ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ

Komitə iclasları
27 yanvar 2016 | 04:01   
Paylaşın:        

Yanvarın 27-də Milli Məclisin Elm və təhsil komitəsinin 2016-ci ildə ilk iclası keçirildi. Komitə sədri İsa Həbibbəyli bildirdi ki, bugünkü  iclasda yeni hazırlanan “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq.
Qeyd olundu ki, ötən ilin fevralında “Elm haqqında” qanun layihəsinin parlamentdə birinci oxunuşda müzakirəsindən sonra sənədə əlaqədar qurumlarla birgə baxılıb. Ötən müddətdə ölkədə və beynəlxalq aləmdə baş verən proseslər, elm sahəsindəki yeniliklər nəzərə alınmaqla layihə xeyli təkmilləşdirilib, müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Komitə sədri bildirdi ki, sənədə bir sıra yeni müddəalar, o cümlədən innovasiya, sahibkarlıq fəaliyyəti, multikulturalizm və tolerantlıqla bağlı yeni maddələr əlavə  edilib.
İsa Həbibbəyli onu da  vurğuladı ki, Azərbaycan Milli Elmlər Akademiyasının yeni qurumlar yaratmaq funksiyaları, ekspedisiya təşkili və digər məsələlər də layihədə geniş əksini tapır. Sənəddə dövlətin elmi-texniki fəaliyyət sferasına sərmayə qoyuluşu, o cümlədən xarici sərmayədarların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada güzəştlərin verilməsi təklif olunur. Yəni, qrant hesabına, elmin inkişafı üçün gərəkli, lakin ölkədə istehsal edilməyən zəruri avadanlıqların ölkəyə güzəştli şərtlərlə, yaxud da vergi tətbiq olunmadan gətirilməsi kimi məsələlər nəzərə  alınmışdır. Qanun layihəsindəki yeniliklərdən biri də magistr hazırlığı ilə bağlıdır ki, təhsilin bu pilləsinin iki hissəyə ayrılması təklif edilir. Belə ki, magistr pilləsində peşəkar məqsədlər üçün ixtisas magistrləri, elmi fəaliyyətlə məşğul olmaq üçün isə tədqiqat magistrləri üzrə təhsilin həyata keçirilməsi təklif olunur. Komitə sədri bu məsələnin gələcəkdə gənclərin elm sahəsinə daha çox üz tutması məsələsinin sürətlənməsi və stimullaşmasına yardımçı olacağını söylədi. Eləcə də layihədə dövlət təhlükəsizliyinə dair sahələr istisna olmaqla, elmi fəaliyyətin bəzi sahələrinə qoyulan məhdudiyyətlər çıxarılır.
Çıxış edən millət vəkilləri Bəxtiyar Əliyev, Şəmsəddin Hacıyev, Asim Mollazadə və dəvət olunan digər  mütəxəssislər bildirdilər ki, layihə dövlətin elm sahəsində həyata keçirdiyi siyasətə, ölkədə və dünyada cərəyan edən proseslərə tam cavab verir.
Ətraflı müzakirələrdən sonra sənədin ikinci oxunuşda parlamentdə müzakirəyə çıxarılması məqbul sayıldı.

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU