HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Fevralın 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “İctimai nəzarət haqqında” yeni qanun layihəsinin vətəndaş cəmiyyəti üzvləri ilə birlikdə ictimai müzakirəsi keçirildi.
Yeni qanun layihəsinin əhəmiyyətindən danışan komitə sədri Əli Hüseynli sənədin hazırkı vəziyyətdə tam reallığı əks etdirdiyini söylədi. Bildirildi ki, qanun layihəsinin əsas məqsədi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məsul şəxslərin vəzifə və funksiyalarının müəyyənləşdirilməsi, həmçinin qanunvericilik aktlarının səmərəli şəkildə icra edilməsi, vətəndaşların və hüquqi şəxslərin qanuni maraqlarının qorunması, şəffaflığın və hesabatlılığın təmin olunmasında ictimai nəzarətin həyata keçirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsidir.
Milli Məclisin deputatı, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev qanun layihəsinin 17 maddədən ibarət olduğunu bildirdi. O, qeyd etdi ki, Azərbaycanda ictimai nəzarətin lazımi səviyyədə olmaması bu sənədin hazırlanmasını zəruri edir. Bu səbəbdən QHT-lərə Dövlət Dəstəyi Şurası belə boşluğun aradan qaldırılması və müəyyən mexanizmlərin hazırlanması ilə bağlı təkliflər hazırlayaraq Milli Məclisə təqdim edib. Azay Quliyev vurğuladı ki, yeni qanun layihəsinə əsasən ictimai nəzarətin əsas prinsipləri qanunçuluq, obyektivlik, qərəzsizlik, könüllülük, şəffaflıq, aşkarlıq, hesabatlılıq, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsidir. İctimai nəzarətin əsas mexanizmlərinə monitorinq, müşahidə, ekspertiza və müraciətlərin araşdırılması daxildir. Monitorinq dedikdə mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin fəaliyyətinin ictimai nəzarət subyekti tərəfindən müşahidəsi başa düşülür. Qanun ictimai nəzarətin digər formalarda həyata keçirilməsini məhdudlaşdırmır.
İclasda o da qeyd olundu ki, ictimai nəzarət mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralar vasitəsilə həyata keçiriləcək. İctimai şuralarda QHT-lər, KİV-lər, həmkarlar ittifaqları, məhəllə komitələri və vətəndaş qruplarının nümayəndələri təmsil oluna bilərlər. Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.
Toplantıda millət vəkilləri Fəzail Ağamalı, Çingiz Qənizadə Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Vüsal Əliyev, Tahir Kərimli, QHT rəhbərləri, ictimai təşkilatların nümayəndələri sənədlə bağlı fikirlərini bildirdilər.
Qanun layihəsi ətraflı müzakirə edildi, yeni təkliflər irəli sürüldü.
Milli Məclisin
Mətbuat xidməti