MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI SONA ÇATDI
Dekabrın 29-da Milli Məclisin payız sessiyasının son iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq edildi.
Cari məsələlərin müzakirəsi zamanı çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirdi ki, konstitusion hüququndan istifadə edərək “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qərar layihəsi hazırlayıb. Deputat qeyd etdi ki, layihəni ölkəmizə qarşı tətbiq olunan ikili standartlara, ədalətsizliyə görə hazırlayıb. Konqresmen Smit tərəfindən “Azərbaycan demokratiya aktı” qanun layihəsinin ABŞ Konqresinə verilməsinin kökündə erməni lobbisi dayanır. Qərar layihəsinin mahiyyəti ondan ibarətdir ki, erməni lobbisi konqresmen Smitə təsir göstərərək bəyan etmək istəyir ki, Dağlıq Qarabağ erməniləri insan hüquqları pozulan ölkədə yaşaya bilməzlər.
Rövşən Rzayev Milli Məclisin Sədri Oqtay Əsədovdan qərar layihəsinin komitələrdə müzakirə edilməsi üçün icazə istədi. Milli Məclisin Sədri layihəni parlamentin Aparat rəhbəri Səfa Mirzəyevə təqdim etməyi tövsiyə etdi. Eyni zamanda, layihənin müvafiq komitələrdə müzakirə edilməsi barədə tapşırıq verdi.
Sonra deputatlar Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsinə razılıq verdilər. Adil Məhərrəmov Palatanın sədr müavini, Cəfər Həsənov, Vaqif Həsənov və Firsənd Qurbanov isə üzvləri təyin edildilər.
Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihələri ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, hər 3 sənədə eyni dəyişikliklər təklif edilir. Bu, “Dövlət qulluğu haqqında” qanunda edilən dəyişikliklərə uyğunlaşdırmaq məqsədi daşıyır. Təklif olunan dəyişiklikdə göstərilir ki, attestasiya olunan daxili işlər, prokurorluq və gömrük orqanları əməkdaşlarına onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
Bildirildi ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihələrinə də analoji dəyişikliklər nəzərdə tutulur. Sənədlər səsə qoyularaq qəbul edildi.
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verdi. Bildirdi ki, dəyişikliyə əsasən, sənədin 14.3-cü maddəsində “attestasiyanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir” sözləri “attestasiya Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş qaydada və müddətdə həyata keçirilir” sözləri ilə əvəz edilir. Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul edildi.
İclasda, həmçinin “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə və Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri də təsdiqləndi.
Sonra “Dövlət rüsumu haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də və “Polis haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrinə edilən texniki dəyişikliklər təsdiqləndi.
Deputatlar həmçinin İnzibati Xətalar və Mülki məcəllələrə, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2013-cü il 19 aprel tarixli Qanuna da dəyişiklikləri təsdiq etdilər.
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verərək bildirdi ki, qanunun 19-cu maddəsinə edilən dəyişiklik “Televiziya və radio yayımı haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq qəbul edildi.
Sonra deputatlar “Təhsil haqqında” və “Bələdiyyə qulluğu haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələrinə müsbət rəy bildirdilər.
İclasda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında Qanun layihəsi də müzakirə edildi. Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov məlumat verdi. Bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin yeni redaksiyası 40 fəsil, 608 maddədən ibarətdir. Yeni məcəllədə bütün maddələr üzrə müvafiq məsələlər ümumiləşdirilib və konkretləşdirilib.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq təsdiq edildi.
Sonra “Publik hüquqi şəxslər haqqında” Qanun layihəsi həm ikinci, həm də üçüncü oxunuşda, “Lisenziyalar və icazələr haqqında” Qanun layihəsi isə birinci oxunuşda qəbul edildi.
İclasın sonunda Milli Məclis Sədrinin müavini Bahar Muradova Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətini oxudu. Müraciət səsə qoyularaq təsdiq edildi. (Müraciətin mətni mətbuatda dərc olunur.)
İclasa yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni 2016-cı ilin gəlişi münasibətilə deputatlar adından Prezident İlham Əliyevə və xalqımıza təbriklərini çatdırdı. Sədr payız sessiyasını bağlı elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Bununla da Milli Məclisin payız sessiyası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti