İQTİSADİ SİYASƏT, SƏNAYE və SAHİBKARLIQ KOMİTƏSİNDƏ

Komitə iclasları
09 fevral 2016 | 03:02   
Paylaşın:        

Fevralın 9-da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində iki mühüm qanun layihəsinə baxıldı. 
Komitənin sədri Ziyad Səmədzadə öncə qeyd etdi ki, Azərbaycan Prezidentinin tapşırıqlarına müvafiq olaraq Milli Məclisin üzvləri yerlərdə keçirilən görüşlərdə fəal iştirak edir və yeni mərhələnin hədəflərinin müəyyənləşdirilməsi, iqtisadiyyatımızın neftdən asılılığının aradan qaldırılması və yerli istehsalın, sahibkarlığın inkişaf etdirilməsi üçün səmərəli təkliflər verirlər. İclasın gündəliyindəki qanun layihələri də mövcud iqtisadi durumda ölkəmizdə sahibkarlığın inkişafına kömək məqsədi daşıyır.
Sonra iqtisadiyyat nazirinin müavini Sahil Babayev “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi barədə ətraflı məlumat verdi. Bildirildi ki, bu qanun ölkəmizdə istehsalçıların iqtisadi maraqlarının müdafiəsi məqsədilə hazırlanıb, yerli istehsal sahəsinə zərər vuran və ya belə bir təhlükə yaradan dempinqli, yaxud subsidiyalaşdırılan idxala qarşı həyata keçiriləcək tədbirləri tənzimləyəcək. Həmçinin yerli istehsal sahəsinə ciddi zərər vuran və ya ciddi zərər vurma təhlükəsi yaradan artmış idxala qarşı həyata keçirilən tədbirlər, o cümlədən antidempinq, kompensasiya və xüsusi rüsumların formalaşdırılması və tətbiqi qaydaları bu qanunla tənzimlənəcək. Sahil Babayev yerli istehsalın rəqabət qabiliyyətinin artırılması üçün kompleks tədbirlərin vacibliyinə də toxundu.
Komitədə ikinci oxunuşda müzakirəyə çıxarılmış “Lisenziyalaşdırma və icazələrin verilməsi haqqında” qanun layihəsini deputat Tahir Mirkişili təqdim etdi. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanda hüquqi və fiziki şəxslər tərəfindən ayrı-ayrı fəaliyyət növlərinin və tədbirlərin həyata keçirilməsi üçün xüsusi razılıq və icazə verilməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən bu qanun layihəsinə əsasən lisenziyaların azaldılmasının mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Müzakirələr zamanı deputatlar Vahid Əhmədov, İlham Əliyev, Xanhüseyn Kazımlı qanun layihələrinə dair irad və təkliflərini diqqətə çatdırdılar. Beynəlxalq təcrübəyə istinadən ölkəmizdə antidempinq məsələlərinin, mühafizə tədbirlərinin, eləcə də lisenziyalaşdırmanın tənzimlənməsi vacibliyini önə çəkdilər. Yerli istehsalın inkişafına, həmçinin rəqabət qabiliyyətinin artırılmasına münbit şərait yaradılması üçün qanunvericilik bazasının gücləndirilməsi məqsədəuyğun sayıldı.
Komitə sədri səslənən fikirlərə münasibətini bildirdi. Azərbaycanda sivil, azad bazar münasibətlərinin qurulması üçün hər iki qanunun böyük əhəmiyyət daşıdığını qeyd etdi.
Fikir mübadiləsinin yekununda gündəlikdəki məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU