MİLLİ MƏCLİSİN İCLASINDA 2016-CI İLİN DÖVLƏT BÜDCƏSİ VƏ BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏR TƏSDİQLƏNDİ
Oktyabrın 20-də Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin parlamentdə müzakirəsi zamanı deputatların əksəriyyəti çıxış etmiş, bir sıra rəy və təkliflər səsləndirmişlər. Hökumət deputatların qaldırdıqları məsələləri bir daha müzakirə etmiş və gələn ilin əsas maliyyə sənədinə bəzi dəyişikliklər olunmuşdur.
Sonra maliyyə naziri Samir Şərifov çıxış edərək 2016-cı ilin dövlət büdcəsi layihəsinə edilən dəyişiklikləri deputatların diqqətinə çatdırdı.
Bildirildi ki, millət vəkillərinin irəli sürdüyü bəzi təkliflər hökumətin sosial-iqtisadi inkişaf konsepsiyasına aid olub. Nazir əlavə etdi ki, millət vəkillərinin konkret xərc tələb edən məsələlər barədə təklifləri ətraflı öyrənilib. Millət vəkillərinin qaçqın və məcburi köçkünlərin məskunlaşma, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı təklifləri nəzərə alınıb və bu məbləğ 50% artırılaraq 150 milyon manata çatdırılıb. Qeyd olunan artım Dövlət Neft Fondunun xərclərinin 50 milyon manat artımı hesabına baş verəcək. İcmal büdcənin xərclərinin yuxarı həddi 19,956 milyard manata çatdırılıb. ARDNF-nin gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 9,948 milyard manat təşkil edəcəkdir.
Nazir diqqətə çatdırdı ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdən biri aylıq gəlirləri 250 manatı keçənlərin gəlir vergisi üzrə tətbiq olunan güzəştdən kənarda qalması ilə bağlıdır ki, həmin güzəşt tətbiq olunan yuxarı həddin 2500 manata artırılması 500 mindən çox adamı əhatə edəcək və həmin şəxslərin aylıq gəlirlərinin 3-9 % çərçivəsində artmasına səbəb olacaq.
Maliyyə nazirinin çıxışından sonra 2016-cı ilin dövlət büdcəsi layihəsi səsə qoyularaq qəbul edildi.
Sonra büdcə zərfinə daxil olan “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında”, 2016-cı il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında qanun layihələri səsə qoyularaq təsdiq edildi.
İclasda “Dövlət rüsumu haqqında” Qanun layihəsinə də dəyişiklik edildi. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, dəyişikliyə əsasən, bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən işçilərin maddi təminatını yaxşılaşdırmaq məqsədilə dövlət rüsumu ödənilən orqanların xüsusi hesabına köçürüləcək, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödəniləcək.
Sonra Milli Məclisə paket şəklində daxil olmuş Vergi, Mülki Prosessual, Miqrasiya, Cinayət və İnzibati Xətalar məcəllələrinə və "İcra haqqında" Qanuna dəyişikliklər edildi.
İclasda millət vəkilləri “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act - FATCA) tələblərinin həyata keçirilməsi barədə” Sazişi təsdiq etdilər. Qeyd olundu ki, bu sənədin təsdiqi vergi mədəniyyətinin yüksəlməsinə xidmət edir.
Deputatlar Azərbaycan Hökuməti ilə San Marino Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında, həmçinin gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sənədləri də təsdiq etdilər.
İclasda “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara təklif olunan dəyişikliklər barədə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Komitə sədri bildirdi ki, dəyişikliklər hakimlərin təyinatı prosesi ilə əlaqədardır. Belə ki, hakimlərin təyinatı zamanı Məhkəmə-Hüquq Şurasının təqdimatı nəzərə alınacaq. Hər iki dəyişiklik təsdiqləndikdən sonra Cinayət-Prosessual və Cinayət məcəllələrinə, həmçinin “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Kütləvi informasiya vasitələri haqqında” qanunlara da dəyişikliklər edildi. Bildirildi ki, bu dəyişikliklər barəsində tutulma tətbiq edilən şəxslərin hüquqlarının qorunmasını özündə ehtiva edir.
Millət vəkilləri “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Avtomobil nəqliyyatı haqqında” qanunlara, həmçinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər etdilər. Bildirildi ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən bankın nizamnamə kapitalı 10 milyondan 500 milyona qaldırılır. Həmçinin bir sıra rayonlarda kəndlərin adları dəyişdirildiyinə görə, bələdiyyələrin siyahısında da onların adları dəyişdirilir.
Sonra deputatlar Bakı və Gəncə apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsinə də razılıq verdilər. Cəfərov Namiq Şamil oğlu, Hacıyev Sənan Firudin oğlu, Hüseynov Abiddin Qabil oğlu Bakı Apellyasiya Məhkəməsinin, Bayramov Azər Vahid oğlu isə Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edildilər.
İclasda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi də müzakirə edildi. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərilən sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi səsə qoyularaq təsdiq edildi. Bildirildi ki, qanuna əsasən Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılır. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Bu Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir. Qeyd olundu ki, qanun layihəsi Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti