məclis bugünkü işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti