MİLLİ MƏCLİSİN İCLASINDA
Dekabrın 13-də Milli Məclisin növbəti iclası keçirildi. Spiker Oqtay Əsədovun sədrliyi ilə iclasda əvvəlcə “Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Saziş müzakirə olundu.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva məlumat verdi ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu artdıqca bir sıra dövlətlər onunla siyasi, diplomatik münasibətləri inkişaf etdirmək istəyirlər. Bu isə bir daha göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan artıq dünyada öz layiqli yerini tutmuşdur. Cari ilin sentyabrında Nyu-Yorkda imzalanmış bu sənəd dediklərimizi bir daha sübut edir. Saziş ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafında, xüsusi, diplomatik və xidməti pasportlara malik insanların qarşılıqlı səfərlərinin intensivləşməsində mühüm rol oynayacaqdır.
Sonra parlamentin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycan Hökuməti və Monteneqro Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında, eləcə də bu ölkə ilə iqtisadi əməkdaşlıq haqqında saziş layihələri barədə məlumat verdi.
Komitə sədri dedi ki, hər iki sənəd ölkələrimiz arasında iqtisadi əlaqələrin, ticarət dövriyyəsinin və sərmayə qoyuluşunun həcminin artmasında xüsusi əhəmiyyət kəsb edəcəkdir.
Müzakirələr zamanı deputatlar hər üç sənədin Azərbaycan xalqının milli maraqlarına xidmət etdiyini vurğuladılar və onları səsə qoyaraq təsdiq etdilər.
İclasda “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”də də dəyişikliklər olundu. Dəyişiklikdə deyilir: “Məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa, həmin şəxsə Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilir”.
Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələr və dəyişikliklər barədə ətraflı məlumat verdi. Həmin dəyişikliklərdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yükün oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə cərimələr nəzərdə tutulur. Qanunun tələblərini pozan vəzifəli şəxslər 1200 manatdan 1500 manatadək, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək miqdarda cərimə ediləcəklər.
İclasda “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunlara, eləcə də İsmayıllı rayonunun, Gəncə şəhərinin Kəpəz rayonunun və Xaçmaz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər olundu.
Daha sonra Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsini müzakirəyə təqdim etdi.
Ziyafət Əsgərov bildirdi ki, qanun layihəsi Konstitusiyanın 94-cü maddəsinin 1-ci hissəsinin 18-ci bəndinə uyğun olaraq Silahlı Qüvvələrə və ölkə qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsinin qaydalarını müəyyənləşdirəcəkdir. Qanun layihəsi hərbi məktəblərdə kursantların statusunun möhkəmləndirilməsi baxımından da əsaslı sənəd olacaqdır.
Qeyd olundu ki, sözügedən layihənin hazırlanmasına iki ilə yaxın vaxt sərf olunmuşdur. 1992-ci ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Hərbi xidmətə çağırışın əsasları haqqında” və “Hərbi xidmət haqqında” qanunlar günün tələblərinə cavab vermir. Ölkəmizin bütün sahələrdə, o cümlədən ordu quruculuğundakı inkişafı isə yeni fundamental qanunun hazırlanması zərurətini yaratmışdır.
Çıxış edən deputatlar ölkəmizin təhlükəsizliyi və inkişafı baxımından layihənin mükəmməl hazırlandığını və onun tezliklə qəbuluna ehtiyac olduğunu diqqətə çatdırdılar.
Müzakirələrin yekununda qanun layihəsi birinci oxunuşda qəbul edildi.
İclasda ikinci oxunuşda “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanun layihəsi də müzakirə edildi.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov layihə üzərində aparılmış iş barədə danışaraq bildirdi ki, parlamentdə birinci oxunuşda müzakirələrdən sonra qanun layihəsinə bəzi dəyişikliklər edilib. 4 fəsil, 26 maddədən ibarət olan sənədə 10 yeni müddəa əlavə edilib, redaktə xarakterli düzəlişlər olunub. Dəyişikliklərə əsasən, sənəddə mədəni bitkilərin genetik ehtiyatlarının vahid Mərkəzi Məlumat Bazasının yaradılması, onlardan səmərəli istifadə üçün dövlət nəzarətinin təşkili və bu sahə üzrə elmi tədqiqatların aparılmasının və mütəxəssislərin hazırlanmasının maliyyələşdirilməsi məsələləri öz əksini tapıb.
İclasda çıxış edən deputatlar qanun layihəsinin mədəni bitkilərin genofondunun qorunmasında vacib rol oynayacağını diqqətə çatdırdılar.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci və üçüncü oxunuşlarda qəbul edildi. Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti