VERGİ MƏCƏLLƏSİNDƏ DƏYİŞİKLİKLƏR EDİLDİ

Komitə iclasları
17 oktyabr 2015 | 01:10   
Paylaşın:        

Oktyabrın 16-da Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olundu.
Komitə sədri Ziyad Səmədzadə bildirdi ki, dövlətimizin həyata keçirdiyi müstəqil siyasət nəticəsində həyatın bütün sahələrində əhəmiyyətli uğurlar əldə olunub. Son illərdə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir, informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq edilir. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artır, dünyanın  tanınmış reytinq agentlikləri ölkəmizdəki iqtisadi yüksəlişi  təqdir edirlər.  Ölkədə aparılan vergi siyasəti də iqtisadiyyatın güclənməsinə əsaslı imkanlar yaradır. Bu sahənin gələcək inkişafı üçün vergi qanunvericiliyinin təkmilləşdirilməsi vacib rol oynayır. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər vergi ödəyicilərinə müxtəlif vergi güzəştlərinin verilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir.
İclasda çıxış edən vergilər naziri Fazil Məmmədov qanun layihəsi barədə ətraflı məlumat verdi. Bildirildi ki, Məcəlləyə edilən dəyişikliklər vergi ödəyicilərinin hüquqlarının müdafiəsinə, vergi nəzarətinin təkmilləşdirilməsinə,  əhalinin maddi rifahının yaxşılaşdırılmasına  xidmət edir. Dəyişikliklər əsasən fiziki şəxslərdən tutulan gəlir vergisinin sadələşdirilməsi, idman-mərc olyunlarından əldə edilən uduşlardan gəlir vergisinin dərəcəsi, gəlir vergisindən azadolmalar və güzəştlər, daşınmaz əmlakın istifadəsindən vergi tutulması, aksizli mallar üzərində vergi nəzarəti və bir sıra digər vacib  istiqamətləri əhatə edir.
Qeyd edildi ki,  ƏDV (Əlavə Dəyər Vergisi) ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər alınarkən onlara verilmiş elektron vergi hesab-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir.
Layihədə, həmçinin binaların tikintisi və satışı fəaliyyətini həyata keçirən, habelə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə tətbiq olunan vergitutma mexanizminin təkmilləşdirilməsi üçün onların sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olması təklif edilir. Bu zaman tikinti müəssisəsi seçdiyi vergitutma metodunu tikinti başa çatdırılanadək dəyişdirə bilməz.
Digər dəyişikliyə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan  şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir və bu vergi ticarət fəaliyyəti üzrə 6%, ictimai iaşə fəaliyyəti üzrə isə 8%  müəyyənləşdirilir.
Məcəlləyə nəzərdə tutulmuş digər əlavəyə əsasən, vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək  üçün vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə bilər.  Habelə, aksiz markaları ilə markalanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirməlidir.
Qanun layihəsi ətrafında aparılan geniş müzakirələr zamanı çıxış edən millət vəkilləri Xanhüseyn Kazımlı, Vahid Əhmədov, Səttar Mehbalıyev, İlham Əliyev, Rüfət Quliyev təklif edilən dəyişikliklərin məqsədəuyğun və zəruri olduğunu söylədilər. Vergi dərəcələrinin tənzimlənməsi, orta sahibkarlığın inkişafı, vergi inzibatçılığının gücləndirilməsi, vergi mədəniyyətinin yüksəlməsi istiqamətində mühüm addım kimi dəyərləndirdilər.
İclasın sonunda “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU