TƏBİİ EHTİYATLAR, ENERGETİKA VƏ EKOLOGİYA KOMİTƏSİNDƏ

Komitə iclasları
04 dekabr 2015 | 12:12   
Paylaşın:        

Dekabrın 4-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirildi. İclası açan parlament Sədrinin müavini, komitə sədri Valeh Ələsgərov V çağırış Milli Məclisə və komitəyə üzv  seçilmələri münasibəti ilə deputatları təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Valeh Ələsgərov gündəliyi təqdim edərək qeyd etdi ki, iclasda  “Yerin təki haqqında” və “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihələrə baxılacaq. O, hər iki sənədin qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə  daxil olduğunu söylədi.
Sonra komitə sədri qanun layihələri barədə məlumat verdi. Bildirildi ki, “Yerin təki haqqında” qanunun “Yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblər” adlı 21-ci maddəsinin 15-ci hissəsində “əhəmiyyətli” sözü çıxarılıb və “balıq” sözü “balıqçılıq” ilə əvəz edilib. Yeni redaksiyada müddəa belə səslənir: “balıqçılıq su obyektlərində faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat, partlayış, qazma, dibdərinləşdirmə işlərinin aparılması, yeraltı qurğuların tikintisi layihələrinin qanunvericilikdə müəyyən edilmiş qaydada balıqçılıq təsərrüfatı ekspertizasından məcburi keçirilməsi”. Bu düzəliş  “Su Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncamın müvafiq bəndinin icrası məqsədi ilə olunub.
“Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, “hidrotexniki qurğu” anlayışının izahatında “limanlar” sözü “su mühiti ilə qarşılıqlı təsirdə olan dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dayanması üçün nəzərdə tutulmuş mühəndis texniki qurğular” ifadəsi ilə əvəz edilir. Düzəliş “Dəniz limanları haqqında” qanunun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərmanın icrasını təmin etmək üçün edilib.
İclasda deputatlar Mirkazım Kazımov, Muxtar Babayev çıxış etdilər, qanun layihələrinin əhəmiyyəti barədə fikirlərini açıqladılar.
Komitə üzvləri hər iki sənədi Milli Məclisin plenar iclasına tövsiyə etdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU