AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
29 yanvar 2016 | 06:01   
Paylaşın:        

Yanvarın 29-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov yaz sessiyasının başlaması münasibəti ilə deputatları təbrik edərək, diqqətə çatdırdı ki, iclasda 2015-ci il payız sessiyasının yekunlarına dair görülən işlər və 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunacaq.
Eldar İbrahimov bildirdi ki, komitə 2015-ci ilin payız sessiyasında öz fəaliyyətini Milli Məclisin qanunvericilik sahəsində nəzərdə tutulmuş iş planına uyğun şəkildə həyata keçirib. Hesabat dövründə komitənin 3 iclası keçirilib, 21 məsələ, o cümlədən 19 qanun layihəsi müzakirə edilib. Torpaq Məcəlləsində, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də, “Torpaq bazarı haqqında”, “Torpaq islahatı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Pambıqçılıq haqqında”, “Üzümçülük və şərabçılıq haqqında” qanunlarda dəyişikliklərin edilməsi barədə və bir sıra digər sənədlər komitə üzvləri tərəfindən parlamentin plenar iclasına tövsiyə edilib və müzakirələrdən sonra qəbul olunub.
Bu müddət ərzində komitədə vətəndaşların qəbulu keçirilib, onlardan daxil olan ərizə və şikayətlər təhlil edilərək, baxılması üçün müvafiq qurumlara göndərilib.
Bildirildi ki, 2016-cı ilin yas sessiyasında “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq. Sənəd aqrar sahədə məhsuldarlığın artırılması üçün böyük  əhəmiyyətə malikdir. Qeyd edildi ki, bu müddətdə bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə bağlı məsələlərə də baxılacaq.
Eldar İbrahimov Prezidentin son günlər keçirilən toplantılarda söylədiyi fikirlərə münasibət bildirdi.  Dövlət başçısının ölkə iqtisadiyyatı, o cümlədən kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı verdiyi tapşırıqlar barədə danışdı, görüləcək işlərin vacibliyini vurğuladı. Komitə sədri 2015-ci ilin “Kənd təsərrüfatı ili” kimi keçdiyini xatırladaraq, qeyri-neft sektorunun ən prioritet sahəsinin məhz kənd təsərrüfatı olduğunu və gələcəkdə də bu istiqamətdə əməli tədbirlərin uğurla davam etdirilməsini məqsədəuyğun hesab etdi.
Müzakirələrdə çıxış edən komitə üzvləri Eldar Quliyev, Novruzəli Aslanov bildirdilər ki, ölkədə kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı müvafiq qanunvericilik bazası yaradılıb və onun təkmilləşdirilməsi istiqamətində lazımi işlər görülür. Deputatlar dövlət tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə lazımi şəraitin yaradılması, bir sıra güzəştlərin tətbiq edilməsi barədə fikirlərini açıqladılar.
İclasda keçən müddət ərzində komitənin fəaliyyəti məqbul hesab edildi, 2016-cı ilin yaz sessiyasının qanunvericilik işləri planı təsdiq olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU