ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
28 yanvar 2016 | 05:01   
Paylaşın:        

Yanvarın 28-də Milli Məclisin Əmək və sosial siyasət  komitəsinin 2016-cı il yaz sessiyasında ilk iclası keçirildi. İclasda komitənin qarşıdakı sessiya üçün qanunvericilik işləri planı müzakirə  olundu.
Komitə sədri Hadi Rəcəbli bildirdi ki, yaz sessiyasında iki yeni – “Əlillərin hüquqları haqqında” və “Turizm haqqında” qanun layihələrinə baxılacaq.  Qeyd  olundu ki, uzun müddətdir hər iki sənədin  əlaqədar  qurumlarla  və ictimaiyyətlə birlikdə geniş müzakirəsi gedir.  Yaxın günlərdə sənədlər üzərində iş başa çatdırılacaq və parlamentə təqdim ediləcək. Bildirildi ki, “Əlillərin hüquqları haqqında” qanun layihəsi əvvəllər qəbul olunan “Əlilliyin qarşısının alınması haqqında” qanunun yenidən işlənilmiş variantıdır.  Həmin qanunun aktuallığını qismən itirməsi  səbəbindən sənədin yenidən işlənməsi  zərurəti  yaranmışdı.
 Komitə sədri yeni “Qaçqın və məcburi köçkünlərin repatriasiyası haqqında” qanun layihəsi hazırlandığı barədə  də məlumat verdi. Qeyd  olundu ki, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri dönməsini, bu zaman cərəyan edəcək proseslərin tənzimlənməsini nəzərdə tutan layihə  demək olar ki,  hazırdır. Hadi Rəcəbli yaz  sessiyası dövründə  Əmək Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsini nəzərdə tutan  sənədin də  hazırlandığını dedi. Bildirildi ki,  Məcəlləyə  nəzərdə  tutulan  dəyişikliklərlə əlaqədar  dinləmələrin keçirilməsi  planlaşdırılır. Sonra komitə  sədri  qanun yaradıcılığı  subyekti  olaraq yeni təşəbbüslərlə çıxış  etməyin  vacibliyindən, bu sahədə deputatların üzərinə düşən vəzifələrdən danışdı.  Bugünkü reallıqlara əsaslanaraq bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi  zərurətinin yarandığını  vurğuladı.
Çıxış edən millət  vəkilləri  Rauf  Əliyev, Yaqub  Mahmudov, Sevinc  Hüseynova, Elmira  Axundova qanunvericilik işləri planı  ilə bağlı  fikirlərini bildirdilər.
İclasda  iştirak  edən  Azərbaycan Gözdən Əlillər üçün Şahmat və Dama  Federasiyasının  sədri Camal Cabbarov  “Bədən  tərbiyəsi  və idman  haqqında”  qanunda  əlillərin  hüquqları ilə əlaqədar müddəalarda  korlar  üçün  heç bir  güzəştin  nəzərdə  tutulmadığı ilə bağlı iradlarını  bildirdi.  Millət  vəkilləri    onun  verdiyi  təkliflərin  yerində olduğunu, qanun  layihəsində  bu məqamların əksini  tapmasının  vacib olduğunu  vurğuladılar.
Komitə  üzvləri yaz  sessiyasının  qanunvericilik işləri planını   razılıqla  qarşıladılar.

 

Milli Məclisin
Mətbuat  xidməti
 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU