MİLLİ MƏCLİSDƏ AVRONEST PARLAMENT ASSAMBLEYASININ İKİNCİ SESSİYASININ AÇILIŞ MƏRASİMİ OLDU

Tədbirlər
04 aprel 2012 | 02:04   
Paylaşın:        

Aprelin 3-də Bakıda, Azərbaycan Respublikası Milli Məclisinin binasında Avronest Parlament Assambleyasının ikinci sessiyasının rəsmi açılış mərasimi oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edirdi.
Sessiyanı giriş sözü ilə açan Milli Məclisin Sədri Oqtay Əsədov Prezident İlham Əliyevi və qonaqları salamladı, sessiyanın işinə uğurlar arzuladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi. Prezidentin nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı.
Sonra iclasda Avropa Parlamentinin sədri Martin Şultsun videomüraciəti nümayiş etdirildi. Müraciətdə Avropa Parlamentinin sədri Bakıda keçirilən sessiyada həmkarlarına uğurlar dilədi və Avronest çərçivəsində gələcək əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşdü.
Fasilədən sonra iclas proqram üzrə həmsədrlərin çıxışı, gündəlikdəki məsələlərin müzakirəsi ilə davam etdi. İclasa sədrlik edən Avronest Parlament Assambleyasının həmsədri Boris Tarasyuk çıxışında Azərbaycanın bu toplantını yüksək səviyyədə təşkil etdiyini deyərək ölkə rəhbərliyinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, son 7 ayda qurumda geniş iş aparılıb, Bakıda Assambleyanın 4 komitə iclasında işçi qrupda hazırlanmış sənədlər müzakirə edilib. Həmsədr diqqətə çatdırdı ki, biz siyasi bəyanatlardan konkret fəaliyyətə keçməliyik. Qonaq  bu tədbirin nəticə xarakterli sessiya olacağına əminliyini ifadə etdi. Bildirdi ki, Şərq Tərəfdaşlığı artıq Avropa İttifaqının ayrılmaz tərkib hissəsinə çevrilir.
Azərbaycanı Avropanın Şərqi paytaxtı adlandıran Avronest Parlament Assambleyasının həmsədri, Avropa Parlamentinin deputatı Kristian Vigenin isə öz çıxışında Avropa İttifaqının 15 ölkəsindən nümayəndələrin, Avropa Parlamentindən 40 parlamentarinin iştirak etdiyi Bakı toplantısında güclü heyətin təmsil olunduğunu dedi. Bildirdi ki, bu, Avropa İttifaqının, Avropa Parlamentinin tərəfdaş ölkələrlə güclü dialoqa sadiqliyini bir daha təsdiqləyir. Avropalı həmsədr Azərbaycanın toplantının keçirilməsi üçün yaratdığı texniki və siyasi imkanlara görə təşəkkürünü bildirdi. 11 ay əvvəl yaradılmış assambleyanın fəaliyyətinə nəzər salan həmsədr görülən işlərdən razılıq etdi. Qeyd etdi ki, üzv ölkələr əməkdaşlıq üçün böyük səy göstərib və nəticə etibarilə çox şeyə nail olunub. Komitələrdə hazırlanan və gələcək fəaliyyəti əks etdirən hesabatlardan danışan həmsədr bunun mühüm qərarlar olacağını söylədi.
Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Stefan Füle isə parlament diplomatiyasının rolundan danışaraq mövcud problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində aparılan dialoqun faydalı ola biləcəyini dedi. O, mədəniyyətlərarası dialoqun faydasını vurğulayaraq tərəfdaş ölkələrin paylaşacağı yaxşı təcrübələri, yerli hakimiyyətlə vətəndaş cəmiyyəti dialoqunun vacibliyini qeyd etdi.
Çıxışında ölkəmizin son 20 ildə əldə etdiyi uğurları xüsusi qeyd edən Füle dedi ki, Azərbaycan keçdiyi bu uzun yolda təkcə daxildə deyil, həm də beynəlxalq aləmdə böyük uğurlara nail olub. Sonuncu dəfə 2009-cu ildə Bakıda oluduğunu və hətta həmin səfərdən ötən müddətdə ölkəmizin böyük məsafə qət etdiyini deyən Avropalı komissar bildirdi ki, dözümlülük və dünyəvilik modeli olan Azərbaycanda güclü iqtisadiyyat inkişaf edir, infrastruktur yenilənir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, Avronest Parlament Assambleyasının toplantısına ev sahibliyi edir, Avroviziya Mahnı yarışmasını keçirməyə hazırlaşır. Heç də təsadüfi deyil ki, bu gün Bakıda ilk dəfə olaraq Brüsseldən kənarda Avronest Parlament Assambleyasının sessiyası keçirilir. Azərbaycandan  gözləntilər çox yüksəkdir - deyən Avropalı komissar  xalqımızın potensialından tam istifadə olunacağına ümidvar olduğunu söylədi.
Sonra iclasda prosedur qaydalarına dair 11 düzəliş paket şəklində səsə qoyularaq qəbul edildi və dərhal qüvvəyə mindi.
Nahar fasiləsindən sonra sessiyanın işi davam etdirildi.


Milli Məclisin
Mətbuat xidməti  

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU