GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ GƏNCLƏRLƏ GÖRÜŞ

Komitə iclasları
25 dekabr 2015 | 11:12   
Paylaşın:        
Dekabrın 24-də Milli Məclisin Gənclər və idman komitəsində gənclərlə görüş keçirildi. Görüşdə gənclər və idman naziri Azad Rəhimov, deputatlar, gənclər təşkilatlarının rəhbərləri, olimpiya və dünya çempionları,  idman ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
İclası açan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov əvvəlcə doğum günü münasibətilə ölkə başçısı İlham Əliyevə tədbir iştirakçıları adından təbriklərini çatdırdı.  Bildirdi ki, Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil olunan görüşdə Azərbaycanda gənclər və idman siyasətinin inkişaf perspektivləri mövzusunda müzakirələr aparılacaq. 
Fuad Muradov qeyd etdi ki, gənclər siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün dövlət siyasətinin tərkib hissəsidir. Dekabrın 23-də Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı idmançılarla görüşünü xatırladan komitə sədri görüşdə nailiyyətlər haqqında geniş müzakirələr aparıldığını diqqətə çatdırdı.
 Çıxış edən gənclər və idman naziri Azad Rəhimov Milli Məclisə yeni seçilən deputatları təbrik etdi, yeni yaradılmış Gənclər və idman komitəsinin işinə uğurlar arzuladı. Nazir bildirdi ki, ölkəmizdə gənclər və idman sahəsində güclü infrastruktur yaradılıb, paytaxtda və regionlarda 70-dən çox olimpiya kompleksi və gənclər evləri fəaliyyət göstərir. Gənclərin və idmançıların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib və dövlət proqramları qəbul olunub. 
Çıxış edən Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev, deputat Adil Əliyev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Tələbə və Gənclər Təşkilatının sədri Şahin İsmayılov, Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının Baş katibi Aytən Əliyeva, ölkəmizi beynəlxalq yarışlarda yüksək səviyyədə təmsil etmiş idmançılar bildirdilər ki, bu sahədəki bütün uğurların əsasında cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət dayanır. Ölkəmiz bu gün dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bakıda keçirilən ilk Avropa Oyunları ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Daha sonra digər tədbir iştirakçıları və idmançılar çıxış etdilər,  ölkədə aparılan uğurlu gənclər siyasəti barədə fikirlərini bölüşdülər, bu cür görüşlərin əhəmiyyətini qeyd etdilər.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU