MİLLİ MƏCLİSİN İCLASINDA
Fevralın 1-də Milli Məclisin 2016-ci il yaz sessiyasında ilk plenar iclası keçirildi. Parlamentin spikeri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra Azərbaycanın Dövlət himni səsləndirildi.
Sonra millət vəkilləri sabiq deputat, görkəmli ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Gündəliyin təsdiqindən sonra müzakirələrə başlanıldı. Əvvəlcə Milli Məclisin İntizam Komissiyasının yenidən təşkil edilməsi haqqında sənədə baxıldı. Deputatlar Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə komissiyanın yeni tərkibinə daxil edildi.
İclasda Milli Məclisin Hesablayıcı Komissiyasının yeni tərkibi formalaşdırıldı. Komissiyanın yeni tərkibi Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelindən ibarət oldu. Hər iki qərar qəbul olundu.
Gündəlikdə duran 3-cü məsələ Milli Məclis komitələrinin yenidən formalaşdırılması barədə qərar layihəsi idi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, dünya təcrübəsində bir komitədə təmsil olunan deputat digər komitələrdə də təmsil olunmaq üçün şəxsi arzusu ilə müraciət edə bilər. Bununla əlaqədar Milli Məclisin Daxili Nizamnaməsində müvafiq dəyişikliklər edilib. Millət vəkillərindən bu cür istəklə müraciət edənlər olduğu üçün komitələrin tərkibinə yenidən baxılıb. Öz müraciətlərinə əsasən Məlahət İbrahimqızı və Tahir Kərimli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Xanlar Fətiyev və Vüsal Hüseynov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Mirzəcan Xəlilov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Fuad Muradov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Cavanşir Paşazadə Aqrar siyasət komitəsinin, Sevinc Hüseynova və Musa Quliyev Əmək və sosial siyasət komitəsinin üzvü oldular. Bundan başqa, Ülviyyə Ağayeva, Sona Əliyeva, Elşad Həsənov və Asim Mollazadə Elm və təhsil komitəsinin, Aqil Abbas, Əflatun Amaşov, Novruzəli Aslanov, Cavanşir Feyziyev, Ziyad Səmədzadə və Mixail Zabelin Mədəniyyət komitəsinin, Bəxtiyar Əliyev, Araz Əlizadə, Sahibə Qafarova, Tahir Mirkişili və Elman Nəsirov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Kamilə Əliyeva, İlham Məmmədov və Sədaqət Vəliyeva Səhiyyə komitəsinin, Ağacan Abıyev, Tahir Rzayev, Astan Şahverdiyev Ailə, qadın və uşaq məsələləri komitəsinin, Rauf Əliyev, Sevinc Fətəliyeva, Mirkazım Kazımov, Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin, Mahir Abbaszadə, Adil Əliyev, Əli Hüseynli, Rövşən Rzayev isə Gənclər və idman komitəsinin tərkibinə daxil edildilər. Qərar layihəsi deputatlar tərəfindən müsbət qəbul olundu.
Sonra Milli Məclisin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələ müzakirə edildi. Millət vəkilləri çıxış edərək sənədlə əlaqədar fikirlərini bildirdilər, təkliflər irəli sürüldü. Sənəd səsvermə yolu ilə təsdiqləndi.
İclasda “Azərbaycan Respublikası Prezidenti və Gürcüstan Prezidentinin Birgə Bəyannaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsi ilə əlaqədar Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verdi. Qeyd olundu ki, sənəd iki qonşu dövlət arasında dostluq, suveren bərabərlik, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsiplərinə söykənib. Uzunmüddətli əməkdaşlığı möhkəmləndirmək naminə hər iki dövlət üçün çox faydalı olacaq. Sənəd səsvermə yolu ilə qəbul edildi.
“Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf və dərinləşməsi haqqında Birgə Bəyannamə”nin təsdiq edilməsi barədə qanun layihəsini də Səməd Seyidov şərh etdi. Sənəd deputatlar tərəfindən qəbul edildi.
“Azərbaycan Respublikası və Çin Xalq Respublikası hökuməti arasında mülki hava nəqliyyatına dair Saziş”in təsdiq edilməsi haqqında qanun layihəsi ilə bağlı məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, sənəd ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək. Sənəd səsə qoyularaq təsdiq edildi.
“Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında” müqavilənin təsdiqi haqqında sənədi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli şərh etdi. O, vurğuladı ki, məsələ kifayət qədər əhəmiyyətlidir. Məhkumların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və insan hüquqlarının daha etibarlı təminatı üçün başqa dövlətin ərazisində həbsə alınan məhkumun öz ölkəsində, öz doğmalarının yaxınında olması, öz ölkəsinə təhvil verilməsi daha əhəmiyyətlidir. Millət vəkilləri layihəni yekdilliklə dəstəklədilər.
Sonra “Birləşmiş Millətlər Təşkilatının Malların beynəlxalq alqı-satqısı üzrə müqavilələrə dair Konvensiyası”na qoşulmaq barədə sənədlə əlaqədar Ziyad Səmədzadə danışdı. O, dedi ki, Azərbaycanın bu Konvensiyaya qoşulması sahibkarlıq subyektləri ilə alqı-satqı münasibətlərini tənzimləyəcək. Sənəd səsə qoyularaq qəbul edildi.
Müzakirəyə təqdim edilən “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə sənəd də səsvermə yolu ilə qəbul edildi.
Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində edilən dəyişiklik turistlərə elektron viza üçün verilən müddətin 10 gündən, 5 iş gününə qədər azaldılması ilə bağlıdır. Bu sənədə də müsbət münasibət bildirildi.
Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında qanunda dəyişiklik edilməsi barədə məlumat verən Əli Hüseynli bildirdi ki, bir neçə il öncə parlamentdə Məcəllənin hazırlanması ilə bağlı yaranan işçi qrupu qanun layihəsini hazırladı. Qrupun tərkibinə hökumət nümayəndələri, tikinti müəssisələrinin rəhbərləri, Almaniyalı ekspertlər də cəlb edilmiş və səmərəli əməkdaşlıq edilmişdir. Birmənalı şəkildə demək olar ki, sənəd tam müasir standartlara uyğun hazırlanıb. Sadəcə Məcəllənin 19-cu maddəsinə uyğun olaraq ərazi planlaşdırılması növlərindən biri olan – müfəssəl planın hazırlanması üçün tələb edilən vaxt azlıq edir. Bütün şəhər və qəsəbə yaşayış müəəsisələrinin müfəssəl planının hazırlanması üçün verilən 3 il vaxt 2016-cı il yanvarın 1-də tamam oldu. Qanun layihəsinə edilən dəyişiklik Müfəssəl planın hazırlanması üçün tələb edilən zamanın daha bir il müddətinə uzadılmasıdır. Əli Hüseynli əlavə bir il ərzində planın başa çatdırılacağına əminliyini bildirdi. Sənəd səsvermə yolu ilə qəbul edildi.
Gündəlikdəki digər 3 məsələnin - “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanun layihələrinə və Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklərin bir-biri ilə üzvi surətdə bağlı olduğu bildirildi. Hər üç qanuna təklif edilən dəyişiklik polis əməkdaşlarının qanunsuz olaraq, şəxsin razılığı olmadan onun yaşayış yerinə, müvəqqəti qalma yerlərinə daxil olmasının qarşısını almaq məqsədi daşıyır. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Sonda millət vəkilləri İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında sənədi müzakirə etdilər. Bildirildi ki, sənədə edilən dəyişiklik “Ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması haqqında” ölkə Prezidentinin 18 mart 2015-ci il 1114 nömrəli sərəncamının icrası məqsədi ilə edilir. Bu sərəncam yolların qorunması ilə bağlı iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi ilə bağlıdır. Qeyd edildi ki, bu vaxta qədər qanunvericilikdə inzibati xəta hadisəsinin foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi zaman inzibati icraatın aparılması mövcud olmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 429-3 maddəsinə müvafiq dəyişikliklər aparılır. Sənəd səsvermə yolu ilə qəbul edildi.
Bununla da Milli Məclisin bugünkü iclası öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti