İŞÇİ QRUPUN İCLASI KEÇİRİLDİ

Tədbirlər
24 dekabr 2015 | 03:12   
Paylaşın:        

Dekabrın 24-də Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun növbəti iclası keçirildi. Tədbirdə dövlət nümayəndələri, deputatlar, vətəndaş cəmiyyətinin təmsilçiləri və mətbuat işçiləri iştirak edirdilər.
İclası İşçi Qrupun həmsədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov açdı. Bildirdi ki, dövlətimiz insan haqlarına, qanunun aliliyinə və demokratiyanın inkişafına mühüm əhəmiyyət verir. Bu istiqamətdə Azərbaycan cəmiyyəti birləşmək iqtidarındadır və bu məram Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış İşçi Qrupun fəaliyyətində özünü çox gözəl göstərir.
S.Seyidov bir məsələyə də toxundu ki, insan haqlarını alətə çevirmək olmaz. Təəssüf, bəzi beynəlxalq qurumlar bu ali dəyərdən sui-istifadə edərək insan haqları məsələsini ölkələr üzərində təzyiq vasitəsinə çevirirlər. Lakin həmin qurumlar bilməlidirlər ki, indiyədək heç kimin təsiri altında fəaliyyət göstərməyən İşçi Qrup bundan sonra da işini davam etdirəcək və düzgün, obyektiv qərarlar qəbul edəcək.
Tədbirin iştirakçılarına xatırladıldı ki, Avropa Şurasının Baş katibi Torbörn Yaqland bizim İşçi Qrupun axırıncı iclasından sonra buradakı xüsusi nümayəndəsini geri çağırmışdı. Bu yaxınlarda isə bəyan edib ki, yenidən nümayəndə göndərmək istəyir. Onun bu addımı məntiqsiz və   qəribədir.
İclasda İşçi Qrupun üzvü, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev ölkəmizdə insan haqlarının qorunması istiqamətində atılan addımlardan söz açdı. Bildirdi ki, bu İşçi Qrupu Azərbaycanda daxili dialoqu inkişaf etdirmək mexanizmidir, ictimai barışın daha da möhkəmlənməsində və güclənməsində xüsusi vasitədir. Ölkəmizin bütün sahələrdə, o cümlədən, insan hüquqları ilə bağlı məsələlərdə beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu vurğulayan A.Quliyev qeyd etdi ki, təəssüflər olsun, bəzən qarşı tərəfin əməkdaşlığa hazır olmadığını görürük.
İşçi Qrupun üzvü, hüquq müdafiəçisi, deputat Çingiz Qənizadə çıxış etdikdən sonra Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri,  müvafiq qurumların təmsilçiləri fikirlərini açıqladılar. İşçi Qrupda gündəlikdə duran məsələlərlə əlaqədar geniş müzakirə aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU