REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA

Yanvarın 29-da Milli Məclisin Regional məsələlər komitəsinin 2016-cı ildə ilk iclası keçirildi. Əvvəlcə Arif Rəhimzadə rəhbərlik elədiyi komitənin 2015-ci ilin payız sessiyasında gördüyü işlər barədə hesabat verdi, sonra 2016-cı ilin yaz sessiyası üçün işlər planı layihəsi haqqında danışdı.
Qeyd olundu ki, ötən sessiya müddətində komitənin 4 iclası keçirilib və ümumilikdə 12 məsələ müzakirə edilib, komitənin ünvanına 209 məktub, təklif, ərizə və şikayət daxil olub, bunlar barəsində müvafiq tədbirlər görülüb.
Arif Rəhimzadə qeyd etdi ki, 2016-cı ilin yaz sessiyası ərzində vətəndaşların qəbulu, daxil olan ərizə və şikayətlərə baxılması, qanunlara dəyişikliklər və əlavələr edilməsi, eləcə də, inzibati ərazi bölgülərində qismən dəyişikliklər edilməsi barədə sənədlərin işlənib hazırlanması komitənin qarşısında duran əsas məsələlərdir. O, həmçinin vurğuladı ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra mühüm işlər görüləcək. Ötən ildən bələdiyyələrin vergiləri və ödənişləri nağdsız halda almaq məsələsi qanunvericilikdə öz əksini tapıb. Hazırda bununla bağlı müəyyən tədbirlər görülür. Bildirildi ki, bələdiyyələr tərəfindən qeyri-hərrac yolu ilə mövsümi istifadə üçün torpaqların icarəyə verilməsi məsələsi gündəlikdə yer alıb. Bununla bağlı zəruri addımların atılması müəyyənləşdirilib.
Komitə sədri qeyd etdi ki, bu gün ölkədə çox aktual mövzu olan - qəbristanlıqların istifadəsi ilə əlaqədar qanun layihəsi hazırlanır. Yaxın günlərdə layihənin şəhər, rayon və qəsəbə bələdiyyələrinin müzakirəsinə verilməsi planlaşdırılır ki, onlar da öz təkliflərini versinlər.
Komitənin iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”ında dəyişiklik edilməsi barədə” qanun layihəsi də müzakirə olundu. Qeyd edildi ki, dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Qoşadizə kəndi inzibati ərazi vahidi kimi ləğv olunduğundan “Azərbaycan Respublikası bələdiyyələrinin siyahısı”ndan çıxarılır.
Komitə üzvləri müzakirə edilən məsələlərə müsbət münasibət bildirdilər.
Milli Məclisin
Mətbuat xidməti