MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR İCLASI KEÇİRİLDİ

Tədbirlər
19 yanvar 2016 | 06:01   
Paylaşın:        
Yanvarın 19-da Milli Məclisin növbədənkənar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Milli Məclisin Sədri diqqətə çatdırdı ki, ötən sessiyanın son iclasında mən söyləmişdim ki, cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən iqtisadi sahədə islahatlar hazırlanır. Yanvarın 18-də isə cənab Prezidentin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirildi. Bununla bağlı iqtisadi sahədə islahatları sürətləndirmək və ölkə iqtisadiyyatını daha da inkişaf etdirmək məqsədilə Milli Məclisə iki zərfdə qanun layihələri daxil olmuşdur. 
Sonra Milli Məclisin komitə sədri Ziyad Səmədzadə birinci zərfə daxil olan qanun layihələri barədə məlumat verdi. Bildirdi ki, bizə təqdim edilən zərfə daxil olan qanun layihələri sistemli təhlilin nəticəsidir. Zərfə daxil olan “Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, əvvəllər əmanətin 500 manatadək olan hissəsindən başqa qalan hissədən faizlər tutulurdu. Yeni qanun layihəsinə əsasən isə əmanətlərə görə olan dividendlərdən heç bir faiz tutulmayacaq. Bundan əlavə, Əmanətlərin Sığortalanması Fondunun daha da təkmilləşdirilməsi, bankların fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı maddələr nəzərdə tutulub. Həmçinin MDB məkanında analoqu olmayan “Əmanətlərin tam sığortalanması haqqında” yeni qanun layihəsi də Milli Məclisə təqdim olunub. Bu qanun imkan verəcək ki, insanlar əmanətləri ilə bağlı heç bir narahatlıq hiss etmədən gələcəkdə ondan daha rahat istifadə etsinlər.
Komitə sədri qeyd etdi ki, Vergi Məcəlləsinə nəzərdən tutulan dəyişikliklər isə Azərbaycana investisiya axınının təmin edilməsinə, yeni iqtisadi sahələrin yaradılmasına, real sektorun dəstəklənməsinə yönəldilib. Məcəllənin 102-ci maddəsinə edilən dəyişikliklərə əsasən, fevralın 1-dən etibarən üç il müddətində yerli və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilir.
Ziyad Səmədzadə diqqətə çatdırdı ki, zərfə daxil olan “Valyuta tənzimi haqqında” Qanun layihəsinə təklif edilən dəyişikliklər də Azərbaycanda valyuta məzənnəsinin tənzimlənməsinə xidmət edir.
Dəyişikliklərin çox vacib olduğunu deyən deputatlar qanun layihələrinin ölkəmizin iqtisadi inkişafının təmin olunmasına xidmət edəcəyini bildirdilər. Ölkə Prezidentinin iqtisadi sahədə həyata keçirdiyi islahatları yüksək qiymətləndirən millət vəkilləri bu addımların əhalinin bank sisteminə etimadını daha da artıracağına əminliklərini ifadə etdilər. 
Çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirdi ki,  manatın məzənnəsi ilə bağlı bəzi elektron KİV-lərdə şayiələr yayılır, lakin bunların heç bir əsası yoxdur. Hazırda valyuta bazarında vəziyyət sabitləşib. Dünənki auksionda bizim təklif etdiyimiz valyutanın hamısı alınmadı. Dəvət etdiyimiz 35 bankdan cəmi 28 bank auksionda iştirak etmişdi. Bu onu göstərir ki, artıq bazarda sabitləşmə prosesi gedir. Lakin məzənnə üzməkdə davam edir.
Müzakirələrdən sonra dörd qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli valyuta əməliyyatları zamanı icbari yığımla bağlı inzibati Xətalar Məcəlləsinə təklif olunan əlavəni diqqətə çatdırdı. Əlavədə deyilir ki, ödəniş kartı ilə qanunda nəzərdə tutulan hallarda aparılan valyuta əməliyyatları üzrə icbari yığımın ödənilməməsinə görə hüquqi və fiziki şəxslər ödənilməmiş məbləğin yüz faizi miqdarında cərimə edilir.
Məcəlləyə təklif olunan bu əlavə də deputatlar tərəfindən müsbət qarşılandı və səsə qoyularaq qəbul edildi.
İclasda ikinci zərfə daxil olan “Dövlət satınalmaları haqqında”, “Gömrük tarifi haqqında” qanunlara və Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər də müzakirəyə çıxarıldı. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi.
Bildirildi ki, “Dövlət satınalmaları haqqında” Qanuna təklif olunan dəyişikliklərdə Tender təkliflərinə baxılması, onların qiymətləndirilməsi və müqayisəsi, həmçinin Xidmət təkliflərinin qiymətləndirilməsi və müqayisəsi ilə bağlı maddələrdə bu sahəni günün tələbləri səviyyəsində tənzimləmək məqsədi ilə bir sıra güzəştlər nəzərdə tutulur. 
Digər iki qanuna təklif olunan dəyişikliklərə görə isə ölkə iqtisadiyyatı üzrə prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslər və fərdi sahibkar tərəfindən investisiya təşviqi sənədi aldıqları andan müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular 7 il müddətinə gömrük rüsumundan azad olunacaqlar.
Sonra hər üç sənəd növbə ilə səsə qoyularaq təsdiq edildi. Millət vəkilləri ölkə başçısının rəhbərliyi ilə dövlətimizin yeni bir inkişaf mərhələsinə çıxacağına əminliklərini ifadə etdilər.
Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin növbədənkənar sessiyasını bağlı elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Bununla da Milli Məclisin növbədənkənar iclası başa çatdı.

                                                                                                                                                                                      Milli Məclisin
Mətbuat xidməti               


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU