MİLLİ MƏCLİSDƏ DƏYİRMİ MASA
Noyabrın 18-də Milli Məclisdə uşaqların zorakılıqdan müdafiəsinə həsr olunmuş dəyirmi masa keçirildi. Avropa Şurasının layihəsi çərçivəsində Azərbaycan parlamentinin təşkil etdiyi tədbirdə deputatlar, əlaqədar dövlət qurumlarının və QHT-lərin təmsilçiləri, KİV nümayəndələri iştirak edirdilər.
Tədbirin moderatoru deputat Sevinc Fətəliyeva dəyirmi masanı açaraq bugünkü narahat dünyamızda uşaqların zorakılıqdan müdafiəsinin vacibliyindən danışdı. Dünyada gedən müharibə və münaqişələrin uşaq talelərinə ağır təsirini, bu şəraitdə onların hüquqlarının müdafiəsinin daha da çətinləşdiyini qeyd etdi. Bildirdi ki, Avropa Şurası Nazirlər Komitəsinin təsis etdiyi 18 noyabr – Uşaqların cinsi zorakılıqdan və cinsi istismardan müdafiəsi Günü quruma üzv ölkələrdə və Azərbaycanda bu gün ilk dəfə qeyd olunur. Hazırkı tədbirdə həm uşaqlara qarşı zorakılıqla mübarizədən, həm də uşaq hüquqlarının müdafiəsindən bəhs ediləcək.
Dəyirmi masada daha bir əlamətdar tarix – 20 noyabr BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın qəbul edilməsi günü də xatırlandı. Qeyd olundu ki, 1989-cu ildən bəri beynəlxalq miqyasda bu sahədə münasibətləri tənzimləyən həmin konvensiyaya ölkəmiz də qoşulub. Azərbaycan Konstitusiyasında uşaq hüquqları təsbit olunub, ölkə qanunvericiliyində uşaq hüquqlarının müdafiəsinə xidmət edən güclü baza yaradılıb. Müvafiq qanunlar, normativ aktlar, qərarlar, dövlət proqramları və tədbirlər planları qəbul edilib. Ölkəmizdə dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Lakin təbii ki, uşaqlara qarşı zorakılıqla bağlı qarşılaşdığımız problemlər də var.
Sonra Milli Məclisin komitə sədrləri Hadi Rəcəbli və Səməd Seyidov çıxış edərək uşaq hüquqlarının qorunması və onların zorakılıqdan müdafiə olunması sahəsində ölkəmizdə görülən işlərdən, qazanılmış nailiyyətlərdən və yaradılmış hüquqi bazadan söhbət açdılar.
Tədbirdə iştirak edən Avropa Şurası Bakı ofisinin rəhbəri Draqana Filipoviç uşaqlara qarşı zorakılığın və cinsi istismarın aradan qaldırılması, həmçinin miqrasiyaya məruz qalan uşaqların hüquqlarının pozulmasının qarşısının alınması vacibliyindən danışdı. Uşaq hüquqları ilə əlaqədar Avropa Şurasının layihələrini dəstəkləyən Milli Məclisin rəhbərliyinə və bu sahədə səmərəli iş aparan deputat Sevinc Fətəliyevaya təşəkkürünü bildirdi.
Dəyirmi masada iştirak edən hökumət nümayəndələrindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Daxili İşlər Nazirliyinin idarə rəisi Adıgözəl Adıgözəlov, QHT rəhbərlərindən Gülarə Teymurova, deputatlardan Rauf Əliyev və İlham Məmmədov müzakirələrdə fikirlərini bildirdilər. Çıxışlarda bir sıra mühüm məqamlara toxunuldu, vacib məsələlər önə çəkildi, təkliflər irəli sürüldü.
Milli Məclisin
Mətbuat xidməti