MİLLİ MƏCLİSİN İCLASINDA
Fevralın 12-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə yaz sessiyasının növbəti plenar iclası keçirildi. 7 məsələdən ibarət gündəlik təsdiqləndi.
Öncə iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. 2015-ci il üzrə hesabatı təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verdi ki, ölkə başçısının tapşırıqlarının icrası ilə bağlı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət gücləndirilib, korrupsiya hallarına və digər hüquqpozmalara qarşı mübarizənin səmərəliliyi artırılıb. Nazirlik bələdiyyələr tərəfindən qanunsuz torpaq satışı və torpaq sahələrinin zəbt edilməsi hallarını nəzarətə götürüb. Nəticədə, 2015-ci ildə ayrı-ayrı şəxslərin mülkiyyətinə 47,2 ha, icarəyə və istifadəyə isə 1359 ha torpaq sahəsinin verilməsinə dair bələdiyyə qərarları məhkəmələr tərəfindən ləğv edilib, bununla da cəmi 1406 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. Həmin torpaqlardan 1370 hektarı kənd təsərrüfatı təyinatlıdır.
Bildirildi ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır. Ötən il vətəndaşlardan 2093 müraciət daxil olub ki, onlardan 1845-inə mahiyyəti üzrə baxılıb, 248-i aidiyyəti üzrə orqanlara göndərilib, 127-si təmin edilib. Həmin sənədlər əsasında aşkarlanmış qanun pozuntularının qarşısının alınması məqsədi ilə ayrı-ayrı bələdiyyələrə 295 tövsiyə göndərilib. Beləliklə, il ərzində bələdiyyələrə cəmi 3 min 855 tövsiyə verilib. Səyyar qəbullarda və virtual video qəbulları zamanı vətəndaşların qaldırdıqları bir sıra məsələlər qısa müddətdə müsbət həllini tapıb.
Qeyd olundu ki, hesabat dövründə bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə 330 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. 2014-cü ilin dekabrındakı seçkilərdən sonra yenilənmiş bələdiyyələrin üzvlərini maarifləndirmək məqsədilə 25 tədbir təşkil olunub. Bölgələrdə keçirilən kurslar və təlimlər üçün yeni tədris proqramları hazırlanıb, aktual mövzular üzrə metodik vəsaitlər nəşr edilib. 24 birgə tədris kursunda 940 nəfər bələdiyyə üzvü və qulluqçusu əhatə olunub. Yerli özünüidarə orqanlarında şəffaflığın artırılması, yerli büdcənin formalaşdırılması, vergi və ödənişlərin yığılması, əmək qanunvericiliyi və s. məsələlərlə bağlı keçirilən 84 seminara 5 min 90 nəfər cəlb olunub, o cümlədən Naxçıvan MR-də 931 bələdiyyə üzvünü və qulluqçusunu əhatə edən 17 seminar keçirilib.
Bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılmasında Milli Məclisin qəbul etdiyi qanunların əhəmiyyətini xüsusi vurğulayan Vilayət Zahirov qanunvericiliklə bağlı bəzi təkliflərini də parlamentin diqqətinə çatdırdı.
Sonra iclasda Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə illik məruzəyə dair fikirlərini açıqladı. Müzakirə zamanı deputatlar bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2015-ci ildə xeyli iş gördüyünü qeyd etdilər. İrad və təkliflər diqqətə çatdırıldı. Fikir mübadiləsinə yekun vuran parlamentin Sədri Oqtay Əsədov yerli özünüidarəetmə orqanlarının təşəbbüskar olması vacibliyini vurğuladı. Qeyd etdi ki, bələdiyyələrin öz səlahiyyətlərini tam həcmdə yerinə yetirə bilməsi üçün onlara şərait yaradılmalıdır, bu işdə Milli Məclis və Ədliyyə Nazirliyi dəstəyini gücləndirməlidir.
Səsvermə yolu ilə parlament bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini qəbul etdi.
Milli Məclisdə “Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsi”, həmçinin “Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında” Müqavilə və onun Proqramı təsdiqləndi.
Parlament ciddi müzakirələrdən sonra vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və sürücülərin məsuliyyətinin artırılması məqsədilə “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsinə razılıq verdi. Dəyişikliyə əsasən, avtobusla sərnişindaşıma işinə “D” kateqoriyası üzrə sürücülük vəsiqəsi olan, yaşı 23-dən az və 65-dən çox olmayan, həmçinin avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan şəxslər qəbul ediləcək. Qanun layihəsində sürücülük vəsiqəsi “DE” kateqoriyasına aid olanlar üçün isə yaş həddi 25-dən 65-dək nəzərdə tutulur və bu şəxslərin “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək təcrübəsinin 3 ildən az olmaması tələbi irəli sürülür.
Parlament “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsinə əsasən, Babək rayonunun Qoşadizə kəndinin adının həmin siyahıdan ləğv olunmasına razılıq verdi.
Sonra ikinci oxunuşda müzakirəyə çıxarılmış “Lisenziyalaşdırma və icazələrin verilməsi haqqında” qanun layihəsinə baxıldı. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, ölkə Prezidentinin müvafiq fərmanlarında sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, iqtisadi inkişafda şəffaflığın artırılması, maneələrin aradan qaldırılması əsas məsələ kimi önə çəkilib. Bu qanun layihəsi də həmin məqsədə xidmət edir.
Deputatlara birinci oxunuşdan sonra xeyli təkmilləşdirilmiş sənəd barədə ətraflı məlumat verildi. 5 fəsil, 31 maddədən ibarət qanun layihəsi əsas kimi qəbul olundu və fəsil-fəsil müzakirəyə başlandı. Ümumilikdə qanun layihəsi yüksək dəyərləndirildi. İrad və təkliflər diqqətə çatdırıldı. Vurğulandı ki, mövcud iqtisadi durumda lisenziyaların müddətsiz olması və sayının azaldılması mühüm əhəmiyyət kəsb edir, bu qanun azad sahibkarlığın inkişafında önəmli rol oynayacaq. Qanun layihəsi fəsil-fəsil səsə qoyuldu və bütövlükdə ikinci oxunuşda qəbul edildi.
İclasın yekununda “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi parlamentə təqdim olundu. Nəzərə çatdırıldı ki, sənəd ölkəmizdə istehsalçıların iqtisadi maraqlarının müdafiəsi məqsədilə hazırlanıb. Azərbaycan hazırda 140-dan çox ölkə ilə əməkdaşlıq edir, onların əksərində bu qanun var. Birinci oxunuşda müzakirəyə çıxarılmış bu sənəd yerli istehsal sahəsinə zərər vuran və ya belə bir təhlükə yaradan dempinqli, yaxud subsidiyalaşdırılan idxala qarşı həyata keçiriləcək tədbirləri tənzimləyəcək. Həmçinin yerli istehsal sahəsinə ciddi zərər vuran və ya ciddi zərər vurma təhlükəsi yaradan artmış idxala qarşı həyata keçirilən tədbirlər, o cümlədən antidempinq, kompensasiya və xüsusi rüsumların formalaşdırılması və tətbiqi qaydaları bu qanunla tənzimlənəcək. Qanun layihəsi birinci oxunuşda konseptual baxımdan məqbul sayıldı və qəbul olundu.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti