MİLLİ MƏCLİSDƏ HESABLAMA PALATASININ HESABATI DİNLƏNİLDİ

Tədbirlər
06 aprel 2012 | 06:04   
Paylaşın:        

 Milli Məclisin aprelin 6-da keçirilmiş iclasında əvvəlcə cari məsələlərə baxıldı. Milli Məclisin Sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibət bildirdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.
Əvvəlcə deputatlar İsa Əli oğlu Nəcəfovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsinə razılıq verdilər. Sonra Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı dinlənildi. 
Hesablama Palatasının sədri Heydər Əsədov məruzə ilə çıxış edərək bildirdi ki,  Hesablama Palatasının 2011-ci ildəki fəaliyyəti barədə hesabat “Hesablama Palatası haqqında” Qanunun və Palatanın Daxili Nizamnaməsinin tələblərinə uyğun hazırlanmışdır. Hesablama Palatasının 2011-ci ildəki fəaliyyəti qeyd edilən normativ hüquqi aktlara, Palatanın müvafiq normativ sənədlərinə və təsdiq olunmuş illik iş planına əsasən həyata keçirilmişdir.
Heydər Əsədov diqqətə çatdırdı ki, 2012-ci il yanvarın 16-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hesabat ilində əldə edilmiş uğurlar xüsusi qeyd olunmuş və vurğulanmışdır ki, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam etmişdir. Eyni zamanda, maliyyə intizamının daha da yüksəldilməsi, büdcə artdıqca məsuliyyətin də artırılması, şəffaflığın tam şəkildə təmin edilməsi, ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin davam etdirilməsi tapşırığı verilmişdir.
Bu tapşırığın keyfiyyətlə yerinə yetirilməsi üçün kənar dövlət maliyyə nəzarətini həyata keçirən orqan kimi Hesablama Palatası kredit sərəncamçılarında maliyyə intizamının daha da gücləndirilməsini, büdcə vəsaitlərindən sui-istifadə edilməsinin və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini özünün prioritet vəzifələri kimi müəyyən etmişdir.
Hesabat ilində Hesablama Palatasının 21 iclası keçirilmiş və bu iclaslarda Palatanın funksional vəzifələrinin icrası ilə bağlı 79 məsələ üzrə müvafiq qərarlar qəbul edilmişdir. Hesabat dövründə 46 audit və 7 analitik təhlil işi keçirilmişdir ki, bu da ötən illə müqayisədə 12,8 faiz çoxdur.
Ötən il ərzində Hesablama Palatasına dövlət təşkilatlarından, müxtəlif yerli və xarici təşkilatlardan 1329 sənəd, o cümlədən dövlət təşkilatlarından 599, xarici təşkilatlardan 329, müxtəlif yerli təşkilatlardan 63, mətbuat orqanlarından 17, dövlət hakimiyyət orqanlarından 25, telefonoqram şəklində 11 sənəd daxil olmuşdur.
Eyni zamanda, dövlət hakimiyyəti orqanlarından 126 qanunvericilik aktı, o cümlədən Prezident Administrasiyasından 4 qanun, 7 fərman və 5 sərəncam, Milli Məclisdən 2 qanun, 2 qərar, Nazirlər Kabinetindən 100 qərar və 6 sərəncam daxil olmuşdur.
Hesabat dövründə Palatanın audit tədbirləri üzrə nəzarət fəaliyyəti 2011-ci il üçün Hesablama Palatasının iş planında nəzərdə tutulmuş müxtəlif fəaliyyət istiqamətlərini əhatə etmişdir.
Hesablama Palatası beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirmiş, bir sıra beynəlxalq maliyyə qurumları ilə əlaqələr yaratmışdır.  
Müzakirələr zamanı deputatlar Hesablama Palatasının hesabatının mükəmməl hazırlandığını vurğuladılar, rəy və təkliflərini bildirdilər.
Sonda hesabat səsə qoyularaq nəzərə alındı.
Sonra iclasda Azərbaycanın Avstraliya İttifaqında səfirliyinin təsis edilməsi barədə qanun layihəsi təsdiq edildi.
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva bildirdi ki, Avstraliya İttifaqında Azərbaycan səfirliyinin açılması ölkəmizin beynəlxalq əlaqələrinin daha da artmasına və genişlənməsinə xidmət edəcəkdir.
Deputatlar “Serbiya Respublikasında E-763 avtomobil magistralının Ljiq-Boljkovci, Boljkovci-Takovo və Takovo-Preljina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında Kredit Sazişi”ni də təsdiq etdilər.
Axşam iclasında “Yol hərəkəti haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləyə də bir sıra dəyişikliklər olundu. Bildirildi ki, bu dəyişikliklər nəqliyyat vasitələrinin istismarı zamanı sürücülərin məsuliyyətini daha da artıracaqdır.
Sonra isə “Mədəniyyət haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edildi.
Layihə barədə məlumat verən Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirdi ki, bu qanun ölkə Konstitusiyasında təsbit olunmuş mədəniyyət hüququnun təmin olunması məqsədilə dövlət mədəniyyət siyasətinin əsas prinsiplərini, dövlət mədəniyyət fəaliyyətinin formalarını və təşkilati, hüquqi və iqtisadi əsaslarını, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərin hüquqlarını və vəzifələrini, həmçinin mədəniyyət işçilərinin statusunu müəyyən edəcək. Bildirildi ki, bu qanun qəbul olunduqdan sonra həm də mədəniyyətin ayrı-ayrı formaları üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayacaq.
Layihənin müzakirəsi zamanı deputatlar qanun layihəsinin konseptual baxımdan əhəmiyyətini xüsusi vurğuladılar və müzakirələrin sonunda onu səsə qoyaraq birinci oxunuşda qəbul etdilər.
Bununla da Milli Məclisin iclası başa çatdı.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU