AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
04 dekabr 2015 | 03:12   
Paylaşın:        

Dekabrın 4-də  Milli Məclisin Aqrar  siyasət  komitəsinin  yeni  tərkibdə ilk iclası keçirildi. Komitə  sədri  Eldar  İbrahimov komitə  üzvlərini  noyabrın 1-də  keçirilən parlament seçkilərində qazandıqları qələbə münasibəti ilə  təbrik etdi, qarşıdakı beşillik fəaliyyətlərində onlara  uğurlar  arzuladı.
  İclasda  əvvəlcə “Kənd  təsərrüfatının  kooperasiyası  haqqında”  qanun layihəsi  müzakirə  edildi. Eldar  İbrahimov  qeyd  etdi ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü  qaydasinda  parlamentə  daxil olub. Bildirildi ki, Prezident tərəfindən  son illərdə  kənd  təsərrüfatı  sahəsi ilə bağlı imzalanan  fərman  və  sərəncamlar, bu sahədə əmək məhsuldarlığının, bitkiçilik  və heyvandarlığın  inkişafına xidmət  edən  dövlət  proqramlarının qəbulu   qanunun məqsəd və vəzifələri ilə üst-üstə düşür. Sənəd kənd  təsərrüfatında kooperasiya hərəkatını gücləndirməyi, kooperativlərin yaranması və fəaliyyətinə  aid  münasibətləri  tənzimləyəcək. Bunun  üçün ölkəmizdə  kifayət  qədər   geniş imkanlar  var.
Layihə ilə bağlı  fikirlərini  bildirən millət  vəkilləri  Eldar  Quliyev, Tahir  Süleymanov, Hüseynbala Mirələmov, Novruzəli  Aslanov, kənd  təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov  qanun  layihəsinin əhəmiyyətindən danışdılar, sənədin tətbiq dairəsi, kooperativlərin yaradılması, əmlakı,  mənfəəti,  pay fondu, əmlak məsuliyyəti  barədə   təkliflərini  bildirdilər.
“Torpaqların   dövlət  ehtiyacları  üçün  alınması haqqında”  qanunda  dəyişiklik  edilməsi  barədə  sənədlə  bağlı verilən şərhdə  qeyd  olunurdu ki, bu “Dəniz limanları  haqqında” qanunda və ölkə Prezidentinin  2006-cı il 20  aprel  tarixli  Fərmanı ilə  təsdiq  edilmiş “Azərbaycan Dövlət  Dəniz  Administrasiyası  haqqında”  Əsasnamədə  dəyişikliklər  edilməsi barədə  sənədlərin  icrasını  təmin  etmək  məqsədilə  aparılıb.
İclasda  Torpaq  Məcəlləsinə  və İnzibati  Xətalar Məcəlləsinə  edilən  dəyişikliklərlə  bağlı məlumat  verən Milli Məclis  Aparatının əməkdaşı Vilayət  Əlizadə  bildirdi ki,  hər iki sənədin hazırlanması Xəzər  dənizinin  Azərbaycana  mənsub olan  bölməsində  dövlət  sərhəddinin mühafizəsini daha  səmərəli  həyata  keçirmək  məqsədi daşıyır.
Sonra  komitədə “Tütün və tütün məhsulları  haqqında”, “Üzümçülük  və şərabçılıq  haqqında”, “Pambıqçılıq  haqqında”  sənədlərdə  edilən  dəyişikliklərə  bağlı məlumat  verildi. Qeyd  olundu ki, bu  sənədlərə  edilən  əlavə  və  dəyişikliklər  2015-ci ilin 28 aprel  tarixində  İnzibati  Xətalar Məcəlləsinə   edilən  dəyişikliklərin  tətbiqi ilə bağlıdır. Sənədə  görə genetik modifikasiya  olunmuş bitkilərin, gen mühəndisliyi metodları və ya biotexnoloji  üsullarla  əldə olunan kənd  təsərrüfatı  bitkilərinin bilərəkdən  ölkəmizə  idxal  edilməsinə  və satışına  görə  məsuliyyət  müəyyən  edilmişdir.
İclasın  sonunda Torpaq  Məcəlləsinə  edilən  dəyişikliklərə  baxıldı. Bildirildi ki, sənəd  Məcəlləni  təkmilləşdirmək məqsədi ilə işlənib. Sənədin  50-ci  maddəsinin aşağıdakı  redaksiyada  təklif  olunduğu  bildirildi: “Torpaqdan  istifadə  qısamüddətli  və  uzunmüddətli olur. Qısamüddətli  istifadə on beş ilədək  müəyyən oluna bilər,  uzunmüddətli  istifadə  isə  xüsusi  mülkiyyət  olan  torpaqlar  üçün 99 il,  dövlət  və bələdiyyə  mülkiyyətində  olan  torpaqlar  üçün isə  on beş ildən 49 ilədək  müəyyən oluna  bilər.”
Sonda  müzakirə  edilən bütün  sənədlər  Milli Məclisin plenar  iclasına  tövsiyə  edildi.

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU