SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA


Komitə sədri dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son günlərdə keçirilən toplantılar, ölkənin sosial-iqtisadi durumu, qarşıya qoyulan vəzifələrin müzakirəsinin əhəmiyyətini vurğuladı. Ölkə başçısının dərman preparatlarının qiymətlərinin tənzimlənməsi, maaşların artırılması, daxildə istehsal olunan məhsullardan geniş istifadə olunması və digər önəmli məsələlərlə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilən tədbirlərdən danışdı. Qeyd edildi ki, deputatlar da öz növbəsində yerlərdə seçicilərlə görüşür, yaranmış problemlərin həlli istiqamətində görülən işlər barədə ictimaiyyətə məlumat verirlər.
Sonra Əhliman Əmiraslanov bildirdi ki, iclasda 2015-ci ilin payız sessiyası ərzində komitədə görülən işlər və 2016-cı ilin yaz sessiyası üçün iş planı müzakirə olunacaq.
Məlumat verildi ki, Milli Məclisin 24 noyabr 2015-ci il tarixli qərarı əsasında yeni yaradılmış Səhiyyə komitəsinin hesabat müddətində 1 iclası keçirilib. İclasda “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə sənəd müzakirə olunub və Milli Məclisin plenar iclasında qəbul edilib. Eyni zamanda, icbari tibbi sığorta, psixoloji yardımla bağlı aktual məsələlərə dair dinləmələrin keçirilməsinin vacibliyi vurğulanıb. Bu dövrdə komitədə vətəndaşlardan daxil olan ərizə və məktublara baxılıb, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti ünvanlara müraciətlər göndərilib.
2016-cı ilin yaz sessiyasında nəzərdə tutulan iş planı barədə açıqlamasında komitə sədri bildirdi ki, əsas vəzifələrdən biri Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin müzakirəsidir. Sessiya müddətində, həmçinin, “Reproduktiv sağlamlıq haqqında” və “Psixoloji yardım haqqında” yeni qanun layihələrinin hazırlanması planlaşdılır.
İclasda çıxış edən komitə üzvləri Musa Quliyev, Məlahət İbrahimqızı, Rəşad Mahmudov, Kamaləddin Qafarov, Rafiq Məmmədhəsənov, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova yeni qanun layihələrinin əhəmiyyəti, habelə səhiyyə sahəsindəki bir sıra aktual məsələlər barədə fikirlərini açıqladılar.
Milli Məclisin
Mətbuat xidməti