MİLLİ MƏCLİSİN İCLASINDA
Dekabrın 1-də Milli Məclisin beşinci çağırış yeni tərkibdə növbəti iclası keçirildi. İclası açan parlament Sədri Oqtay Əsədov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş islahatlar, ölkəmizin demokratik inkişafı parlament seçkilərinin də azad və ədalətli keçirilməsi üçün lazımi şərait yaratmışdır. Bu demokratik və şəffaf seçkilərin nəticəsi olaraq ölkəmizin beşinci çağırış Milli Məclisi uğurla formalaşmışdır. Seçkiləri müşahidə edən çoxsaylı müşahidəçilər seçkilərin azad keçirildiyini vurğulamış, nəticələri yüksək dəyərləndirmişlər. Oqtay Əsədov deputatlar adından parlament seçkilərinin yüksək səviyyədə keçirilməsinə görə Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə, üzvlərinə və MSK aparatının əməkdaşlarına dərin minnətdarlığını bildirdi. Spiker 2005-ci ildən deputat vəsiqələrinin ilk dəfə olaraq Milli Məclisdə deputatlara təqdim olunduğunu xatırlatdı və bu ənənənin davam etdirildiyini qeyd etdi.
İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ölkəmizdə noyabrın 1-də keçirilən Milli Məclisə seçkilərdə mandat qazanan millət vəkillərini təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. O, demokratik, azad və şəffaf seçkilərin hər bir ölkədə cəmiyyətin güzgüsü olduğunu qeyd etdi. Azərbaycanın bütün coğrafiyasını əhatə edən parlament seçkilərində yerli və beynəlxalq müşahidəçilərin, kütləvi informasiya vasitələri nümayəndələrinin fəaliyyətini yüksək dəyərləndirdi, onlar üçün bütün lazımi şəraitin yaradıldığını vurğuladı. Məzahir Pənahov seçkilərdə beynəlxalq seçki standartlarına uyğun tələb və normaların tam olaraq yerinə yetirilməsinin ölkə rəhbərliyinin siyasi iradəsinin bariz nümunəsi olduğunu diqqətə çatdırdı. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə etdi, beşinci çağırış Milli Məclisin Azərbaycan xalqına layiqincə xidmət edəcəyinə əminliyini bildirdi.
Sonra Məzahir Pənahov Milli Məclisin Sədri Oqtay Əsədova, Sədrin birinci müavini Ziyafət Əsgərova, müavinlər Bahar Muradovaya, Valeh Ələsgərova və digər millət vəkillərinə deputat vəsiqələrini təqdim etdi.
Vəsiqələrin təqdimatından sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. İclasda Milli Məclisin İntizam komissiyası təşkil olundu. Komissiyanın tərkibi deputatlar – Ağacan Abiyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadədən ibarət olaraq formalaşdırıldı. Yeni tərkibdə komissiyanın təşkili millət vəkilləri tərəfindən etirazsız qarşılandı.
Sonra İsa Həbibbəylinin Elm və təhsil komitəsinin sədri seçilməsi ilə əlaqədar onun Milli Məclisin Hesablayıcı Komissiyasının tərkibindən çıxarılması və Fəttah Heydərovun Hesablayıcı Komissiyanın üzvü seçilməsi məsələsinə baxıldı. Bu qərar da yekdilliklə qəbul edildi.
İclasda daha sonra “Milli Məclis komitələrinin sədr müavinlərinin seçilməsi haqqında” qərar layihəsi müzakirə olundu. Səsvermə yolu ilə Rövşən Rzayev Hüquq siyasəti və dövlət quruculuğu, Aydın Mirzəzadə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Ağalar Vəliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq, Kamran Nəbizadə Təbii ehtiyatlar, energetika və ekologiya, Eldar Quliyev Aqrar siyasət, Rauf Əliyev Əmək və sosial siyasət, Fəttah Heydərov Regional məsələlər, Bəxtiyar Əliyev Elm və təhsil, Jalə Əliyeva Mədəniyyət, Yevda Abramov İnsan hüquqları, Sevinc Fətəliyeva Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Musa Quliyev Səhiyyə, Sahibə Qafarova Ailə, qadın və uşaq məsələləri, Xanlar Fətiyev İctimai birliklər və dini qurumlar, Ülvi Quliyev isə Gənclər və idman komitələrinin sədr müavinləri seçildilər.
Sonra iclasda Milli Məclisin komitələrinin və Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi formalaşdırıldı və bu barədə qərar qəbul olundu.
Bununla da Milli Məclisin bugünkü iclası öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti