MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASİNDA

Dekabrın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirildi.
Əvvəlcə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov yeni hazırlanan “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsinin yaranma zərurəti barədə ətraflı danışdı. Bildirildi ki, dünyada və Azərbaycan daxilində baş verən hadisələr dini ekstremizmlə bağlı məsələlərə xüsusi yanaşma tələb edir. Son vaxtlar müxtəlif adlar altında ölkələrə zərərli ideyalar ixrac olunur, öz təxribatçı ideyalarına din donu geyindirən hərəkatlar sürətlə artır. Komitə sədri məhz bu səbəbdən belə şəxslərə qarşı cəzaların sərtləşdirilməli olduğunu vurğuladı. Qeyd olundu ki, hər iki komitənin birgə hazırladığı sənəd 3 fəsil 15 maddədən ibarətdir. Yeni qanun layihəsi ölkədə dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edəcək, bu mübarizəni həyata keçirən orqan və vətəndaşların hüquq və vəzifələrini tənzimləyəcək.
Layihəyə əsasən, dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanun layihəsinə edilən dəyişikliklərlə bağlı məlumat verən Milli Məclis Aparatının əməkdaşı Sarvan Sadıqov bildirdi ki, sənəddəki yeniliklər ölkə vətəndaşları tərəfindən yol verilə bilən terror fəaliyyətinə, Konstitusiya quruluşu əleyhinə hərəkətlərə, habelə dini ekstremist fəaliyyətə qarşı mübarizənin gücləndirilməsi ilə bağlıdır. Bununla əlaqədar qanuna iki yeni maddə əlavə edilmişdir.
Sonra iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkədə dini ekstremizm meyllərinin qarşısının alınması məqsədi ilə “Polis haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə bağlı danışdı. Qeyd olundu ki, bu sənədlərdəki dəyişikliklər ümumi orta təhsildə şagirdlərin dərsə davamiyyətini təmin etmək, onların təhsil müddətində digər fəaliyyətlərə cəlb edilmələrinin qarşısını almaq məqsədi ilə edilib.
Komitələrin birgə iclasında Cinayət Məcəlləsində aparılan dəyişiklik də müzakirə edildi. Qeyd olundu ki, əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılarsa həmin şəxslər 1 ildən 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Sonra “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklə bağlı məlumat verildi. Azərbaycanda bundan sonra ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağan olunur. Qanuna bununla bağlı yeni maddə əlavə edildiyi vurğulandı. Yeni əlavəyə görə, dini bayraqlar yalnız ibadətgahlar, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər. İslam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil alan vətəndaşların belə mərasimləri aparması qadağan edilir. Bununla əlaqədar Cinayət Məcəlləsinə 168-1 maddəsi əlavə edildiyi bildirildi. Düzəlişdə əsasən, bu tələb pozularsa həmin şəxsə 1000 manatdan 5 000 manata qədər cərimə və ya 1 il azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
İclasda iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Simran Həsənov çıxış edərək ölkədə vüsət almağa başlayan dini radikalizmlə mübarizə, bu sahədə aparılan işlər barədə danışdılar.
Sonda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin on illiyi (2005-2015) yubiley medalının təsis edilməsi ilə əlaqədar “Orden və medalların təsis edilməsi haqqında” qanuna edilən dəyişiklikləri diqqətə çatdırdı. Bildirildi ki, fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, mülki müdafiə işinin təşkilində, ərazilərin fövqəladə hallardan qorunmasında, belə halların aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fərqlənən insanlar bu medalla təltif olunacaqlar.
Ətraflı müzakirələrdən sonra sənədlərin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti