Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi komitədə müzakirə olundu

Komitə iclasları
09 fevral 2016 | 05:02   
Paylaşın:        

Fevralın 9-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə iclası açaraq diqqətə çatdırdı ki, hər il Milli Məclisin yaz sessiyasının ilk iclaslarının birində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilir. Komitənin bugünkü iclasında 2015-ci il üzrə məruzə təqdim olunacaq.
Sonra Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı geniş məlumat verdi. Bildirildi ki, 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərindən sonra bələdiyyə üzvlərinin, həmçinin sədrlərinin tərkibinin yarıdan çoxunun dəyişilməsi nəzərə alınaraq, onların maarifləndirilməsinə xüsusilə diqqət artırılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Ədliyyə Nazirliyinin Akademiyası ilə birgə bələdiyyə üzvləri və qulluqçuları üçün təşkil olunan kursların davamlılığının təmin olunması və bölgələrdə keçirilən kurslar, təlimlər üçün yeni tədris proqramı hazırlanıb, aktual mövzular üzrə metodik vəsaitlər nəşr edilib. İl ərzində keçirilən seminarlarda bələdiyyə üzvü və qulluqçularının iştirak dairəsi xeyli genişlənib. Bu tədbirlərdəki mövzular əsasən şəffaflığın artırılması, yerli büdcənin formalaşdırılması, əmək qanunvericiliyi, arxiv işinin təşkili, yerli vergi və ödənişlər kimi məsələlərlə bağlı olub.
Qeyd olundu ki, yerli özünüidarəetmənin yaxşılaşdırılması istiqamətində Milli Məclisin qəbul etdiyi qanunlar çox önəmlidir. Bu normativ hüquqi aktlar bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi, kadr işinin səviyyəsinin yüksəldilməsinə  xidmət edir.
Məruzəçi bildirdi ki, bələdiyyələr tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılıb, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məsələlərinə xüsusi önəm verilib. Bələdiyyələrlə bağlı vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki illərə nisbətən az olub. 2015-ci ildə vətəndaşlardan daxil olan 2093 müraciətə baxılıb, qaldırılan məsələlər qısa müddətdə öz həllini tapıb.
Mehdi Səlimzadə 2015-ci ildə yerli özünüidarəetmə sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı səmərəli əməkdaşlıq şəraitində həyata keçirilən tədbirlər barədə məlumat verdi. Bildirildi ki, Türk Dünyası Bələdiyyələr Birliyinin dəstəyi ilə il ərzində Azərbaycan bələdiyyə nümayəndələri təcrübə mübadiləsi məqsədilə Türkiyə bələdiyyələrində olublar. Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının layihəsi çərçivəsində  Azərbaycan nümayəndələri Almaniya bələdiyyələrinin işi ilə yaxından tanış olub, bu ölkədə səmərəli görüşlər keçirib, təlimlərdə iştirak ediblər.
Müzakirələr zamanı çıxış edən millət vəkilləri Tahir Rzayev, Rüstəm Xəlilov, Kamran Bayramov, Fəzail İbrahimli, Malik Həsənov, habelə bir sıra bələdiyyə sədrləri məruzə ilə bağlı fikirlərini açıqladılar. Çıxış edənlər   məruzənin ətraflı, dolğun şəkildə hazırlandığını bildirdilər, bir sıra məsələlərlə bağlı rəy və təkliflərini səsləndirdilər.
İclasa yekun vuran komitə sədri Arif Rəhimzadə bildirdi ki, yarandığı 16 il ərzində bələdiyyələr çox inkişaf etmişlər. Bu müddət ərzində onlara ictimaiyyətin baxışı dəyişib. Bələdiyyələrlə bağlı həyata keçirilən tədbirlər müsbət qiymətləndirilir. Komitə sədri yerli özünüidarəetmə orqanlarında işlə bağlı metodik vasitələrin hazırlanması, maarifləndirmə işinin aparılması,  bələdiyyələrin fəaliyyətinin kütləvi informasiya vasitələrində təbliği üçün daha aktiv olmağın vacibliyini söylədi. O, bu məqsədlə millət vəkillərindən, mütəxəssislərdən və bələdiyyə üzvlərindən ibarət işçi qrupun yaradılmasının əhəmiyyətini vurğuladı.
Tədbirin sonunda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU