MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
04 dekabr 2015 | 04:12   
Paylaşın:        
Dekabrın 4-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirildi. İclası Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov aparırdı. 
İclasda ilk olaraq “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. İctimai birliklər və dini qurumlar Komitəsinin sədri Siyavuş Novruzov layihə barədə məlumat verərək bildirdi ki, bu qanun ölkəmizdə dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edəcək, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini təsbit edəcəkdir. Müzakirələr zamanı çıxış edən deputatlar qanun layihəsinin mühüm əhəmiyyət kəsb etdiyini və dinimizə sahib çıxmaq, onu qorumaq məqsədi daşıdığını diqqətə çatdırdılar. 
Çıxış edən Milli Məclis Sədrinin  müavini Bahar Muradova bildirdi ki, biz bu qanunun aspektlərinə təkcə Azərbaycandakı  duruma görə münasibət bildirməli deyilik və bu islam ekstremizmi  haqqında qanun deyil, dini ekstremizm haqqındadır. Mən hesab edirəm ki, biz  ekstremizmin bəlkə də nə vaxtsa bütün formalarını nəzərdə tutan qanun layihəsini burada müzakirəyə çıxaracağıq. Çünki ekstremizmin həm dünyada, həm də Azərbaycanda başqa formaları bəzi hallarda üzə çıxır və çıxmaqdadır. Deputat həmkarlarımızdan xahiş edirəm ki, bu qanun layihəsi barədə danışanda nə bu qanunu konkret olaraq Nardaranda baş verən hadisələrin nəticəsi kimi təqdim etsinlər, nə də fikirlərini əsaslandırarkən yalnız İslam dinində, Azərbaycanda baş verən hadisələri yox, digərlərini də nəzərə alsınlar. Çünki Avropanın mərkəzində ekstremizmə dövlət səviyyəsində dəstək verən dairələr öz fikirlərini əsaslandırarkən İslam fundamentalizmindən misal gətirərək fikirlərini əsasladırırlar. Bununla da İslam dinini gözdən salmağa nail olurlar. 
Bahar Muradova qeyd etdi ki, həyatımızı həm dini, həm milli dəyərlərə, həm də qanunlarımıza uyğun qurmalıyıq. Hazırda təqdim olunan qanun da belə çaşqınlıq vəziyyətində olan insanlara dəstək vermək, onların ekstremizmə yuvarlanmasının qarşısını almaq üçündür.
Sonra çıxış edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, Azərbaycanda 2004-cü ildə “Milli təhlükəsizlik haqqında” Qanun layihəsi, 2007-ci ildə isə Milli Təhlükəsizlik Konsepsiyası qəbul edilib. Hər iki sənəddə götərilir ki, dini ekstremizm ölkənin təhlükə mənbəyidir. Əgər bu gün hansısa bir mütəşəkkil dəstə əlinə silah alıb Azərbaycanın dövlət quruluşuna qarşı çıxırsa, bu, ən böyük cinayətdir və ən ağır formada cəzalandırılmalıdır.  Konstitusiyada aydın yazılıb ki, din dövlətdən ayrıdır. Məsciddə siyasətlə məşğul olmaq olmaz. Yaxud qara bayraqlar asırlar, bunu imamların adı ilə bağlayırlar. Bir əsr əvvəl M.Ə.Sabir, M.F.Axundov və başqaları dini xurafata qarşı mübarizə aparıblar, biz də bu gün mübarizə aparırıq. Azərbaycan dövləti 1990-cı illərin dövləti deyil ki, kim istəsə, bir bayraq qaldırsın. Məscidlərdə bir bayraq - Azərbaycanın dövlət bayrağı taxılmalıdır. Bu dövlət Heydər Əliyevin əmanətidir. Əmanətə xəyanət edən cəzalandırılmalıdır. 
 Daha sonra qanun layihəsinin vacibliyi nəzərə alınaraq sənəd bir oxunuşda  səsə qoyularaq qəbul edildi. (Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq bu halda qanun layihəsi hər üç oxunuşda qəbul edilmiş sayılır.)
İclasda Cinayət və İnzibati Xətalar məcəllələrinə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Polis haqqında” qanunlara dəyişikliklər edildi. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirdi ki, bu dəyişikliklər terrorçuluğun və dini ekstremizmin qarşısının alınmasına xidmət edir.
Sonra Əli Hüseynli  məlumat verdi ki, bu il ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi qeyd olunacaqdır. Bununla bağlı “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna  dəyişiklik edilməsi təklif olunur. Deputatlar bu dəyişikliyi də səsə qoyaraq təsdiqlədilər. 
Bununla da Milli Məclisin iclası başa çatdı.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU